Bakı təşəkkür yağışına tutuldu

Azərbaycan dünyanın yeni sülhsevər simasının yaradılmasına imkanlar açdı
Natiqlər Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini sadaladılar


"Azərbaycanın bugünkü möhtəşəm inkişafına cəmi 13-15 il ərzində nail olunub”. Bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunun iclasında deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycan bu illər ərzində ölkədə yoxsulluğu 50 faizdən təxminən 5 faizə qədər endirə bilib, ökədə 2 milyon iş yeri açılıb: "Azərbaycanda dəyişənlər təkcə statistikada əks olunmur, Azərbaycanın bütün siması dəyişib. Bakı müasir şəhərə çevrilib, Azərbaycanın bütün regionları təxminən bu simaya malikdir”. 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda 13-15 il ərzində əldə olunan nailiyyətlər BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa ümid yaradır. Lakin bütün dünyanın liderlərinin öz siyasi iradəsini ortaya qoyması ən vacib şərtlərdən biridir: "Dünyada qaçqın və məcburi köçkün problemləri, münaqişələr aradan qalxmalıdır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkün olsun. Azərbaycanın 20 faiz ərazisi işğal altında qalmaqdadır. Həmin ərazilərdən ölkəmiz istifadə edə bilmir. Beynəlxalq ictimaiyyət səylərini səfərbər etməlidir ki, qaçqın və məcburi köçkün problemi, haqsızlıqlar, etnik təmizləmələr aradan qalxsın və beləliklə, 2030-cu ilə qədər dünyanın simasını dəyişmək mümkün olsun”.

Putin: "Forumun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir”

Tədbirin rəsmi açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin müraciəti də səsləndirilib. Putin bəyan edib ki, "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir. Müraciətdə tədris və maarif sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və incəsənətin dəstəklənməsi, informasiya təhlükəsizliyinin və əqli mülkiyyətin qorunması ilə bağlı aktual məsələlər üzrə hərtərəfli müzakirələrin vacibliyi vurğulanıb. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, forum iştirakçıları peşəkar təcrübələrini bölüşəcək və səmərəli beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirəcək.

"Bakı Beynəlxalq Humanitar Forumu nadir əhəmiyyətə malikdir”

Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets də deyib ki, sayca 6-cı dəfə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu çox nadir əhəmiyyətə malikdir. O, forumun müzakirə olunan mövzulara görə mühüm olduğunu bildirib: "Gələcək nəsillərimizin taleyi insanların humanitar məsələlərə münasibətindən, sivilizasiyalar, mədəniyyətlər, dinlər arasında dialoqun vüsət almasından asılıdır”.
Azərbaycanla humanitar sahə də daxil olmaqla qarşılıqlı faydalı münasibətlərin qurulması üçün əllərindən gələn səyləri göstərdiklərini vurğulayan Qolodets iki ölkənin həyata keçirdiyi müştərək layihələr sırasında "Abşeron kəhkəşanları” sərgisini, "Böyük Teatr”da Azərbaycanın "Məhəbbət əfsanəsi” baletinin nümayişini misal çəkib. Onun sözlərinə görə, bununla yanaşı, tərəflər arasında müştərək gənclər proqramları da nəzərdə tutulur.

"Təcrübə və fikir mübadiləsi aparmaq üçün Dayanıqlı İnkişafa dair Bakı Forumu vacib platformadır”
Belarus parlamentinin sədr müavini Marianna Şyotkina forumda çıxışı zamanı deyib ki, təcrübə və fikir mübadiləsi aparmaq üçün Dayanıqlı İnkişafa dair Bakı Forumu vacib platformadır. O qeyd edib ki, hər kəs öz işini həyata keçirməlidir:

"Yaxşı təcrübələrimizi paylaşmaq üçün bu cür forumlar zəruridir. Biz qarşılıqlı şəkildə işləməliyik. Azərbaycana təşəkkür edirik ki, bu cür forumlar keçirməklə bizə belə imkanlar yaradır”.

"Bakı Forumu ortaq məqsədlərə nail olmaq üçün çox gözəl zəmin yaradır”

Slovakiya Baş nazirinin investisiya və informasiyalaşdırma məsələləri üzrə müavini Riçard Raşi bildirib ki, Forum ortaq məqsədlərə nail olmaq üçün çox gözəl bir zəmin yaradır: "Dayanıqlı İnkişaf Məqsədləri ilk növbədə dövlət siyasətinin özündə olmalıdır. 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə fəaliyyətə bütün tərəflər cəlb olunmalıdır. Biz qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, özəl sektoru cəlb etməklə ölkəmizin bu istiqamətdə proritetini müəyyən etmişik. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi strategiyası heç kimi kənarda qoymamaqla hazırlanmalıdır. Biz DİM-in həyata keçirilməsi üçün regional, milli və qlobal səviyyədə əməkdaşlıq etməliyik”.

