"...Bankların durumu çətinləşib" - Çökürlər...

Əkrəm Həsənov:"İstənilən halda, vəziyyət il ərzində pisləşərək davam edib. Çıxış yolu isə odur ki, ya bankların mövcud səhmdarları əlavə pul yatırmalı, ya da yeni səhmdarlar tapılmalıdır"
""Bank of Baku” və "Bank Respublika”nın reytinqi bu il ikinci dəfədir ki, "Moody’s Investors Service” tərəfindən endirilir”.
Bunu "Sherg.az”a bank hüququ üzrə ekspert Əkrəm Həsənov deyib. O vurğulayıb ki, ilin sonunda bu bankların reytinqinin yenidən aşağı salınması vəziyyətin pis olduğunu göstərir:
"Hər iki bankda səhv kredit siyasəti aparılır. Nəticədə bankların durumu çətinləşib.
Ümumən isə bu iki bank yerli banklar içərisində hətta ən yaxşı banklardır. Düşünün ki, digər banklarda vəziyyət nə yerdədir. "Moody`s” isə reytinqi o vaxt müəyyən edir ki, banklar maliyyə hesabatlarını təqdim etsin. Maliyyə hesabatları verilməyən banklar beynəlxalq reytinq agentliklərinin siyahısına düşə bilmir. Bəzi Azərbaycan banklarının vəziyyətləri o səviyyədədir ki, onlar bu cür agentliklərlə əməkdaşlıqdan qorxurlar. Ona görə, "Bank Respublika” və "Bank of Baku”nun vəziyyətini digərlərinə nisbətdə normal qiymətləndirmək olar.
İstənilən halda, vəziyyət il ərzində pisləşərək davam edib. Çıxış yolu isə odur ki, ya bankların mövcud səhmdarları əlavə pul yatırmalı, ya da yeni səhmdarlar tapılmalıdır. Ola bilər, kimsə bu bankları alsın, maliyyə ayırıb, batmasının qarşısını alsın. Amma get-gedə bu sahədə vəziyyətin pisləşməsi investisiya yatırmaq istəyənlərin sayına da təsir göstərir. Heç kim pul qoymadıqda isə həm bu banklar, həm də bəzi başqa banklar müflisləşəcək”.
Qeyd edək ki, "Moody’s” "Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "B3” səviyyəsindən "Caa1” səviyyəsinədək, "Bank of Baku”nun analoji reytinqini isə "Caa1” səviyyəsindən "Caa3” səviyyəsinədək salıb.
Aysel Aslan