Zərdüşt Əlizadə: "Suriyada əsas dava Qatardan gələn qaz kəmərinin Avropaya keçirilməsidir. B.Əsəd buna mane olur və getməlidir"
"Həmişə ərazi, mənafe, sərvət uğrunda mübarizə aparılır”.
Bunu Sherg.az-a Suriyada 2011-ci ildən etibarən başlayan müharibə nəticəsində ümumilikdə 331 min 765 nəfərin dünyasını dəyişməsinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, bəşəriyyət insan tələfatı ilə heç vaxt hesablaşmayıb:
"Vaxtilə Qərb ölkələri Afrikanı müstəmləkə halına saldıqda 10 milyonlarla insanı qətlə yetirmişdilər. Bundan başqa Çini sovetləşdirəndə də eynilə milyonlarla insanı "uf demədən” öldürmüşdülər. Yaponiya bütün Yaxın Şərqi tutanda, Amerika Yaponiyaya 2 atom bombası atanda da milyonlarla insan qırıldı.
Birinci Dünya Müharibəsində 37 milyon, İkinci Dünya Müharibəsində isə 50 milyon insan tələf oldu. İndi isə həmin meyl davam edir. Nüvə silahı olduğundan bəşəriyyət yeni dünya müharibəsinə başlamır. Yeni dünya müharibəsi başlayarsa, yer kürəsində ümumiyyətlə həyat məhv ola bilər. Amma lokal müharibələrdə mənafe, sərvət uğrunda insan tələfatı ilə hesablaşmırlar.
Hər bir öldürülən, dövlətlərin hakim qüvvələri, prezidentlər, nazirlər öz maraqları naminə istənilən sayda insanı qurban verməyə hazırdır. Amma hər zaman onlar humanizmdən, bərabərlikdən, ədalətdən danışırlar. Bütün bunlara baxmayaraq, Suriya məsələsində də aydın olur ki, təxminən yarım milyona yaxın insan öldürülüb. Bundan əvvəl təxminən yarım milyon insan İraqda, bir o qədər də Liviyada qətlə yetirilib.
Bu, statistikadır. İnsan hüquqları üzrə təşkilatın bunu iddia etməsi öldürülən insanların hüquqlarını qorumaq deyil. Həmin təşkilat bunu həyata keçirən dövlətlərdən pul alırlar, öz hesabatlarının əksəriyyətini isə saxtalaşdırırlar. Hər hansı qüvvənin xeyrinə bir biabırçı faktı üzə çıxarırlar”.
Politoloq Suriyanın artıq kimyəvi silahdan xilas olmasından əminliyini ifadə edib. Onun sözlərinə görə, hər dəfə bir tamaşa qurub, uşaqların ürəyinə iynə vururlar ki, guya Bəşşar Əsəd kimyəvi silah istifadə edib:
"Əsəd diktatordur, canidir, şübhə yoxdur. Lakin onu devirməyə çalışan radikal islamçılar ondan pisdirlər. Həmin islamçılar Suriyanı dağıtmaq istəyirlər. Suriyada əsas dava Qatardan gələn qaz kəmərinin Avropaya keçirilməsidir. B.Əsəd buna mane olur və getməlidir. B.Əsəd devrilmədən həmin kəməri keçirə bilməyəcəklər, Rusiyanın Avropadakı monopoliyasına son qoya bilməyəcəklər, Rusiyanı çökdürə bilməyəcəklər. Rusiya bütün bu səbəblərə görə, B.Əsədə dəstək verir.
Suriyada tələf olan insanlara gəldikdə isə sərvət sahibləri, dünya siyasətinin ağaları humanizmdən uzaq insanlardır. Ümumiyyətlə, dünya siyasətində az hallarda humanist insanlar vəzifə başına gələ bilirlər. Əksəriyyəti dələduz, cibgir, vəzifədən başqa heç nəyi düşünməyən insanlardır. Məsələn, Amerika prezidentlərinin heç biri əxlaqi normalarla hərəkət etmir.
Yalnız Amerikanın iqtisadi, siyasi maraqlarını düşünür. Eyni fikri Rusiya haqqında da demək mümkündür. Hətta Rusiyanın rəhbərləri öz mənafeləri naminə dövlətlərini – SSRİ-ni dağıtmağa belə razı oldular. İndi isə Rusiyanı dağıdır, öz ciblərini doldururlar. Buna təəccüblənməmək lazımdır. Putin riyakar mövqe tutub, onun ittiham hədəfi B.Əsəddir. Lakin Suriya lideri ən məzlum iştirakçıdır, resursları o qədər də böyük deyil. Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Qatar kimi ölkələr isə "at çapır””.
Qeyd edək ki, tələfat barədə Suriyanın insan hüquqlarının qorunmasına dair təşkilatı olan "OSDH" hesabat açıqlayıb. Məlumatda qeyd olunur ki, qətlə yetirilən 331 min 765 nəfərdən 99 min 617 -i mülki vətəndaşdır. Onlarda isə 18 min 243 uşaq, 11 min 427 -i isə qadınlardır.
Xatırladaq ki, 2011-ci ilin martından etibarən Suriyada müharibə başlayıb. Məqsəd isə orada hazırda hakimiyyətdə olan Bəşşar Əsədin devrilməsinə nail olmaq olub. Bu müharibə kütləvi dağıntılara və çoxsaylı insanın ölkəsindən didərgin düşməsinə gətirib çıxarıb.
Ayyət Əhməd