Ramil Osmanlı: "Əslində isə hökumət ədalətli kompensasiya ödənişi həyata keçirməlidir ki, mənzilləri qəzalı vəziyyətə düşmüş sakinlər sabah küçədə qalmasın"
"Hökumət Bayıldakı tikililərin kompensasiya ödənişlərini azaltmaqda maraqlıdır”
Bu sözləri "Sherg.az”a Bayılda sürüşmə zonasındakı uçan evlər üçün onların sahiblərinə ödəniləcək kompensasiyanın "Sovetski"də sökülən mənzillərə ödənilən kompensasiyadan az olacağına dair açıqlamaya münasibət bildirərkən əmək məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun qənaətincə, Bayıl ərazisindəki bu acınacaqlı problem hələ də davam edir:
"Müvafiq qrumların açıqlamalarından belə görünür ki, bu ərazidəki tikililərin böyük əksəriyyətinin mülkiyyət sənədi olmayıb. Amma bu o demək deyil ki, kompensasiya ödənişi həyata keçirilərkən mülkiyyət sənədləri qaydasında olmayan əmlak subyektləri ilə mülkiyyətdə olan əmlak subyektləri arasında iki dəfəyə yaxın fərq olsun. Yəni bura da məsələyə yanaşma düzgün deyil. Amma hökumətin mövqeyindən indiki mərhələdə belə başa düşmək olur ki, hökumət kompensasiya ödənişlərində daha çox bu məqamı nəzərə almağa çalışır. Hökumət o tikililərin kompensasiya ödənişlərini azaltmaqda maraqlıdır".
Həmin mənzillərin mülkiyyətə qəbul olunmamasının səbəblərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, bu hal yalnız Bayılda deyil, bir çox ərazilərdə yaşanır:
"Bakı və Abşeron ərazisində 25-50 il əvvəl inşa olunmuş tikililərə yanaşı, son 5-10 il əvvəl ərzində inşa olunmuş xeyli sayda fərdi yaşayış və çox mənzilli binalar var. Həmin mənzillər qeydiyatda da deyilər. Bu, ciddi məsələdir. Hökumət bununla bağlı müəyyən bir konsepsiya hazırlayıb təqdim etməli və buna uyğun əmlaklar qeydiyyata alınmalıdır. Təəssüf ki, son illərdə məlum məsələyə dair bir naçə dəfə ayrı-ayrılıqda açıqlama verilməsinə baxmayaraq hələlik bu konsepsiya hazırlanıb təqdim olunmayb. Istənilən halda mövqeyim bundan ibarətdir ki, hökumət ədalətli kompensasiya ödənişi həyata keçirməlidir ki, mənzilləri qəzalı vəziyyətə düşmüş sakinlər sabah küçədə qalmasın. Ən azından aldıqları o kompensasiya ilə öz məişət şəraitlərini qura bilsinlər və yaxud da evlərini təmir etdirə bilsinlər”.
Qeyd edək ki, Baş nazirin müavini Abid Şərifov Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiyanın "Sovetski"dəki kimi olmayacağını bildirib. Səbəbini isə Bayıl sürüşmə zonasında tikilən həmin evlərin sənədsiz olması ilə izah edib: " İstənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".
Kənan Eyburoğlu