Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramına sayılı günlər qalıb. Artıq bir neçə gündən sonra 2018-ci ili qarşılayacaq, yeni ilin gəlişini böyük bir şövqlə qeyd edəcəyik. Digər əlamətdar günlərdə, bayramlarda olduğu kimi bu bayramda da metro stansiyalarının çıxışlarında xüsusi yarmarkalar qurulub, bayram aksessuarları- oyuncaqlar, uşaqlar üçün bayram paltarları satılır. İnsanların sıx olduğu yerlərdə yarmarkalar daha geniş qurulub, çeşid bolluğu hiss edilir. Nisbətən sıxlıq olmayan metro çıxışlarında isə yarmarka çadırları daha kiçikdir.
Qiymətlərə gəlincə, əksər yarmarkalarda hər alıcının zövqünə, cibinə uyğun nə isə tapmaq mümkündür. Satıcılar deyir ki, "yolka"lar ölçüsündən asılı olaraq, 5-200 manat arasında dəyişir. Ən kiçik "yolka"lar 5-15 manat əhatəsindədir. 1 metr 20 santimetr hündürlüyü olan şam ağacının qiyməti 27-30 manatdır. Satışın zəif olduğu yarmarkalarda satıcılar bir qədər endirim etməyə razılaşır.
"Yolka" bəzəklərinə, oyuncaqlara gəlincə, bu məhsullarda demək olar, ən ucuz qiymətlər elə bu çadır-yarmarkalardadır.
Metronun "Elmlər akademiyası” stansiyasının çıxışındakı yarmarkada "yolka" oyuncaqlarında çeşid bolluğu hiss olunur. Bayram şamlarından tutmuş, karnaval paltarlarına qədər Yeni ilə aid hər şey tapmaq mümkündür.
İt ili olduğuna görə, bütün yarmarkalarda yumşaq it oyuncaqları var. Həmin oyuncaqların qiymətləri 3-5 manatdan, fişənglərin qiymətləri isə 8 manatdan başlayır. "Elmlər” stansiyasında karnaval paltarları 10 manata satılır.
"Yolka"nın bəzədilməsi üçün oyuncaqların qiymətləri 1,50 manatdan başlayır, 20-22 manata kimi yüksəlir. Zərlərin qiyməti 1 manat, rəngli işıqların qiyməti isə 1,50 - 7 manat arasında dəyişir. Uşaqların sevimli oyuncaqlarından olan şarın qiyməti isə 5-20 qəpikdir.
Metronun "28 may” stansiyasının çıxışında bir neçə yarmarka qurulub. Həmin yarmarkalarda da qiymət fərqi var. Nisbətən böyük olan yarmarka çadırında qiymətlər də bahadır. Şaxta baba, Qar qız oyuncaqlarının ən ucuzu 3 manat, ən bahalısı 50 manatdır. "Yolka" işıqlarının qiymətləri isə 2 manatdan başlayır.
Bu ərazidəki yarmarkalarda kiçik şaxtababa suvenirlərinin qiymətləri 4 manat şamların qiymətləri 1,50 -2 manat ətrafında dəyişir.
Alıcılar isə yarmarka adlanmasına baxmayaraq bu məkanlarda qiymətlərin baha olmasından şikayətlənir. Bayram alış-verişinə gələn şəhər sakinləri xüsusilə uşaqlar üçün paltarların və bayram suvenirlərinin qiymətlərindən narazıdır.
Aysel Aslan