Bakıda cırıq şalvar geyinən qız döyülüb

“Sahil” metrosundan o görüntülər göstərilsin və polis həmin adamı tapsın”


Bakı metrosunda qadın cırıq şalvar geyindiyi üçün təhqir olunub. Vəfa Əli Zeynal adlı şəxs sosial şəbəkədə "Sahil” metrosunda cırıq şalvar geyinən qızın bir nəfər tərəfindən döyüldüyünü yazıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qız polisi çağırandan sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb:
"Sahil” metrosunda bir qız dəbdə olan cırıq şalvar, üzərindən isə bir az göbəyi açıq köynək geyinib. Bir başdan xarab da götürüb qıza itin sözünü deyib, hamının yanında təpiklədi. Axmaq insan, sən camaatın əxlaqına sahib çıxmaqdansa, get özünü müalicə elətdir. Bu nə zorakılıqdır qadına qarşı. Belə kişisən, qız polis adını çəkən kimi niyə qaçdın, ay binamus!!! Bütün qeyrət keşikçilərinə aiddir status. Abrınızı başqasının geyimində axtarmayın!!!

Hamı buna münasibət bildirsin. "Sahil” metrosundan o görüntülər göstərilsin və polis həmin adamı tapsın, cəzalandırsın. Biganə qalmayaq!!! Mən şəxsən gözümün şahidiyəm. Kaş ki, çəkərdim o binamusun üzünü”.

Baş verən hadisə ilə bağlı müvafiq videogörüntülərin olub-olmaması ilə bağlı "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Şərq”ə açıqlama verib. Onun sözlərinə görə, metroda baş verən bu cür hadisələrlə polis məşğul olur və videogörüntülərə polisin müraciət zamanı baxıla bilər”.

Yeganə Bayramova