"Qlobal problemlərin həlli üçün çoxtərəfli forumların keçirilməsi lazımdır”

BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov isə vurğulayıb ki, qlobal problemlərin və çətinliklərin öhdəsindən gəlmək üçün qlobal cavablara ehtiyac var və çoxtərəfli hökumət forumlarının keçirilməsi lazımdır. Xalikov qeyd edib ki, BMT baş katibi təşkilata etibarın bərpa olunması işinə sadiqliyini təsdiq edir. BMT rəsmisinin sözlərinə görə, forum iştirakçıları dünya ictimaiyyətinin üzləşdiyi əsas problemləri müzakirə edəcək.

BMT rəsmisi: Azərbaycana təşəkkür edirik ki...

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının prezidenti İnqa Ronda Kinq bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr arasında əməkdaşlıq olmalıdır: "Çoxtərəfli əməkdaşlıq səmərəli şəkildə həyata keçirilməlidir. Hökumətlə bərabər qeyri-hökumət institutları da bu prosesə qoşulmalıdır”. Ölkələr tərəfindən könüllü icmaların yaradılması məsələsinə toxunan İ.Kinq bu istiqamətdə fəaliyyətinə görə Azərbaycana təşəkkür edib: "Azərbaycana təşəkkür edirik ki, 2017-ci ildə artıq belə bir könüllü icma təqdim etmişdi və 2019-cu ildə daha bir belə icma təqdim edəcək”. Kinq bildirib ki, Bakıda keçirilən bu forum DİM-lərin həyata keçirilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi baxımından uğurlu platformadır: "DİM-lərin həyata keçirilməsində heç kim kənarda qalmamalıdır. İstədiyimiz dünyanı yaratmaq üçün biz güclü olmalıyıq və birgə fəaliyyət göstərməliyik”.

"Forum Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək”

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün yol xəritələri hazırlanmalıdır. O qeyd edib ki, bu sahədə irəliləyişə nail olmaq üçün Azərbaycanda çox ciddi addımlar atılıb, ölkənin müvafiq strukturları bizimlə səmərəli əməkdaşlıq edirlər: "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə bu sahədə təcrübə və fikir mübadiləsi aparmaq üçün bu cür forumların təşkili olduqca vacibdir. Ümidvaram ki, Bakıda keçirilən bu forum bizim bilik və bacarıqlarımızı bir araya gətirəcək və 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bizə kömək göstərəcək”.

"Misir və Azərbaycan dünyada sülhün bərqərar olması üçün böyük işlər görə bilərlər”

Misir parlamenti sədrinin birinci müavini Mahmud əş-Şərif də bəyan edib ki, iki dövlət arasında əlaqələri yüksək səviyyədə inkişaf etdirmək üçün bir çox planlar var. Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda iştirakından da danışan əş-Şərif əlavə edib ki, bu forum dünyadakı qlobal problemlərin həlli, eyni zamanda insanlığa dəstək baxımından çox faydalıdır: "İnanıram ki, böyük tarixi olan bu iki dövlət humanitar sahədə əməkdaşlıq, dünyada sülhün bərqərar olması üçün böyük işlər görə bilərlər. Bu, mədəniyyət sahəsində əlaqələrin inkişafında daha önəmli rol oynayacaq”.

"Bakı Humanitar Forumunda qarşılıqlı anlaşma ruhu hökm sürür”

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da vurğulayıb ki, Bakı təkcə sivilizasiya və dinlərin kəsişdiyi şəhər deyil, həm də onların qarşılıqlı mövcud olduğu yerdir: "Hamı bilir ki, dünyanın heç bir yerində Bakı Humanitar Forumu kimi tədbir keçirilə bilməz. Bakı Humanitar Forumunda qarşılıqlı anlaşma ruhu hökm sürür və siyasi konyunktur yoxdur. Hər kəs Bakı prosesinin əhəmiyyətini gözəl başa düşür. Humanitar baxımdan Bakı planetar əhəmiyyət daşıyır. Mənim ISESCO-nun baş katibinin çıxışı xoşuma gəldi. O dedi ki, burada sivilizasiyalararası dialoq yox, ümumdünya humanitar dialoqu keçirilir”.

"Azərbaycanda dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir”

Forumda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda daxili sabitlik mövcuddur: "Ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir. Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir. Çünki Azərbaycan xalqı humanist xalqdır. Xalqımız başqa dinlərə, başqa dövlətlərdə yaşayanlara qarşı loyal olub”. Prezident İlham Əliyevin 2016-2017-ci illəri "Multikulturalizm" və "İslam Həmrəyliyi İli" elan etdiyini xatırladan Paşazadə Azərbaycan xalqının tolerant xalq olduğunu xüsusi vurğulayıb: "Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf üçün Azərbaycanda hər bir şərait var. Azərbaycanda dinlərarası əlaqələrin mərkəzini yaratmışıq. Bu mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlirlər”.

İsmayıl