"Azərbaycanın ticarət balansında müsbət saldo yaranıb" - Deputat





"Azərbaycanda qeyri-neft sahəsinin inkişaf etdirilməsi yönündə atılan addımlar, ölkə başçısının tədbirləri öz müsbət nəticəsini verdi”.

Bu barədə "Sherg.az”a iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib. 

O diqqətə çatdırıb ki, 2016-2017-ci illərdə ölkə iqtisadiyyatında artımlara nail olunub:

"Düzdür, 2017-ci ildə iqtisadiyyatda 0,1 faiz artım qeydə alınıb. Lakin bunun obyektiv səbəbləri var. Sərmayə qoyuluşunda müəyyən problemlərin olması, bank sisteminin sağlamlaşdırılması prosesinin sona qədər aparılmaması və s. səbəblər nəticənin mənfi olmasına gətirib çıxardı. 

Bütün bunlara baxmayaraq, son illərdə ümumdaxili məhsulda ciddi artım qeydə alınıb. Bu isə dediyim kimi, qeyri-neft sektorunun çəkisinin artırılmasının göstəricisidir. Azərbaycanın ticarət balansında müsbət saldo yaranıb, idxal azalıb, milli valyutanın məzənnəsində isə stabilləşmə var. Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişaf etməsinə təkan oldu”.

Azərbaycan iqtisadiyyatının inkişaf tempinin saxlanması şərtlərinə də toxunan V.Əhmədovun fikrincə, ən ciddi məsələlərdən biri bank sektorunun sağlamlaşdırılmasıdır:

"Prezident İlham Əliyev də hökumətin 2016-cı il hesabatı zamanı Azərbaycana ən çox ziyan vuran sahə kimi bank sektorunun adını vurğuladı. Bununla tamamilə razıyam. Nə qədər tədbir görülsə də, hazırda bu sistemdə problemlər qalır. 

Bu gün üçün də təkliflərimiz var, tədbirlər planı haqqında ölkə başçısına müraciət etməyi düşünürük. Biz ümumdaxili məhsulun artımını istəyirik və bu səbəbdən bank sahəsini sağlamlaşdırmalıyıq. Bankların həm hüquqi, həm də fiziki şəxslərə kredit ayırmasında problem yaranmamalıdır. Ona görə, Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün hökumətin, dövlətin qarşısında duran ilk problem bank sisteminin sağlamlaşdırılmasıdır”.

Qeyd edək ki, prezident İlham Əliyev mayın 28-i Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışı zamanı da ölkə iqtisadiyyatının inkişafına toxunub. Prezident vurğulayıb ki, son illərdə ölkəmizin iqtisadi müstəqilliyi təmin olunur, iqtisadiyyatımız 3.2 dəfə artıb: "Böyük valyuta ehtiyatları yaranıb. Bunu beynəlxalq reytinqlər də təsdiqləyir”.

Aysel Aslan