Bakıda qadınlar avtobus sürücüsü işləyə bilməz

"Çünki onlar bir gündə 5-6 min əməliyyat yerinə yetirirlər"




"Ən etibarlı sürücü termini mövcuddur. Həmin terminə görə, aqressiv olmayan, sağlam, ailə qayğılarından nisbətən azad, yol-hərəkəti qaydalarını bilən 40 yaş hədlərində kişilərə etibarlı sürücülər kimi qiymət vermək olar"

"Xaliq Faiqoğlu" MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir. Şirkətin rəsmi "Facebook" səhifəsinə bununla bağlı qeyd yerləşdirilib. Bildirilir ki, Bakı şəhərində, xüsusilə də şəhərin mərkəzi hissələrində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qadın sürücülərin də işləməsi arzulanandır. Bu məqsədlə zərif cinsin nümayəndələri işə dəvət edilir. 

"D" sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar şirkətə müraciət edə bilərlər. "Xaliq Faiqoğlu" MMC elanında onu da qeyd edib ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və "EURO 5" standartlı müasir avtobusları idarə edəcəklər".

Qeyd edək ki, kifayət qədər xarici ölkə şəhərləri var ki, orada ictimai nəqliyyatın idarə edilməsinə qadınlar da cəlb edilib.

Nəqliyyat eksperti Fərhad Eyyubov isə Bakıda qadınların avtobus sürməsinə birmənalı yanaşmır. O, «Şərq»ə bildirib ki, nəqliyyat vasitələrinin idarə edilməsi baxımından ən çətin sahə sərnişindaşımadır. Xüsusən də avtobus sürmək qəlizdir:

 "Çünki onlar bir gündə 5-6 min əməliyyat yerinə yetirirlər. Ona görə də həddindən artıq diqqətli olmalıdırlar. Bu baxımdan qadınların belə bir gərgin işdə işləməsi onlar üçün çətin olar”. Ekspert vurğulayıb ki, psixoloji hal kimi ən etibarlı sürücü termini mövcuddur: "Həmin terminə görə, aqressiv olmayan, sağlam, ailə qayğılarından nisbətən azad, yol-hərəkəti qaydalarını bilən 40 yaş hədlərində kişilərə etibarlı sürücülər kimi qiymət vermək olar. Fikir verirsiniz ki, burada nə qədər psixoloji xüsusiyyətlər var».

Ekspert bildirib ki, kişilərə nisbətən qadınlar daha mülayimdirlər, aqressiyadan uzaqdırlar: 

"Ancaq peşəkarlıq nöqteyi-nəzərdən kişilər həmişə üstündürlər. Ola bilər ki, Bakıda 5-10 nəfər peşəkar qadın avtobus sürücüsü olsun. Lakin fikrimcə, kütləvi şəkildə qadın sürücüləri bu sahədə özünü göstərə bilməz. Şəxsən mənim buna şübhəm var».

İlahə