İqtisadçı isə istər bayram ərəfəsi bazarlarda, istərsə də bayram yarmarkalarında qiymətlərin ucuz olmamasının insan faktoruna söykəndiyini deyir
Bakı «Kitabi-Dədə Qorqud» dastanına bənzəyir
Hər yer çadır yarmarkalarıdır, ancaq qiymətə yaxınlaşanda adamı saz götürüb ağlamaq tutur
İqtisadçı isə istər bayram ərəfəsi bazarlarda, istərsə də bayram yarmarkalarında qiymətlərin ucuz olmamasının insan faktoruna söykəndiyini deyir
İqtisadçı isə istər bayram ərəfəsi bazarlarda, istərsə də bayram yarmarkalarında qiymətlərin ucuz olmamasının insan faktoruna söykəndiyini deyir
Çadır yarmarka dönəmi başlayıb yenə. Paytaxtımız «Kitabi-Dədə Qorqud» dastanına bənzəyir. Hər tərəfdə növbənöv çadırlar, «alaçıqlar». İçərisi də dolu: meyvə-tərəvəz, qoz-fındıq, bayram oyuncaqları, «ded moroz», santa-klaus, qar qızları… Xüsusən də metrostansiyaların qarşısında, keçidlərin önündə adam əlindən tərpənmək olmur. Adi günlərdə keçilməz olan metro keçidləri, avtobus dayanacaqlarının qarşısı indi bazar çadırları səbəbindən daha da basırıqdır. Çadırlar adamları «probka»ya salır. Bolluq yaxşıdır. Kim istəməz ki, bayram üçün bolluca bazarlıq etsin, uşaqları sevindirsin? Məsələ satış yarmarkalarına çıxarılan mal və məhsulun qiymətindədir. Qiymət heç kəsə güzəştə getmir. Bolluq olsa da, sakinlər qiymətlərin baha olmasından narazılıq edirlər. Əslində, alışdığımız mənzərədi. Bayram ərəfəsi həmişə belə olur. Sanki satıcılar bayram günlərini gözləyirmiş kimi məhsulların qiymətini bir az qaldırırlar.
Bakı şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, bayram yarmarkalarının təşkilində məqsəd küçələrdə pərakəndə satışın qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təqdim etməkdir. Halbuki, bayram çadırlarına baş vuranlar qiymətlərin heç də münasib olmadığını, əksinə, bahaçılıq olduğunu deyir.
İqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında istər bayram ərəfəsi bazarlarda, istərsə də bayram yarmarkalarında qiymətlərin ucuz olmamasının insan faktoruna söykəndiyini dedi:
- Burda ən əsas insan faktoru məsələsidir. Hamımız bilirik ki, qış aylarında, ya da bayramqabağı zamanlarda, eləcə də yayda meyvələrin nübar vaxtı qiymətlər kəllə-çarxa qalxır. Bu, artıq bizim cəmiyyətdə oturuşmuş çox pis bir ənənədir. Biz hətta balıq üçün birbaşa balıq bəslənmə yerlərinə – vətəgələrə də getsək, yenə balıq baha olacaq. Deyəcəklər ki, «balıq ələ düşməyən məhsuldu». Problemin yaranmasının bir səbəbi də mal və məhsulların fiks dəyərinin olmamasıdır. Bu da bazar iqtisadiyyatının dəyişməz qanunudur. Axı heç yerdə yazılmayıb ki, kartof və ya soğanın bazar qiyməti neçədir. Sahibkar sərf etdiyi qiymətə satır məhsulu.
Həmçinin də, digər mal və məhsullar da belədir. Başqa problem alıcının satıcı ilə qiymət alış-verişi etməməsidir. Bazarda gərək alver edəsən. Məsələn, mən bir-iki gün əvvəl bazarda 2 manata satılan narı 1 manat 20 qəpiyə endirib alan adam gördüm. Maraqla da izləyirdim ki, görüm bu mübahisənin sonu nə olacaq, sonda satıcı «bezib» alıcı ilə razılaşdı. Təbii ki, hamı eyni xasiyyətdə deyil. Elə adam var almaq istədiyi məhsulun qiymətini endirməyə çalışır, qiyməti lap cüzi də olsa aşağı salmamış malı almır. Amma elə adam var, sanki laldır. Satıcı nə qiymət deyirsə, onu ödəyir. Amma bazarın bir qanunu da alış-veriş edib qiyməti endirməkdir. Bizim camaat bir çox məsələlərdə olduğu kimi bazarlıq işində də çox tənbəldir. Ağız açıb qiymət öyrənməyə, alış-veriş etməyə ərinirlər. O qədər həyatımız, gündəlik yaşayışımız pultlarla idarə olunur ki, danışmağa, mübahisə edib qiymət endirməyə də tənbəllik edirik. Təsəvvür edin ki, bizim bağda hardasa 2 ton xurma yetişmişdi. Neçə nəfərə müraciət etdik ki, gəlin, toplayın, bazara çıxarıb satın, qazanın. Yaxın duran olmadı. Özümüz istifadə etdik, qohum-qonşuya payladıq. Satıcılar da, sahibkarlar da bizim bu tənbəlliyimizdən sui-istifadə edir, özlərinə sərf edən qiyməti malın üzərinə qoyurlar. Fikirləşirlər ki, bu günlərdə nə qazansalar, qənimətdir. Biri qazanmaq istəyir, o biri danışmaq istəmir. Əlbəttə, udan qazanmaq istəyən tərəf olacaq.
F.İbrahimov bayram yarmarkalarında qiymət bahalığının səbəbləri arasında fermerlərin bazara çıxışının olmamasını da göstərdi:
- Kəndli, fermer becərdiyi məhsulu özü bazara gətirsə, fermerin bazara birbaşa çıxışı əngəllənməsə, qiymət problemi həllini tapar. Amma nə qədər ki, fermer torpaqda əziyyət çəkib, əkib-becərdiyi məhsulu yerində dəyər-dəyməzinə alverçilərə satmaq məcburiyyətində qalacaq, bazarda qiymətlər enməyəcək.
Şam ağacı oyuncaqlarının baha olmasına gəlincə, F.İbrahimov burada da insan faktorunun rol oynadığını bildirdi:
- «Yolka» oyuncaqları uzun illər dəbdən düşməyən mallardır. Sahibkar oyuncaqları bir dəfə gətirdir, bir neçə il onları satışa təqdim edir. Bir var gətirən insan, bir də var, realizə edən insan. Realizə edənlər bəlkə də o oyuncaqları satıldıqca pulunu ödəmək şərtilə bir neçə il əvvəl sahibindən alıb. Amma hər il də qiymətin üzərinə qiymət qoyur. Başqa məhsullardakı qiymət artımını bəhanə edib çoxdan alınmış malları da baha qiymətə satanlar var. Qış oyuncaqları elə mallardır ki, dəbdən düşmürlər, yalnız dekabr ayında satılırlar. Mümkün deyil ki, bütün oyuncaqlar bir ay ərzində satılsın. Nə qədər olmasa da, oyuncaqların arasında ötən illərdən satılmayıb qalanları var. Amma satıcılar onların qiymətini də builki qiymətlərə uyğunlaşdırır. Bahalıq da belə yaranır.
İqtisadçı qeyd etdi ki, bayram yarmarkaları ilə iri marketlərdəki qiymətlər arasında elə də böyük fərq yoxdur:
- Bir halda ki, bayram yarmarkaları ilə marketlərdəki qiymətlər arasında fərq 2-3 faizdir, elə gedib marketdə rahatlıqla bazarlıq etmək olar.
Məlahət Rzayeva