Dolların bahalaşması və bunun fonunda manatın dəyərdən düşməsi ölkədə inflyasiyanı artırıb, iqtisadi çətinliklər yaradıb. Bu çətinliklər isə özünü əmək haqlarının azalmasında və qida məhsullarının bahalaşmasında göstərib. Əlbəttə, mövcud durum aztəminatlı ailələrin və təbəqələrin sosail şəraitini daha da ağırlaşdırıb. Artıq çətin şəraitdə təhsil alan bir çox tələbələr də bu problemlərdən şikayətlənir. Onların qayğılarını öz dillərindən eşitmək üçün "bahalaşma tələbələrə necə təsir etdi ?" sualı ilə universitetlərin yataqxanalarında və kirayələrdə yaşayan bir çox tələbə arasında sorğu keçirdik.
Rayonlardan paytaxta oxumaq üçün gələn, ödənişli,ödənişsiz təhsil alan, yataqxanalarda və kirayələrdə qalan tələbələrin hamısı xərclərinin artığını söylədilər.
Məndən savadlı kadr olmazMəsələn, elə Azərbaycan Memarlıq və İnşat Univeristetinin IV kurs tələbəsi Məhəmməd Əhmədov danışır: "
Ödənişli təhsil aldığım üçün universitetə qəbul olan gündən işləməyə başladım. Evimizdə bir tələbə bacım da olduğundan valideynlərimizə yük düşməsini istəmədik. Şəhərdə kirayə haqları əvvəl də yüksək idi, devalvasiyadan sonra od qiymətinə qalxdı. Ona görə də bacım və mən universitetlərimizin yataqxanalarında qalmağa məcbur olduq. Gecə növbəsində, mühafizə işində işləyirəm. Qiymətlərin artması bizə də öz təsirini göstərdi. Aldığımız ərzaq mallarının ciddi artması yeməyimizi azaltmağımıza qədər gətirib çıxardı. Əvvəllər dərslə iş arası evdən kənarda yemək yeməyə məcbur olurduq. İndi isə bütün xərclərimiz artdığından yeməyimizi özümüzlə götürməli oluruq. Gəlin, etiraf edək ki, bu şərtlər daxilində təhsilimizin keyfiyyətindən danışmaq olmaz. Mən əgər gündəlik xərclərimi və təhsil haqqımı ödəmək üçün gecə-gündüz işləməyə məcburamsa, necə savadlı məzun ola bilərəm?
Menyumuzda makaron, kartof və supdur
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III kurs tələbəsi Aytən Alisgəndərova bunları deyib:
" Devalvasiyadan əvvəl 10 manat götürüb, marketə gedəndə lazımı bazarlıq edə bilirdik. İndi isə həmin bazarlığı etmək üçün 30 manat lazım olur. Ona görə də, menyumuzda makaron, kartof və sup üstünlük təşkil edir. Bütün xərclərimizi azaltmışıq. Çox zaman qənaət etmək üçün dərs vaxtı bufetdən və marketlərdən yemək almırıq. Kirayə haqları, ərzaq qiymətləri, kommunal xərclər, geyim və kitablar çətinliklərimizi artırır.
Kaş ərzaq məhsulları üçün də elektron satış saytları olardı
Bakı Dövlət Univeristetinin (BDU) II kurs tələbəsi Əsgərzadə Mehriban deyib ki, ərzaq məhsullarının bahalaşması onu çətin şərtlərlə üz-üzə qoyub: "
Devalvasiyadan əvvəl geyim və başqa şeylər üçün pulumuz olurdu. Əvvəl 2-3 ayda bir dəst paltar ala bilirdiksə, indi bu mümkün deyil. Qiymətlər al yandırdığına görə hər şeyin ən ucuzunu almağa çalışırıq. Alternativ kimi xarici elektron satış saytlarından istifadə etməyə başlamışıq. Çünki orada daha ucuz qiymətə almaq olur. Hərdən adam düşünür ki, kaş ərzaq məhsulları üçün də xarici elektron satış saytları olardı".
Tələbə kimi tələbəlik edə bilmirik
Azərbaycan Texniki Univeristetinin(AZTU) II kurs tələbəsi Elçin Dəyyanovun sözlərinə görə, devalvasiyanən tələbəyə necə təsir göstərdiyini bilmək üçün öncə təqaüdlərimizin bizi təmin etmədiyini deməliyik:
" Çünki qiymətlərin həddindən artıq qalxması qida və geyim ehtiyaclarımıza böyük təsir edir. Bundan başqa qiymətlərin qalxması bizim sosiallaşmağımızın qarşısını alır. Cəmiyyət içərisində öz vəzifələrimizi icra etməmimizə maddi və mənəvi cəhətdən çox təsir edir. Hazırda ən çox əziyyət çəkən rayonlardan gələn tələbələrdir. Dərs kitablarımız var ki, onlar ancaq xaricdən gəlir və dolların bahalaşması kitabların qiymətinə də təsir edir. Qısası, tələbə kimi tələbəlik edə bilmirik . Qiymətlərin qalxması tələbələrin həyat və təhsil səviyyəsinə mənfi təsir edir".
