Belə müəssisələr dövlətin üzərində yük olmaqdan çıxarılmalıdır






"Beynəlxalq Bank” 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. O bildirib ki, bu il ərzində təxminən 4,3 mlrd. manat həcmində toksik aktiv bankın balansından çıxarılaraq "Aqrarkredit”ə ötürülüb.

Onun sözlərinə görə, Beynəlxalq Bankın sistem əhəmiyyətli bank olmağı və sektorda dominant payının aşağı salınması palatanın qarşısında duran əsas tələblərdən idi: "Məlumat üçün deyim ki, bu proseslərdən sonra bankın sektordakı payı 41faizdən 27 faizə düşüb. Mütləq ifadədə bu təxminən 13 mlrd. manatdan 7 mlrd. manata qədər aşağı salınıb”.

Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, 2005-ci ildə Beynəlxalq Bankın səhmlərinin müəyyən bir qisminin özəlləşdirilməsi və dövlətin payının azaldılması ilə bağlı Prezident tərəfindən xüsusi Sərəncam imzalanıb. Ekspertin sözlərinə görə, sonrakı dövrlərdə müxtəlif maraq qruplarının işə müdaxiləsi və əngəlləməsi nəticəsində proses baş tutmayıb və nəticəsi çox ağır olub: 

"2015 və 2016-cı illər, həmçinin 2017-ci ilin mayına qədər, 2 il yarımlıq dövr ərzində dövlət tərəfindən Beynəlxalq Banka 11.7 milyard manata qədər vəsait ödənilib. Bankın 10 milyarddan artıq aktivləri, toksik aktivlərə çevrilib. Bu, faktiki olaraq müəssisədə özəl sahibkarların və kommersiya subyektlərinin təmsil olunmamasından irəli gələn bir situasiya idi. Beynəlxalq Bankın fəaliyyətinə nəzarət edən dövlət qurumları da daxil olmaqla bankın öz menecmenti strukturun effektiv idarə edilməsində deyil, daha çox dağıdılmasında maraqlı olublar. 

Nəticə göz qabağındadır. Axırda elə oldu ki, Bankın 100 milyonluq bir borcu ödəmə gücündə olmadığı üzə çıxdı. Halbuki Bankın devalvasiyadan əvvəlki aktivləri 9 milyarda yaxın idi. Daha sonra aktivlərin həcmi 13 milyarda yüksəlmişdi. Ancaq bu qədər imkanlar daxilində faktiki olaraq Bank 100 milyonu ödəyə bilmədi. Bu borclar isə dövlətin üzərində əlavə yük formalaşdırdı, qiymətli kağızlar üçün əlavə xərclər yaratdı.

 2018-ci ilin dövlət büdcəsində də bu məqsədlə 460 milyon vəsait ayrıldı”. İqtisadçı bildirib ki, baş verənlər onu göstərdi ki, müasir praktikada dövlət mülkiyyətinin effektliyi bütün dünyada aşağı qiymətləndirilir: "Amma hansısa müəssisənin bilərəkdən bu vəziyyətə salınması çox az rastlanan hadisədir. Beynəlxalq Banka verilən dəstəyin Ümumi Daxili Məhsulda payı 20 faizə çatıb. Bu, heç yerdə görülməmiş haldır. 

Hesab edirəm ki, "Beynəlxalq Bank” da daxil olmaqla fəaliyyətlərində qüsur və səmərəsizlik müşahidə olunan digər iri dövlət qurumlarının özəlləşdirilməsi olduqca vacibdir. Belə müəssisələr dövlətin üzərində yük olmaqdan çıxarılmalıdır. Bu qurumların özəlləşdirilməsi koorporotiv idarəetmə mədəniyyətinə gətirib çıxaracaq. Eyni zamanda xarici investorların prosesə cəlb edilməsinə, müasir təcrübənin ölkəyə idxalına şərait yaradacaq”.

İsmayıl