- "Hazırda ABŞ-nin İranla açıq münaqişəni inkişaf etdirməsi üçün kifayət qədər imkanları yoxdur"
ABŞ və İran arasında son dövrlərdə müşahidə olunan qarşılıqlı hərbi zərbələr Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşdiyini göstərir. Tərəflərin atdığı addımlar birbaşa genişmiqyaslı müharibəyə keçid ehtimalını gündəmə gətirsə də, hazırkı mərhələdə qarşıdurmanın əsasən məhdud xarakter daşıdığı görünür. Bununla yanaşı, davam edən hərbi əməliyyatlar və tərəflərin qarşılıqlı təzyiq siyasəti vəziyyətin nə dərəcədə nəzarətdə saxlanıldığını və gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini əsas suallardan birinə çevirir.
Rusiyalı politoloq Darya Qrevtsova Sherg.az-a ABŞ-İran arasında böyük müharibə ehtimalı az olduğunu, lakin toqquşmaların dayanmayacağını söyləyib:
"Hazırda tərəflər bir-birinə sərt zərbələr endirirlər. Amma genişmiqyaslı müharibəyə çatmamaq üçün onlar münaqişənin miqyasını şüurlu şəkildə məhdudlaşdırırlar.
Artıq gördüyümüz kimi, qarşılıqlı zərbələr dövrü formalaşıb. ABŞ zərbə endirib, aviasiya İranın cənub rayonlarına hücum edib. İran isə öz növbəsində Bəhreyndəki ABŞ bazalarına raket zərbələri endirib və həmçinin Amerika pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Lakin hazırda genişmiqyaslı müharibə hər iki tərəf üçün əlverişli deyil. Əvvəla, hər iki tərəfdə müharibə aparmaq istəyi yoxdur.
Hazırda ABŞ daxili seçkilərlə məşğuldur. Bilirik ki, orada Tramp üçün mühüm olan seçkilər keçiriləcək.
Təbii ki, hazırda noyabrın 15-dək hər hansı ciddi hərbi əməliyyatların baş verməsi, Hörmüz boğazının bağlanması, ABŞ-də benzinin qiymətinin artması- bütün bunlar Trampın maraqlarına tamamilə ziddir. Bu, seçkilər ərəfəsində onun üçün lazım deyil. Çünki o, nə Konqresi, nə də Senatı itirmək istəyir".
Analitik vurğulayıb ki, ABŞ müharibə aparacaqsa, ciddi şəkildə yalnız noyabrın 15-dən sonra bunu edə bilər:
"Amma öz növbəsində bundan İran da istifadə edə bilər. Məhz Trampa zərər vurmaq məqsədilə oktyabr ayında fəal hərbi əməliyyatlara başlaya bilər. Lakin bunun baş verəcəyi də mütləq deyil. Çünki İran üçün danışıqlar daha vacibdir və ilk hücuma keçən tərəf də o deyil.
Bundan əlavə, görürük ki, ABŞ-də döyüş sursatlarının böyük çatışmazlığı var.
Həm “Tomahawk” raketləri, həm də “Patriot” sistemləri baxımından. Buna görə də hazırda ABŞ-nin İranla açıq münaqişəni inkişaf etdirməsi üçün kifayət qədər imkanları yoxdur.
Son altı ay ərzində tərəflər ekspertlərin “nə sülh, nə də müharibə” vəziyyətinin davamı adlandırdığı məhdud eskalasiya sxemi üzrə hərəkət edirlər. Yəni nə onların zərbələri xüsusilə ciddi xarakter alır, nə də danışıqlar baş tutur.
Ona görə də belə bir səngimiş, aşağı intensivlikli müharibə gedir. Lakin əsas risk hansısa səhv və ya çoxsaylı insan tələfatına səbəb olacaq təsadüfi zərbədir. Əlbəttə ki, bu, vəziyyəti bir anda qızışdıra bilər".
Ekapert qeyd edib ki, vəziyyət üzərində nəzarət hələ də kifayət qədər kövrək olaraq qalır:
"Ona görə də, gördüyümüz kimi, bir neçə gün əvvəlki zərbələr daha çox gərginləşmiş münaqişədə təzyiqin artırılması cəhdi kimi qiymətləndirilir. Yuxarıda sadaladığım səbəblərə görə yaxın günlərdə genişmiqyaslı müharibə olmayacaq.
Aşağı intensivlikli qarşıdurma isə davam edəcək. Baxaq görək, İran oktyabr ayında necə hərəkət edəcək.
ABŞ-də keçiriləcək seçkilərdən, yəni noyabrın 15-dən sonra ABŞ-nin İrana münasibətdə necə davranmağa başlayacağını da görəcəyik".