Paytaxtımızda humanitar tədbirlərin keçirilməsi təsadüfi deyil
Oktyabrın 25-də Bakıda Heydər Əliyev Mərkəzində VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Ölkə başçısı İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. Məlumat üçün deyək ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq. Forum işini plenar və işçi sessiyalarla davam etdirəcək.
Forumun əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan "Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, "Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı belə forumların çox effektli olduğunu deyib. Onun fikrincə, insanlara müsbət dəyərlər, təhsil, elm, humanizm, mədəni və mənəvi dəyərlər təbliğ etmək olduqca böyük əhəmiyyət daşıyır: "Beynəlxalq Forumların Bakıda keçirilməsi ölkəmizi dünyada sülh və inkişaf məkanı kimi tanıdır.
Forumun adı və mövzuları da çox aktualdır. Yeni dövrdə elm və texnologiyaya diqqət artıb. Sadəcə, daha humanist və zərərsiz texnologiyaların inkişafı təbliğ edilməli, elmdən bəşəriyyətə və planetə zərər verə biləcək məqsədlərlə istifadə tənqid olunmalıdır. Elm və texnologiya insanların sağlamlığına, rahatlığına, inkişafına xidmət etməlidir. Həmçinin, təbiətə, canlı aləmə heç bir zərər vurmamalıdır. Multikulturalizmi yaşatmaq, rəngarəng mədəniyyətləri qorumaq, tarixi irsi unutmamaq şərtilə yeni dünya yaratmaq olar - bu, birgə qurulmuş və birgə də idarə edilən bir dünya olmalıdır. Yeni insan, yeni dünya formalaşdırmaq bu baza üzərində olmalıdır.
Mənəvi dəyərləri itirməklə, ənənələri sıradan çıxarmaqla, qlobal hökmranlıq iddiası üzərində irəli getmək, uğur əldə etmək mümkün deyil. Bəli, dünya vahiddir, lakin mədəniyyətlər fərqlidir, rəngarəngdir, dünyanın gözəlliyi də bundadır”. Ekspertin sözlərinə görə, qloballaşma və inteqrasiya adı altında monoton mədəniyyət yaratmaq, digər mədəniyyətləri sıradan çıxarmaq, hansısa dövlətin və ya dövlətlərin bütün dünyaya hökm etmə siyasəti yolverilməzdir: "Dünyada ümumi dəyərlər var və onları biz də qəbul edirik. Lakin bu, milli dəyərlərin qorunması şəraitində olmalıdır. Azərbaycanda məhz belə siyasət yürüdülür. Dünyaya inteqrasiya edirik, eyni zamanda öz milli mədəniyyətimizi qorumaq, mənəvi dəyərlərimizi itirməmək şərtilə bunu həyata keçiririk. Bunlar bir-birinə mane olmayan məqamlardır və hər ikisinin paralel inkişafı önəmlidir”.
İsmayıl