Bank sektorunu sanki oyuncağa çeviriblər

"Bu gün müştəri vəsaitini aparıb banka depozit olaraq yerləşdirirsə, kreditlərini məcburiyyət qarşısında dollarla vermiş olur"




Ölkəmizdə dollarla verilən kreditlərlə bağlı vacib yenilik tətbiq olunacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının tətbiq etdiyi yeni qaydaya əsasən xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək.

Bundan başqa, daşınmaz əmlaka görə verilən kredit də yalnız milli valyutada olmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qaydaları xarici valyutada kredit alınması üçün bəzi qadağaları özündə birləşdirir.

Xarici valyutada kredit almaq üçün istiqrazlardan da istifadə edilə bilər ki, bu şərtlər də kifayət qədər sərtdir.

Dollarla verilən kreditlərlə bağlı yeni qaydaların tətbiqinə ehtiyac olmadığını vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, ölkəmizdə bankların fəaliyyətində differensial yanaşma sağlam yanaşmadır:

 "Amma bank sektorunu sanki oyuncağa çeviriblər. Maliyyə Bazarlarına Nəzarət Palatası lazımsız əməliyyatları həyata keçirir. Məsələn, bu gün müştəri vəsaitini aparıb banka depozit olaraq yerləşdirirsə, kreditlərini məcburiyyət qarşısında dollarla vermiş olur”.

İqtisadçı bildirib ki, Azərbaycan qanunvericiliyində hər kəsə şamil olunub ki, ölkəmizdə bütün əməliyyatlar manatla, yəni milli valyuta ilə aparılır:

"Belə olduğu halda avtomatik olaraq bu gün dollarla veriləcək kredit problemi aradan qaldırılır. Elə vətəndaşlar da var ki, xaricdən məhsul gətirmək üçün kredit götürürlər. Həmin vətəndaş birmənalı olaraq sərhədin o biri tərəfinə dollar keçirməlidir. Ancaq məhsulunu idxal etdikdən sonra yenidən dollar götürməlidir. 

Ölkəmizdə bununla bağlı prosedurlar var. Kifayət qədər valyuta mübadilə məntəqələri fəaliyyət göstərir. Ona görə də yeni qərar lazımsızdır. Dollarla verilən kreditlərlə bağlı problemin aktuallığı onda yarandı ki, kütləvi olaraq 2015-ci ilə qədər əhaliyə dollarla kreditlər verildi. Lakin devalvasiya olandan sonra vətəndaşların dollarla olan krediti verə bilməməyi problemlərə səbəb oldu. Bu problemi həll etmək lazımdır. Lakin həll edə bilmirlər. 

Bu gün qərar verilir ki, dollarla ancaq filankəslərə kredit vermək olar. Aydın məsələdir ki, vətəndaş manatla kredit götürüb biznesi üçün dollara çevirsə, yenə də həmin problemlə üzləşəcək. Belə çıxır ki, qayda kağız üzərində qalacaq. Bir iqtisadçı kimi qərarı çıxaranların yerinə utanıram. Belə əməllər etmək olmaz. Bu, lazımsız bir qərardır”.

Yeganə Bayramova