Bakının kafe dərdi... - Kütləvi bıçaqlaşma və qətl- Nəzarət yoxdur

Mahmud Hacıyev:"Təhsilin səviyyəsi aşağı düşdükdə cəmiyyətin mədəniyyəti, tərbiyəsi də aşağı düşür. Ona görə, təlim-tərbiyədə axsamalar var""İndi cavan, yeniyetmə oğlanların üzərində bıçaq gəzdirməsi adi hala çevrilib. 14-15 yaşında uşaqlar niyə bıçaqla gəzir?"
"Kafelərdə, ictimai iaşə obyektlərində xuliqanlıq zəmində cinayətlər törədilir. Güc strukturları, polis səhərdən axşama qədər burada oturub, nəzarət edə bilməz”.
Bunu "Sherg.az”a Bakıda kafelərdə qeydə alınan kütləvi qətl hadisəsi haqqında danışarkən keçmiş polis rəisi Mahmud Hacıyev deyib. 
O bildirib ki, nəzarət məqsədilə bıçaq kimi alətləri üzərində gəzdirən şəxslərə belə obyektlərə daxil olmaq qadağası qoyula bilməz:
"İctimai məkanlarda əsas məsələ insanların tərbiyəsidir. Son vaxtlar qətl hadisələri durmadan artır. Nəzərə almaq lazımdır ki, indiki hadisənin qurbanı da 18 yaşlı gəncdir. Son illərdə əxlaq, tərbiyə, böyüklərin, ağsaqqalların sözünü dinləmək məsələləri sanki arxa plana keçib. Cəmiyyət özü-özünü tənzimləyə bilmir. Mədəniyyətin inkişafı təhsillə paralel həyata keçirilir. Təhsilin səviyyəsi aşağı düşdükdə cəmiyyətin mədəniyyəti, tərbiyəsi də aşağı düşür. Ona görə, təlim-tərbiyədə axsamalar var".
Sabiq rəisin sözlərinə görə, çox zaman orta məktəblərin yaxınlığında, həyətlərində də bıçaqlaşma, dava hadisələri olur:
"İndi cavan, yeniyetmə oğlanların üzərində bıçaq gəzdirməsi adi hala çevrilib. Bunun özü əxlaqsızlıq, xuliqanlığa meyllilikdir. Bəyənmədiyimiz Sovet dövründə yetkin insanlar belə cibində bıçaq gəzdirməyə çəkinirdi, qanun qarşısında məsuliyyətini dərk edirdi. 14-15 yaşında uşaqlar niyə bıçaqla gəzir? Bir-birləri ilə dava edirlər, gücü çatmadıqda, yaxud emosional vəziyyətdə bıçağa əl atırlar. Həmin gənclərin üzərində belə alətlər olmasa, bəlkə də dava-dalaşları adi yumruq, təpik davası ilə başa çatar. Bu məsələlərdə insanların öz əxlaqı, tərbiyəsi böyük rol oynayır.
Cəmiyyətdə ictimai nəzarət də zəifləyib. Əvvəllər mənfi hadisə baş verdikdə polisi yox, daha çox insanların özlərini günahlandırırdılar. Cavanlar düzgün hərəkət etmədikdə, bıçaqla gəzdikdə o bölgənin insanları bunu qınaq obyektinə çevirir, böyüklər məsləhət verirdilər. Cavanlar da bu ictimai qınaqdan çəkinir, onların sözünə əməl edirdilər. İndi isə kiməsə "filankəsin tərbiyəsiz hərəkətinə münasibət bildir” deyəndə, düşünür ki, nəyimə lazımdır, sonra məni də vurar, bıçaqlayar. Bu tendensiyanın davam etməsi də xuliqanlıqlara, qətllərin artmasına təkan verən amillərdən biridir”.
Qeyd edək ki, Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində yerləşən "Köhnə Bakı” kafesində ofisiant Məmmədov Mirzağa Yusif oğlu mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Qədirli Çingiz Ramiz oğlunu bıçaqlayaraq qətlə yetirib. M. Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Aysel Aslan