Yeni mer burdan başlamalıdır
Paytaxtda yaşayan bina sakinləri bəzən evlərinin sahəsini artırmaq üçün qanunsuz əməllərə əl atırlar. Bir də görürsən ki, küçədən hər gün gözlə görünən eyvanda qeyri-rəsmi şəkildə artırmalar ediblər. Sakinlər bunu öz ağıllarında uğurlu bir layihə hesab edirlər.
Lakin "sən saydığını say, gör fələk nə sayır?”. "Evim böyüdü” deyə sevinənlər bu eybəcər artırmaların ziyanlı tərəflərindən xəbərsizdirlər. Bununla onlar həm özlərinin, həm də digər bina sakinlərinin həyatını təhlükəyə atmış olurlar.
Vətandaşların Əmək Hüquqlarını Müdafiə Liqası icariyyə komitəsinin sədri Sahib Məmmədov "Sherg.az”a açıqlamasında vurğulayıb ki, mənzillərin konstruksiyasının qanunsuz şəkildə dəyişdirilməsi doğru addım deyil:
"Bu yalnız vahid plan əsasında və onun texniki göstəriciləri öryənildikdən sonra baş verə bilər. Məsələn, mən icra hakimiyyəti başçısı işlədiyim zaman belə layihələri binanın bütün sakinləri razı olduğu zaman vahid plan əsasında həyata keçirilməsinə razılıq vermişəm. Sonra bəzi razılıq vermiş sakinlərin sonda narazılığı ilə bu praktikaya son qoymuşam. Sakinin öz evinin sahəsini istədiyi kimi genişləndirməsi sonda ortaya pis mənzərə çıxarır. Əlavə tikililər binanın divarlarına əlavə yük düşməsinə səbəb olur. Bu zaman da onun seysmik davamlığı zəifləyir. Eyvanlar vasitəsi ilə tikilmiş əlavə tikililər gələcəkdə qarşısıalınmaz problemlərə yol açır. Bu cür tikililər təkcə seysmik hadisələr zamanı problem çıxarmır. Binaların divarlarına həddən artıq yük düşdükdə onun buna dözmə qabiliyyəti azalır. Hətta yerə bərkidilməmiş asma eyvan artıq yükdən dolayı divarların çökməsi ilə binanın deformasiyaya uğramasına gətirib çıxara bilər.
Ona görə bunun qarşısı vaxtında alınmalıdır. Əvvəllər burada özbaşınalıq çox olub. Bütün bunlar ondan qaynaqlanır. Belə şərait rayonlara nisbətən paytaxtda daha çox olur. Eyvanlar vasitəsi ilə evlərin sahəsinin genişlənməsi özbaşınalıq halında həyata keçirilmir. İcra başçılarının nəyinsə qarşılığında onlara qeyri-rəsmi icazə verməsi ilə bu addım atılır. Bundan başqa bu cür hallar Bakı şəhərinin görkəminə xələl gətirir. Çünki çox zaman bu artırmaların ölçüsü bir-biri ilə müqayisədə uyğunsuz olur. Çünki hər kəs necə istəyib, eləcə də artırıb. Bəzi sakinlər artırdıqları həmin hissəni öz mülkləri kimi rəsmiləşdirib. Həmin hissə artıq onların rəsmi şəkildə evlərinin tərkib hissəsi kimi sənədləşdirilib. Amma çoxunda belə artırmalar qeyri-rəsmidir.
Bəzən mənzillərin öz sahəsindən də böyük qeyri-rəsmi yolla artırılmış eyvanları ilə qarşılaşırıq. Bunların heç biri doğru deyil. Avropa ölkələrində yaşayış küçələri tamamilə səliqəli olur. Orada bu cür artıq, qanunsuz tikililər olmur. Bakı şəhərinin yeni meri bunların qarşısının alınması haqqında bəzi tədbirlər həyata keçirməlidir. Belə tikililərin sənədlərini tələb edib, onların qanunsuz olduğunu sübut etməklə, onlar haqqında lazımi addımlar atıb, yeni tikililəri də dərhal sökdürməklə onun qarşısını birdəfəlik ala bilər”.
Kənan Eynuroğlu