"Özəl klinikanın fəaliyyətinə xitam verilirsə, adı dəyişdirilirsə, deməli, yeni vergi ödəyicisi ortaya çıxır. Klinikanın fəaliyyəti dayandırıldıqda, əmək müqavilələri də qüvvədən düşür”.
Bunu "Sherg.az”a Bakıdakı "Grand Hospital” klinikasında yerli həkimlərin kütləvi şəkildə işdən zorla azad edilməsinə münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib.
Onun fikrincə, klinikanın fəaliyyətinə xitam verildikdə, işçilərin taleyi barədə şərtlər əmək müqaviləsində göstərilir:
"Amma təəssüf ki, həkimlər və digər işçilər əmək müqaviləsini oxumadan imzalayırlar. Müqavilədə işdən çıxma şərtləri, işdən çıxarılarkən ödənilməli kompensasiya və s. barədə əmək müqaviləsində bəndlər var.
"Grand Hospital”ın adı "Ege Hospital” olaraq dəyişdirilib. Sahibkarın tələbi ilə həmin klinikada türkiyəli həkimlərin çalışması hansı prosedurlarla həyata keçirilir – bunu deyə bilmərəm. Məsələn, biz gedib Türkiyədə həkim işləyə bilmərik.
Çünki Türkiyədə həkim olmaq üçün müvafiq imtahanlardan keçmək, bunu təsdiqləyən sənəd əldə etmək lazımdır. Amma kənardan gələn həkimlər bizdə rahatlıqla işləyə bilər. Düzdür, türk həkimlər kifayət qədər peşəkardır, amma qanunvericilik təmin edilməlidir. Kim gəldi, Azərbaycanda həkim işləyə bilməz”.
A.Qeybullanın fikrincə, azərbaycanlı həkimlərin yerləşməsinə maksimum diqqət yetirilməlidir:
"Almaniya təcrübəsinə görə, bir vakansiyaya iki namizəd varsa, biri xarici həkim, digəri yerlidirsə, sözsüz ki, yerli həkimə üstünlük verilir. Bizdə də belə olmalıdır. Yerli kadrlara belə münasibət göstərilməsi düzgün deyil. Bir məsələni də qeyd edim ki, özəl sektor olmasa çoxsaylı həkim işsiz qalar”.
Qeyd edək ki, "Grand Hospital”ın 34 məşhur həkimi xəbərdarlıq edilmədən işdən çıxarılıb.
Onların yerinə isə Türkiyədən həkimlər gətirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova isə bildirib ki, işdən çıxarılan həkimlər bu məsələ ilə bağlı nazirliyə müraciət etməyib:
"Həmçinin adıçəkilən tibb müəssisəsi özəldir və bu onların şəxsi məsələsidir. Səhiyyə Nazirliyinin onların daxili işlərinə müdaxilə etməsi düzgün deyil. Əgər onlar tərəfindən hansısa müraciət olunsa araşdırma aparmaq olar”.
Aysel Aslan