Nəqliayyatda gözlənilən bahlaşma tələbləri də qorxuya salıb Dövlət İdarəçilik Akademiyasının (DİA) IV kurs tələbəsi Emil Həsənli bildirib ki, devalvasiyadan sonra baş verən bahalaşma hər kəsə olduğu kimi tələbələrə də təsirsiz ötüşməyib: " Bizim elə də böyük büdcəmiz olmadığına görə, bu təsir daha çox özünü göstərdi. Ərzağın, kirayə evlərin, kommunal xidmətlərin, gündəlik tələbatların bahalaşması bizi çətin vəziyyətə saldı. Hazırda tək yerində qalan nəqliyyat qiymətləridir. Amma xəbərlər var ki, ilin başlanğıcından onlar da qalxacaq. Aldığımız təqaüdlər xərclərimizin yarısına belə yetmir. Gələn ildən vəziyyət düzəlməsə, tələbələr üçün ciddi çətinliklər yaranacaq.
Çox vaxt gecələr ac yatırıq
Dövlət İdarəçilik Akademiyasının (DİA) yataqxanasında məskunlaşan bu univeristetin IV kurs tələbəsi Cahandar Cabarov vurğulayıb ki, əvvəl zərbəçi təqaüdü 80 manat idi, sonra 88 manat oldu. Amma 220% pul dəyər itirdiyinə görə həmin o 88 manat faktiki 40-45 manat arası dəyərdədir:
" Yəni gəlirlər iki dəfəyə qədər azalıb. Gün ərzində yediyimiz yeməyin də qiymətini iki dəfəyə qədər salmaq məcburiyyətində qaldıq. Qənaət üçün çox zaman axşamları da yemək yemədən yatırıq. Yaşadığımız yataqxananın şəraiti də zəif olduğundan qışın gəlməsi problemlərimizi daha da artırır. Digər xərcləri isə təqaüd ümumiyyətlə qarşılamır.
İndi heç univeristetin bufetinə də düşmürük
Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin IV kurs tələbəsi Rais Məmmədov söyləyib ki, dolların bahalaşması hər şeydən öncə ərzağın bahalaşmasında problem yaradır: "Nə qədər qənaət etməyə çalışsaq da, yoluna qoymaq çətin olur. Əvvəllər dil kurslarına, kitab almağa, başqa öyrədici işlərə də pul artıra bilirdik. Lakin indi həmin pulları ancaq gündəlik xərclərimizə çatdıra bilirik. Bahalaşma başlayandan evdən kənarda, kafedə və ya bufetdə yemək yeməyi azaltmışıq. Əvvəllər hər gün universitetin bufetində yemək yeyə bilirdik, indi isə ancaq məcbur qaldıqda bufetə gedirik.
Tələbələr üçün yaranan çətinlikləri saymaqla bitmirİki saylı Baza Tibb Kollecinin II kurs tələbəsi Mehriban Ovçuyeva diqqətə çatdırıb ki, bahalaşma ödənişli təhsil alan tələbələrə çox mənfi təsir göstərdi: "
Onlar təqaüd almadığından xərcləri nisbi də olsa qarşılamaq da çətin oldu. Kolleclərdə təqaüd orta hesabla 30-50 manat arasında dəyişir. Lakin bu məbləğ indiki bahalaşma şəraitində xərclərimizin 1/3-nə belə kifayət etmir. Ailələrimizin gəlirlərinin ciddi şəkildə azaldığını, xərclərin artdığını nəzərə aldıqda tələbələr üçün yaranan çətinlikləri saymaqla bitmir.
Yalnız kartof, soğan, makaron, yumurta və çörəyə pulumuz çatır
Azərbaycan Dillər Univeristetinin (ADU) III kurs tələbəsi Nərmin Abdullayeva bəyan edib ki, qiymətlərin bahalaşması büdcəsinə çox pis təsir edib: "
Devalvasiyadan əvvəl marketə tez-tez gedirdik. İndi isə ərzaq və yemək xərclərimizi azaltmışıq. Hətta rayondan ərzaq göndərilməsi artıb. Orada ərzaqın nisbətən ucuz olması bura gətirməyimizə səbəb olur. Burda qiymətlər od tutub yanır. İnanın ki, elə vaxt olur evə ancaq kartof, soğan, makaron, yumurta çörək kimi məhsullar alırıq. Adi yağın qiyməti də nə qədər bahalaşıb. Qiyməti bir qədər baha olan ərzaqlardan demək istifadə edə bilmirik.
Tələbələr maddi çətinliklərə görə, təhsili atacaq
Azərbaycan Dillər Univeristetinin (ADU) III kurs tələbəsi Aytən Ləzgiyeva devalvasiya rayonlardan gələn, kirayədə və yataqxanada qalan tələbələrə daha çox təsir edir: " Hələ bu tələbə ödənişli oxuyursa, lap çətin olur. Bizim təqaüdlərimiz cəmi 10% artıb. Lakin təkcə ərzaq qiymətləri 12-13% bahalaşıb. Nəzərə alsaq ki, başqa sahələrdə də kifayət qədər yüksək bahalaşma var, onda gəlirimizin xərcləri qarşılamadığını aydın görürük. Ümid edirik ki, bu vəziyyət çox çəkməyəcək. Yoxsa, belə vəziyyətdə universitetlərə sənəd verib qəbul olmaq istəyənlər paytaxtdakı çətinliklərə görə təhsili atacaq.
Aysel Aslan