Son illər Azərbaycanda elektron medianın çap mətbuatını sıradan çıxarmasına dair çoxsaylı fikirlər səsləndirilir. Ən təəssüf və təccüb doğuran məqam isə odur ki, ilk jurnalistik fəaliyyət və qabiliyyətlərini qəzet redaksiyalarında sınayanlar da "Qəzet erası bitib" deyərək çap mətbuatının öz yerini elektron mediayaya verməli olduğunu iddia edir. Son aylar isə bu məsələlər iddia müstəvisindən çıxaraq çap mətbuatına qarşı "qara piar" kampaniyasına çevrilib. Artıq " kampaniyaya" bəzi yerli telekanallar da qatılıb.
Məsələn, "ARB" telekanlında aparıcı Elgiz Əkbərin təqdimatında efirə gedən "Səhər-səhər " proqramının reklam çarxında qəzetə və qəzet oxuma mədəniyyətinə ciddi zərbə vuracaq görüntülər yer alıb. Belə ki, öncə oturuqlu halda qəzet açıb oxuyan müğənni Əli Mirəliyev yerini başqa bir xanıma həvalə edir, bundan sonra aparıcı Elgiz Əkbər qəzeti həmin xanımın əlindən alaraq büküb kənara atır və sinəsini irəli çəkib verilişinə start verir.
Həmin videonu təqdim edirik:
Sözsüz ki, aparıcının bu uğursuz davranışı media cameəsində və eləcə də ictimaiyyətdə ciddi narazılıqlara yol açıb. Çap mətbuatının ölkədə ictimai-siyasi institutlara çevrildiyini söyləyən ictimaiyyət nümayəndələri və baş yazarlar aparıcını bu "yaradıcılığına" görə kəskin tənqid ediblər. Və bildiriblər ki, ölkədə oxunun və ya kitab oxumağa meylin öləzidiyi bir dönəmdə qəzeti 9 milyonun gözləri qarşısında büküb kənara atmaq , ölkədə çap mətbuatına zərbə vurmaqla yanaşı, cəmiyyətin oxu mədəniyyətini də kobud şəkildə zədələyir.Əksər ziyalı adıçəkilən aparıcıya heç uzağa getmədən Türkiyə telekanallarında çalışan aparıcıları nümunə göstərərək qəzetə və qəzetçiliyə olan münasibəti onlardan öyrənməyi tövsiyə ediblər.
Məsələyə münasibət bildirən "Ayna"- "Zerkalo" qəzetlərinin baş redaktoru, görkəmli ziyalı Elçin Şıxlı "Sherg.az"-a söyləyib ki, həmin videoda bükülüb, əzilib, kənara atılan qəzetin loqosu əks olunsa idi, proses məhkəməyə qədər gedib çıxa bilərdi: "
"İllər öncə bir təşkilat divardan asmaq üçün təqvim dərc etmişdi. Təqvimdə əzik qəzetin üzərinə çay, bir tikə çörək və soğan qoymuşdular. Amma həmin təqvimdə "Zerkalo” qəzetinin loqotipi əks olunmuşdu. O təşkilatın rəhbəri isə ölkədə ən tanınmış heykəltəraşlardan biri idi. Həmin şəxsi məhkəməyə verməyə hazırlaşırdım ki, zəng vurub məni anladığını deyib, dərinə getməməyimizi xahiş etdi.
Bu süjetdə də qəzetin loqotipi əks olunsaydı, məsələ məhkəməlik idi. Ümumiyyətlə, ölkədə oxuya, qəzetə qarşı münasibət doğrudan belədir. Qəzeti büküb, yerə atmaq fikri də onların ağlına məhz bu səbəbdən gəlib. Reklamda "25-ci kadr” - deyə bir anlayış var. ARB-də yayımlanan reklama baxan hər kəs qəzeti büküb, kənara atacaq. Bu sadəcə ağılsız addımdır. Xüsusilə, media nümayəndələri tərəfindən mediaya qarşı düşünülməmiş şəkildə atılan bu addım tənqid olunmalıdır. Həmin reklamın dəyişdirilməsi tələb edilməlidir”.
ARB telekanalının ictimai fikri təsdiq edən informasiya daşıyıcısı olduğunu söyləyən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, televiziya və qəzetlər qarşılıqlı şəkildə bir-birinə münasibətdə uyğun addımlar atmalıdır:"Dünyada çap mətbuatının, qəzetlərin daim yaşayacağına heç şübhə yoxdur. Qəzet ölkəni və dünyanı tarixiləşdirən, ictimai fikrə təsir göstərən vasitədir. Qəzetə qarşı reklam çarxındakı kimi münasibətin sərgilənməsi yolverilməzdir. Qəzeti aşağılamaqla televiziyanın informasiya cəmiyyətinə daxil olmasını qabartmaq bir-birinə ziddiyyət təşkil edən amillərdir.
Doğrudur, qəzetlər var ki, özlərini hörmətdən salırlar. Jurnalistikaya yad olan əməllərə sahib "qəzet"lər fəaliyyət göstərir. Amma Azərbaycanda ciddi, ictimai fikrə təsir göstərə biləcək qəzetlər də var. Düşünürəm ki, mediaya o şəkildə münasibət göstərilməməlidir. Qarşılıqlı hörmət olmalıdır. Reklam xarakterli olsa da, bu çarx çap mətbuatını aşağılamağa yönəlməməlidir”.
Bundan dərin təəssüf hissi keçirən tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli vurğulayıb ki, bizim teleməkanda belə yüngül şouların xüsusi çəkisi artır:"Belə zərərli meylin ARB-də də qabarmasına təəssüf edirəm. Bir tamaşaçı olaraq mənim üçün hansısa tanımadığım müğənninin kiminlə münasibətinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, bizim şou əhlinin böyük qismi inyellekt və ağıl sarıdan, bəziləri isə , hətta elementar etika sarıdan korluq çəkir. Ona görə də belə adamları tez-tez efirə çıxarıb danışdırmaq məqsədəuyğun feyil. Həm də geniş auditoriyanı belə gərəksiz mövzularla zəhərləmək, tamaşaçını və verilişin özünü bu dərəcədə məişət səviyyəsinə endirmək olmaz".
Hazırladı: Aysel Aslan, Ayyət ƏHMƏD