Bakıda kirayə evlərin qiyməti qalxdı
Bundan ən çox əziyyət çəkən tələbələrdir
Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib. Kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmir. Ev alqı-satqısı ilə məşğul olan insanlar da əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını təsdiqləyir. Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə, tapmaq mümkün deyil.
Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər. Yay aylarında mənzillər nisbətən ucuz olsa da, hazırda qiymətlər artıb. Heç şübhəsiz, kirayə bazarı deyəndə ilk yada düşən tələbələr olur. Xüsusən də bu mövsümdə onların gözü elanlarda qalıb.
Çünki yeni dərs ilinin başlamasına sayılı günlər qalıb və ali məktəbə qəbul olan tələbələrin paytaxta axını başlayıb. Tələbələrin əbədi problemi - yataqxana problemi isə bu il də həllini tapmadığı üçün tələbələrin yeganə ümidi ucuz mənzil tapmağa qalıb. Yeni açılan ali məktəblərin müasir yataqxanaları olsa da, köhnə universitetlərin əksəriyyətinin yataqxanası ya yoxdur, ya da həmin yerlərdə illərdir ki, köçkün ailələri məskunlaşıb. 2010-cu ildən bəri ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsinə başlanılsa da, bu proses hələ də yekunlaşmayıb. Məhdud sayda universiteti isə yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər ki, az sayda da olsa tələbəni yerləşdirə bilsinlər.
Qeyd edək ki, Azərbaysan İqtisad Universitetinin 5 tələbə yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən Universitet tələbələrini yataqxana ilə təmin edə bilmir.
Azərbaycan Dillər Universitetinin (ADU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli məsələ ilə bağlı "Şərq"in sorğusunu cavablandırıb. Onun sözlərinə görə, ADU-nun oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Oğlanlar üçün olan yataqxanada məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın isə iki blokunda köçkünlər yaşayır, qalan iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Sözügedən yataqxanada 200 tələbənin qalması üçün bütün şəraitin yaradıldığını qeyd edən A.Cəfərlinin sözlərinə görə, ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər: "Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. Eyni zamanda yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir".
Şöbə müdiri yataqxanada qalan tələbələr üçün aylıq ödənişin cəmi 20 manat olduğunu desə də, hər bir tələbənin yataqxanada qalmasının ümumilikdə 75 manata başa gəldiyini deyib: "Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir".
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova isə "Şərq"ə BDU-da yataqxananın olmadığını deyib. Onun sözlərinə görə, universitetin 100 illiyi ərəfəsində (2019) yeni yataqxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan Dövlət Pedaqoji Universiteti İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov universitetin Dərnəgül qəsəbəsində 4 yataqxana binasının olduğunu deyib. Sonra isə əlavə edib ki, ADPU-nun yataqxanalarında məcburi köçkünlər məskunlaşıb: "Bu səbəbdən də bizim tələbələrimizi orada yerləşdirmək imkanımız yoxdur. Hazırda məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesi başlayıb".
ADPU-nun 2 saylı tədris binasında 200 nəfərlik yataqxana binasının olduğunu qeyd edən M.İbrahimov həmin binada tələbələr yerləşdirilərkən şəhid, aztəminatlı ailələrə daha çox üstünlük verildiyini deyib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olsa da, onlardan 6-sı sökülüb. Yerində isə 1000 nəfərlik yeni yataqxana tikilir. Yataqxananın tikintisinə ümumi rəhbərliyi Təhsil Nazirliyi həyata keçirsə də, ideya və maliyyə dəstəyi Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Qalan bir bina qismən təmir olunub, istifadəyə verilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksi ən müasir standartlara uyğun inşa olunur. Yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıdakı digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək. Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov isə bildirib ki, universitetin yataqxanasının 6 korpusu var: "Onlardan 5-i gələcək həkimlərin ixtiyarındadır, 1-də isə məcburi köçkün ailələri yerləşdirilib. Ümumilikdə 1208 tələbə tutumludur. 2 korpus oğlanlar, 2-si qızlar, 1-i isə xarici tələbələr üçündür. Yataqxanadan istifadə Azərbaycan vətəndaşları üçün ödənişsizdir. Qızlar qalan korpuslardan biri ötən il tam təmir olunub, digərinin isə bu il təmirinə başlanılıb. Gələn il tələbə qızların istifadəsinə veriləcək. Oğlanların korpusunda heç bir problem yoxdur. Kifayət qədər yerimiz var. Ehtiyac olanda başqa universitetlərin tələbələrini də yerləşdirə bilərik" (Yeni Müsavat).
Ekspertlər isə mövcud problemin həlli üçün xarici təcrübədən bəhrələnməyi təklif edir.
Təhsil eksperti Məlahət Mürşüdlü universitetlərin yataqxana problemini aradan qaldırmaqda ciddi addımlar atmalı olduqlarını düşünür.
Bir çox universitetlərimizdə bu problemin yaşandığını vurğulayan ekspert deyib ki, 1990-cı illərdə böyük köçkün dəstəsi və qaçqınların gəlməsi universitetlərin nəzdində olan yataqxanaların dolmasına səbəb oldu. Bir neçə ildir bu yataqxanaların boşalma mərhələsi start götürüb. Lakin 30-40 il əvvəlki dövrə uyğun qurulan yataqxanaların boşalması da hazırda genişlənən və böyüyən ali məktəblərin tələbatını ödəmək imkanında deyil. Həm xaricdən gələn tələbələrin yerləşdirilməsində problem yaşanır, həm də yerli tələbələrin də yataqxana ehtiyacları ödənilmir".
Təhsil eksperti Azərbaycanda əcnəbi tələbələrin azlığının bir səbəbi kimi məhz yataqxana probleminin olmasını göstərib:
"Düşünürəm ki, bu məsələnin həllində ali məktəblərin özləri fəallaşmalı, ən azından ilkin olaraq xaricdən gələn tələbələr üçün bu şəraiti təmin etməlidirlər".
Şəymən