Baş nazirin istefasının arxasında İvanişvili dayanır

Gürcüstan hakimiyyətinin xaç atası hökumətin və partiyasının reytinqinin aşağı düşməsinin fərqindədir



Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib. Bu barədə Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə açıqlayıb. Sabiq baş nazir son günlər ölkədə keçirilən etiraz aksiyalarına görə, bu addımı atdığını deyib. O, 2013-cü ildən Gürcüstan hökumətinə rəhbərlik edib. Xatırladaq ki, son günlər qonşu ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Mitinqə çıxanlar hökumətin istefasını tələb edirlər.

Məsələni şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, bu istefanın arxasında Gürcüstan hakimiyyətinin xaç atası Bidzina İvanişvili dayanır. Onun sözlərinə görə, İvanişvili hakim "Gürcü arzusu” partiyasının və hökumətin reytinqinin sürətlə aşağı endiyinin fərqindədir: "Bu isə qarşıdan gələn parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilini geri qaytarmaq imkanlarını artırır. İvanişvili seçkidə məğlubiyyətə dözər, ancaq Saakaşvilinin geri qayıdışını həzm edə bilməz. Saakaşvili onun ən qorxulu röyasıdır. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir. İki variant var, ya hökumətin başına özü keçəcək, ya da Kvirikaşvili kimi bir gənci tapıb baş nazir seçdirəcək”.

Gənc politoloq Zeynal Əmraliyev də Kvirikaşvilinin yeni gənc kadrla əvəzlənəcəyini düşünür: "Hökumətin başına kim keçir keçsin, real hakimiyyət İvanişvilinin əlindədir. İvanişvili aksiyaları payıza qədər sakit saxlamaq istəyir. Payızda Gürcüstanda növbəti prezident seçkiləri olacaq. Hər nə qədər iqtidarın nüfuzu aşağı düşsə də, hələki seçkilərdə qalib gəlmək şansını əlində saxlaya bilir. Amma mitinqlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Aksiyalarda əsas liderlik "Ağ-Səs Küy”’ adlı siyasi hərəkatın lideri Beka Çekaraşvilinin əlindədir. Onun qüvvələri ilə keçmiş prezident Mixail Saakaşvilinin partiyası birlikdə hərəkət edərsə, İvanişvilini hakimiyyətdən sala bilərlər. Əks halda vəziyyət qəliz olacaq. Ancaq görünən budur ki, nə Çekaraşvili, nə də Saakaşvili bu işə yanaşmağa tələsmir. Zənnimcə, yaxın gələcəkdə Gürcüstanda müxalifətin böyük koalisiyası baş tutacaq. Əgər bu birlik yaranarsa, payızda Tiflisdə 15 il qabaqkı "‘Qızılgül İnqilabı”’ yenidən gərçəkləşə bilər”.

İsmayıl