"Bağça rəhbərləri mütləq pedaqoji ali təhsilli olmalıdır" - Boşluq



"Məktəbəqədər təhsil müəssisəsi yaradan şəxslər və ya şirkətlər öz adamlarını baxçaların başına gətirib, məhəllə səviyyəsində təhsil müəssisəsi qurmamalıdır”.

Bunu Sherg.az-a məktəbəqədər təhsil müəssisələrinə müddətsiz lisenziya verilməsinə münasibət bildirərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. 

O bildirib ki, artıq qəbul olunan qanunda buna bir qədər meyllilik görünür:

"Məktəbəqədər təhsil müəssisələri ciddi pedaqoji prosesdə iştirak edən müəssisədir. Ona görə həmin müəssisənin başçısı mütləq ali təhsilli olmalıdır. Amma pedaqoji ali təhsilli olmalıdır. Mühəndis də,  həkim də ali təhsillidir. Qanunun "bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər” hissəsinə "pedaqoji ali təhsilli” sözünün əlavə olunmaması qüsurdur”.

Qanuna görə, hər kəsin məktəbəqədər təhsil müəssisəsi yarada biləcəyini qeyd edən Ə. Ağayevin sözlərinə görə belə çıxır ki, Təhsil Nazirliyi özü də yarada bilər:

"Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Amma bu müəssisələrin tabeçiliyi icra hakimiyyətlərindədir. Nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi uşaq bağçalarının maddi-texniki bazasını təkmilləşdirməyə, oradakı tərbiyə işlərinin keyfiyyətinə təsir göstərəcəksə, mən buna etiraz etməzdim. Bununla bağlı Azərbaycan Təhsil Şurası olaraq Milli Məclisə xüsusi təkliflərimizi vermişdik. Məsələn, qanunda var idi, uşaq bağçası xüsusi mülkiyyətçiliklə məşğul ola bilər. Biz bunun əleyhinə çıxdıq ki, bu qətiyyən ola bilməz. Məktəbəqədər təhsil müəssisələrinə qazanc mənbəyi kimi baxılmamalıdır. Prezident Administrasiyası yanında Dəstək Şurasında fikirlərimi bildirdik və 22-dən artıq maddəyə öz etirazımızı yazdıq”.

Qeyd edək ki, Milli Məclisin iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul olunub. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.

Aysel Aslan