Fuad İbrahimov: "Təsdiqlənmiş qiymət artımından istifadə edib, süni şəkildə digər məhsulların qiymətinin artırılması düzgün deyil”
"Respublika ərazisində marketlərə pərakəndə satış üçün daşınmalarda, digər kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində və s. işlədilən dizel yanacağının qiyməti qalxmayıb”.
Bunu Sherg.az-a "Aİ-92” markalı avtomobil benzininin qiymətinin bahalaşmasının digər sahələrdə bahalaşmaya səbəb olub-olmayacağını izah edərkən iqtisadçı - ekspert Fuad İbrahimov deyib.
O bildirib ki, 92 markalı benzinin qiymətinin artması özəl taksilərə təsir göstərə bilər: "Ən çox "Hundai” kimi kiçik həcmli mühərrikə sahib nəqliyyat vasitələri ilə fəaliyyət göstərən taksilərdə qiymət artımı ola bilər. Bundan başqa özəl sahələrdə, bu benzinlə işləyən özəl avtomobil sahiblərinə təsir edə bilər.
Kütləvi şəkildə marketlərdə hansısa məhsulun qiymətini qaldırmaq, benzinin qiymətinin bahalaşmasını bəhanə etmək süni addımdır. Təəssüf ki, sahibkarlar bundan istifadə edib, artıq vəsait qazanırlar. Nəticədə isə vətəndaşlar əziyyət çəkir. Halallıq olmalıdır. Səbəb olmadan ərzağın qiyməti niyə qalxmalıdır? Düzdür, benzinin qiymətinin artması hər kəsə təsir edir. Hər kəs istəyir ki, xidmət sahəsində istifadə etdiyi vasitənin qiyməti aşağı olsun. Lakin təsdiqlənmiş qiymət artımından istifadə edib, süni şəkildə digər məhsulların qiymətinin artırılması düzgün deyil”.
Qeyd edək ki, Tarif Şurasının məlumatına görə hazırda şuranın gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının qiymətinin dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur.
Aysel Aslan