Bakının 295 nömrəli məktəbində Heydər Əliyev anıldı - FOTO

Bu gün Bakı şəhərinin 295 nömrəli tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. "Sherg.az"ın məlumatına görə, tədbirdə Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatları, məktəbin müəllim və şagird kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, valideynlər, ictimaiyyəti nümayəndələri iştirak edib. 
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və Ulu öndər Heydər Əliyevin həyatının müxtəlif dönəmlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. 
Tədbiri giriş sözü ilə açan 295 nömrəli tam orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verib. 
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu: "Məhz ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 
Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”. D. Cəbrayılova əlavə edib ki, Ulu öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə altında dövlətimiz hər ötən gün özünün siyasi və iqtisadi qüdrətini artırmaqdadır: 
"Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycanın bölgədə və dünyada artan siyasi gücü dövlətimizin milli maraqlarının beynəlxalq arenada daha ciddi şəkildə qorunmasına xidmət edir. Bu gün Ümummilli Liderin irsini daha da dərindən öyrənmək, təbliğ etmək, dünyaya çatdırmaq hamımızın borcudur”. 
Daha sonra çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş danışıblar. Mərhum Prezidentin elm və təhsilə göstərdiyi diqqət və qayğısı barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Tədbirdə məktəbin şagirdləri tərəfindən müxtəlif səhnələr nümayiş etdirilib. Sonda müxtəlif yarışlarda iştirak edən və nailiyyətlər əldə edən şagirdlər mükafatlandırılıb.