Asim Mollazadə: “Faktlara söykənərək tələblərimizi beynəlxalq hüquq normaları çərçivəsində tələb etməli, Fransanı da dünyaya işğalçıya dəstək göstərən ölkə kimi təqdim etməyi bacarmalıyıq"
"Bu səfərin təşkilatçıları Fransada fəaliyyət göstərən və təşkilatlanmış erməni diaporasıdır. Onlar Fransada mövcud olan siyasi korrupsiyadan istifadə edərək Fransanın bir sıra parlament üzvlərini ələ alıblar və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil edirlər”.
Bu barədə "Sherg.az”a Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini şərh edərkən millət vəkili Asim Mollazadə bildirib.
Parlamentari qeyd edib ki, indi də rəsmi Paris hərbi cinayətkar B.Saakyanı Fransaya dəvət edir:
"Bu, onu göstərir ki, Fransada ciddi siyasi korrupsiya mövcuddur. Fransadakı erməni lobbisi fransız siyasətçiləri məhz bu korrupsiya faktına görə cəlb edə bilirlər. Bununla mübarizə şəffafflıqdan keçə bilər. Fransanın bu qanunsuzluqları barədə beynəlxalq təşkilatlara, Avropa ölkələrinə məlumatlar vermək lazımdır. Mənə elə gəlir ki, bu mabarizə Azərbaycanın apardığı informasiya mübarizəsinin tərkib hissəsinə çevrilməlidir. Nəhayət biz ABŞ və digər ölkələrdə o qüvvələrə qarşı apardığımız informasiya mübarizəmizi gücləndirməliyik və öz haqlarımızı beynəlxalq hüquq normaları çərçivəsində tələb etməliyik. Bu cür hadisələr ilk dəfə deyil. Bu B. Saakyanın Frsansaya 5-ci səfəridir. Müharibə sadəcə səngərdə getmir. Buna hazır olmalıyıq”.
"Bu qanunsuz davranışlarına görə, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmasını tələb edə bilərmi?” sualına gəlincə, deputat qeyd edib ki, bu ölkə həmsədrlikdən uzalaqlaşsa da onun yerinə başqası gələcək,o da Fransadan fərqli heç nə etməyəcək:
"Əsas odur ki, faktlara söykənərək tələblərimizi beynəlxalq hüquq normaları çərçivəsində tələb etməli, bu cür qanunsuzluqları, separatçıya dəstəyi üzə çıxarmalı və Fransanı da dünyaya işğalçıya dəstək göstərən ölkə kimi təqdim etməyi bacarmalıyıq. Konkret olaraq BMT-nin qətnamələrində Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana aid olduğu vurğulanr və bildirilir ki. Ermənistan Azərbaycanın ərazilərini qeyd -şərtsiz boşaltmalıdır. Bu kimi faktlardan istifadə edib Fransanın işğalçıya dəstək siyasətini ifşa edə bilərik”.
Qeyd edək ki, Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atmışdır.
Ayyət Əhməd