Bayılda çoxmərtəbəli bina çökür

“Gil təbəqəsinin üzərində duran yarımadanın üzərində hündür binaların tikilməsi yolverilməzdir”




Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 sm çöküb.

Belə sürüşmələrin ilk dəfə olmadığını deyən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova "Şərq”ə bildirib ki, Səbail rayonunda artıq 2-3-cü dəfədir ki, sürüşmə baş verir: 

"Bütün bu sürüşmələr dərs olmadı, yenə də hündür mərtəbəli binalar tikməyə başlayırlar. Artıq deməkdən yorulmuşam ki, dəniz kənarında olan yerlərdə hündür binalar tikilməməlidir. Torpaqlarda sürüşmə əmələ gəlir. Çünki dəniz kənarı yerlərimizdə torpaq altında 7 metrlik gil təbəqəsi yerləşir. Ümumiyyətlə, gil təbəqəsinin üzərində duran yarımadanın üzərində hündür binaların tikilməsi yolverilməzdir.

Bayıl qəsəbəsində torpaqlar çox sürüşkəndir. Ona görə orda da hündür mərtəbəli binaların tikilməsi təhlükəlidir. Əlbəttə ki, bina çatlayacaq və yanında olan binalara da təsir göstərəcək”.

Yeganə Bayramova