Banklara İTTİHAM: " “Qara bazar”ı onlar yaradır"

Oqtay Haqverdiyev: ""Qara bazar” dolları banklardan və ləğv edilən valyuta dəyişmə məntəqələrindən alır"



Bank sistemi normal fəaliyyət göstərərsə, "qara bazar” sıradan çıxa bilər.


Bunu Sherg.az-a dolların bahalaşması ilə əlaqədar "qara bazar”ın aktivləşməsindən danışarkən iqtisadçı-ekspert Oktay Haqverdiyev deyib. 

Onun sözlərinə görə, bu qanunsuz dollar satışı kommersiya bankları tərəfindən əhalinin vəsait əldə etməsinə süni məhdudiyyətlər yaradıldığı halda fəaliyyətə keçir: 

"Lakin onları yaradan da banklar özləri olur. Adi şəraitdə bankların müəyyən qədər qazancı olur. Böhran vəziyyətində bu qazanc aşağı düşdükdə, problemli kreditlər yığıldıqda isə banklar valyuta ehtiyatlarını saxlamağa çalışır. Beləliklə, bank rəhbərləri dolların satışını ləğv edir və əhali də pullarını "qara bazar”da dəyişməyə məcbur olur. "Qara bazar”ın dolları haradan əldə etməsi barədə isə sual yaranır. Aydın məsələdir ki, bu dolların mənbəyi banklardan və ləğv edilən valyuta dəyişmə məntəqələrindən başlayır. Mərkəzi Bankla bu ticarətin arasında məzənnə fərqi olduğu üçün "qara bazaar”çılara daha çox qazanc qalır. 90-cı illərin əvvəllərində də bu biznes mövcud idi. Sonradan bank sistemi normal fəaliyyət göstərdikdə artıq bu sıradan çıxmağa başladı. İndi də həmin vəziyyət bu şəkildə yoluna qoyula bilər”.

Qeyd edək ki, son günlər "qara bazar”ın aktivləşməsi səbəbləri Milli Məclis səviyyəsində geniş müzakirələrə səbəb olub.
 
Ayyət Əhməd