
Baharın 62-ci anı...
Məşhur baş redaktorun dünən ürəyi dayandıRauf Talışinskinin ölümü media nümayəndələrini dərindən sarsıdıb
Azərbaycan jurnalistikasına ağır itki üz verib. "Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski vəfat edib. 62 yaşlı R.Talışinskinin meyiti dünən səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb. Yaxınlarının bildirdiyinə görə, o, hadisə vaxtı evdə tək olub.
Rauf Talışinskinin evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski də hadisə yerində olub.
Jurnalistin nəşi müayinə olunmaq üçün morqa aparılıb.

Meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyin kardioskleroz, ateroskleroz, beyində insult əlamətləri aşkar edilib. Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir. Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.
"Exo” qəzetinin baş redaktoru Rauf Talışinski ilə vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində keçiriləcək. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov vida mərasimindən sonra mərhumun "Qurd qapısı” qəbiristanlığında dəfn olunacağını qeyd edib.
Qeyd edək ki, Rauf Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Molodyoj Azerbaydjana”, "Vışka” və "İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna”-”Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. Rauf Talışinski 27 yanvar 2001-ci ildən "Exo” qəzetinin baş redaktoru idi. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Baş redaktorun ölümü media nümayəndələrini dərindən sarsıdıb. Həmkarları onun haqqında xatirələrini və ürək sözlərini sosial şəbəkələr vasitəsilə ölkə ictimaiyyətinə çatdırıb.
"Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Rauf Talışinskinin vəfatının onun üçün çox ağır xəbər olduğunu deyib: "Bilmirəm nə deyim... Allah rəhmət eləsin. Biz çox yaxın olmuşuq. Təsəvvür edin ki, əvvəllər Raufla hər gün bir yerdə olurduq, yalnız evə gedəndə biri-birimizdən ayrılırdıq. Onunla 15 il bir yerdə çalışmışıq. "Zerkalo”nu Rauf Talışinski ilə bir yerdə yaratmışıq. Düz 11 il birlikdə "Zerkalo” daxil olmaqla bir neçə şirkətimizi idarə etmişik. Sonra isə Rauf "Exo”nu yaratdı. Onun vəfatı jurnalistikamız üçün ağır itkidir”.
E.Şıxlı onda olan məlumata görə, Rauf Talışinskinin səhhətində heç vaxt problem olmadığını deyib: "Ölüm səbəbi məlum deyil. Heç bir xəstəliyi yox idi. Qəfil dünyasını dəyişib. Çox təəssüf”.
Siyasi ekspert Azər Rəşidoğlu isə R.Talışinskinin Azərbaycan mətbuatının sütunu olduğunu deyib: "Qeyri-adi istedad və ədəb sahibi idi. Xoşbəxtəm ki, belə bir redaktorum olub. Dahi jurnalist idi. Jurnalistikanı ondan öyrənmişəm. Bu sənəti mənə Rauf Talışinski öyrədib. Çox dəyərli ziyalımızı itirdik. Allah rəhmət eləsin!!! Sevənlərinin və oxucularının başı sağ olsun! Lap azaldıq. Bir ovuc qaldıq. Ölümün xeyir, şef! Rauf Talışinski ilə işlədiyim vaxtlar idi. İnternet populyar deyildi. Bu qədər sayt da yox idi. "Zerkalo” o vaxt həftədə bir dəfə 64 səhifə çıxırdı. Siyasət və informasiyaya mən cavabdeh idim. Son məlumatları, təhlil və müsahibəni səhifələrə qoyub, getdim evə. Səhər qəzetlərə baxanda (o vaxtlar qəzetlər də çıxırdı) gördüm ki, bir vacib məlumatı verməmişəm. Bütün qəzetlər çap edib. Qorxdum ki, indi şef gəlib, danlayacaq. Aradan çıxmaq istəyirdim ki, girdi otağa. Adətən, öz otağına çağırmazdı, özü gələrdi. Qəzetləri bir-bir qarşıma qoydu, mənim vermədiyim məlumatı göstərdi. Heç nə demədi. Başını yellədi, sakit tərzdə - Starik (mənə belə deyərdi), hamı dərc edib, sən yox. Əlimi sıxdı, getdi otağına. Heç vaxt qışqırmazdı. Onun bu addımı mənə şapalaq idi”.
Avropa.info xəbər saytının direktoru Ruslan Bəşirli:
- Rauf Talışinski Azərbaycanda ən hörmət etdiyim, sayğı duyduğum jurnalistlərdən biri idi. Talışinski ilə mən cəmi 1 dəfə görüşüb, təqribən 1 saat söhbət eləmişəm. Deməli, mən 2006-cı ildə həbs olunanda haqqımda "MTN çetesi” tərəfindən çirkin kampaniya aparılırdı. Həbsimdən 7-8 gün sonra, Rauf Talışinski vəkilim vasitəsi ilə mənə suallar göndərdi. Mən həmin suallara cavab yazaraq, vəkilim vasitəsi ilə ona göndərdim. Müsahibəni Rauf Talışinski rəhbərlik etdiyi "Exo” qəzetində dərc etdi, mənə özünümüdafiə imkanı verdi. O dövr üçün bu özünü "MTN çetesi”nin hədəfinə gətirmək demək idi. Amma mərhum Rauf bəy bunu etdi. Onun bu addımından sonra, digər media vasitələrində də müsahibələrim dərc olundu. 2012-ci ildə həbsdən çıxandan 2 gün sonra, təşəkkür üçün Talışinski ilə görüşməyə getdim. Çox sadə bir şəkildə məni qarşıladı. Mən ona etdiyi yaxşılığı xatırlatdım, təşəkkür etdim. O isə təşəkkürə heç bir ehtiyac olmadığını, əslində medianın etməli olduğu işi etdiklərini dedi. Sonra mənə dəyərli məsləhətlər verdi, hansı ki, həmin məsləhətləri hər kəsdən almaq mümkün deyil. Nə deyim...”.
Mətbuat Şurası Rauf Talışinskinin ölümü ilə bağlı nekroloq imzalayıb.
Nekroloqda bildirilib:
"Azərbaycan jurnalistikasına ağır itki üz verib. Tanınmış qələm sahibi, respublikanın əməkdar jurnalisti, "Exo” qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.
R.Talışinski prinsiplərinə sadiq, varlığını söz sənətinə həsr etmiş peşəkar sima idi. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana”, "Vışka” qəzetlərində çalışıb. "İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub.
R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo” qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo” qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.
Mərhum həmkarımız istər jurnalistika dəyərlərinin cəmiyyətə aşılanmasına, istər peşənin nüfuzunun artırılmasına və qorunmasına, istərsə də peşəkar kadrların yetişdirilməsinə müstəsna əmək sərf edib. Hər zaman işgüzarlığı, təşəbbüskarlığı, səmimiyyəti, qayğıkeşliyi ilə seçilmiş baş redaktor hadisə və proseslərə məxsusi yanaşması, vətəndaş mövqeyi ilə də seçilib. Qətiyyətlə demək olar ki, o, jurnalistikanın cəmiyyətə qazandırdığı dəyərli ziyalı idi.
Rauf Talışinskinin vəfatı Azərbaycanın media ictimaiyyəti üçün dərin üzüntü və sarsıntıdır. Onun yoxluğunu qəbul etmək çox çətindir. Uca Tanrıdan mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Yeri behişt, məkanı cənnət olsun!
Allah rəhmət eləsin!”.
Şəymən