“Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir”
Bakıda məşhur kosmetoloqdan şikayət...
Qadınlar həkimin onları dəhşətli görkəmə saldığını deyirlər
“Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir”
“Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir”
Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edənlərin sayı çoxalıb. Dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, ət xallarının götürülməsi, hətta əyri ayaqların düzəldilməsi belə mümkündür.
Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Çünki sadəcə, 2-3 aylıq kurs keçməklə kosmetoloq kimi çalışanlar var, üstəlik, məhəlləarası kiçik gözəllik salonlarında belə epilyasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır.
3-5 aya kosmetoloq olmaq şansı...
Hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənən, ya da bu sahə ilə heç bir əlaqəsi olmayanlar salonlarda müxtəlif prosedurlar həyata keçirirlər. Məsələn, plazma liftinq, lazer epilyasiya, ləkələrin ağardılması, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. Bu prosedurları düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur.
Son günlər isə məşhur kosmetoloqlardan biri Elnarə Rzayevanın adı uğursuz prosedurda hallanır. Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan E.Rzayeva yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 400 manata iynə vurmaqla onların dodaqlarını yandırır.
Mətbuatda dərc edilən məlumata görə, E.Rzayevanın müxtəlif sertifikatları olsa da, o, Rusiyanın Saratov şəhərində texnikumda maşınqayırma ixtisası üzrə təhsil alıb.
Kosmetoloqlar nazirlikdən sertifikat almalıdır
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, gözəllik salonlarında virus infeksiyalarının, xüsusilə hepatitlərin yayılması sirr deyil: "Təəssüflər olsun ki, bunu sübuta yetirmək çətindir. Nəzərə almalıyıq ki, 3 aylıq kurs qurtaran "kosmetoloq”un qanla işlədikdə, yanında hepatit əleyhinə məhlulların olması ilə bağlı anlayışı yoxdur. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Buna görə də hesab edirəm ki, istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil, amma salonlarda bu, nəzərə alınmır”.
Professorun fikrincə, ilk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır: "Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.
Təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdır
Professor bildirdi ki, orqanizmə müxtəlif yad maddələrin yeridilməsi zamanı bu, anaflaktik şok verə bilər: "Ümumiyyətlə, ambulator prosedur həyata keçirilərkən həmin yerdə anaflaktik şok əleyhinə xüsusi şkaf olmalıdır. Çünki ambulator prosedurlar zamanı şoka düşən adamı şokdan çıxarmaq mümkün olmayanda, ölüm halı baş verir.
Estetik əməliyyatların beynəlxalq standartları var. Hazırda dünyada qəbul edilmiş standartlarla aparılan əməliyyatlar sınaqlardan keçib və qəbul olunub. Amma nativ gelin, yəni biopolimerin toxuma daxilinə vurulması beynəlxalq standartlarda qəbul edilməyib. Ona görə də ayrı-ayrı adamlar kosmetoloq adı altında bunları edirlər, sonra isə problemlər yaşanır”.
A.Qeybullanın sözlərinə görə, sözügedən məsələlərə Səhiyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirməlidir: "Səhiyyə Nazirliyi məsləhətverici orqan olmalı, dövlət proqramının həyata keçirilməsinə nəzarət etməlidir. Nazirliyin müvafiq qurumları istər diaqnostik vasitələr, istərsə də Azərbaycan ərazisində istifadə olunan müalicə vasitələrinin düzgün tətbiqinə nəzarət etməlidir. Yəni bu, administrativ nəzarət olmamalı, ölkənin milli təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdir. Sözügedən nəzarət sistemi kosmetoloqlarla yanaşı, digər tibbi personala da aid olmalıdır.
Kosmetoloji prosedurlarla bağlı neqativ halların aradan qaldırılması üçün bütün proseslər qanunauyğun şəkildə yerinə yetirilməlidir. Uğursuz nəticənin əldə olunması pasiyentlərin həm sağlamlığına, həm də psixoloji durumlarına mənfi təsir göstərir”.
Yeganə Bayramova