Bakının təmizliyinə diqqət artır

İctimai yerlərdə davranış qaydalarının yüksəldilməsi üçün tədbir keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclərin ictimai yerlərdə davranışlarının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində seminar - treninq keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ceyhun Əsədov bildirib ki, layihə Bakı şəhərininin təmizliyinin qorunub saxlanılmasına, sellofan torbalar, saqqız, su qabları və s. tullantılarlarla ətrafın zibillənməsinə qarşı ictimai nəzarətin artırılmasında gənclərin görə biləcəyi işlərdən danışıb. Son zamanlar beynəlxalq səviyyəli yarışlara, tədbirlərə ev sahibliyi edən şəhərin estetik görünüşünə xələl gətirən bu cür ikrah doğuran halların aparılan quruculuq və abadlıq işləri ilə daban-dabana zidd olduğunu qeyd edən layihə rəhbəri, həmçinin problemin həlli üçün maarifləndirmə işlərinin vacibliyindən söz açıb. O, qeyd edib ki, gənclərin təəşəbbüskarlığı nəticəsində daha böyük auditoriyaya çıxış əldə etmək olar və bununla layihə daha effektiv olar.
Sonra ekspert Mütəllim Rəhimli çıxış edib. O, Bakının dünyanın mədəniyyət mərkəzinə çevrildiyini, hər ay mədəni və idman tədbirlərinin keçirildiyini, bunun nəticəsində ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşdığını vurğulayıb. Natiq həmçinin, Bakının öz təmizliyi və gözəlliyi ilə nümunə göstəriləcək şəhər halına gəldiyini, bütün görülən işlərdə ölkə başçısı cənab İlham Əliyevin müstəsna xidmətləri olduğunu xatırladıb.
M.Rəhimov tədbir iştirakçılarını bu problemə biganə qalmamağa çağırıb. O, daha sonra gənclərin öz aralarında ictimai yerlərdə davranışlarına diqqəti çəkib. Qeyri-etik ifadələrin işlədilməsi, ucadan danışılması, böyüklərə hörmət göstərilməməsi və s. halların mövcudluğunu və bunların mənəvi, əxlaqi dəyərlərimizlə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Yekunda layihənin Azərbaycan Texniki Unveristetində keçirilməsinin önəmi qeyd olunub  və iştirakçı gənclərin milli, mənəvi dəyərlərimizin qorunmasında və qeyd olunan problemlərin həllində  səy göstərəcəklərinə inam ifadə olunub.