Beynəlxalq Bankın özəlləşdirilməsi gecikmiş qərardır

Ekspert bildirib ki, 10 il bundan əvvəl, özəlləşdirməni həyata keçirmək Azərbaycan büdcəsinə daha çox vəsait qazandıra bilərdi



Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın özəlləşdirilməsindən danışıb. Nazir bildirib ki, Bankın strukturunun yenidən qurulmasından sonra özəlləşdirmə məsələsi gündəliyə çıxarılacaq. O deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana səfəri zamanı bununla maraqlanıb:

"Maliyyə təşkilatı bu prosesdə iştirak etmək üçün maraq göstərib. Müzakirələri gələcəkdə də davam etdirəcəyik”. Hər hansı başqa beynəlxalq maliyyə qurumunun ABB-nin özəlləşdirilməsinə maraq göstərməsinə gəlincə, nazir bu barədə danışmağın çox tez olduğunu deyib: "Özəlləşdirilmə prosesinə təcrübəli və beynəlxalq arenada nüfuzu olan məsləhətçilər cəlb ediləcək. Bunun əsasında bankın özəlləşdirilmə strategiyası formalaşacaq və açıq elan olunacaq. 2018-ci ilin əvvəlində biz bu proseslərə başlaya bilərik”. 

Proseslə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bunun gecikmiş addım olduğunu deyib. 

Ekspert bildirib ki, 10 il bundan əvvəl, yəni Bankın reytinqlərinin və aktivlərinin yüksək olduğu dövrdə özəlləşdirməni həyata keçirmək Azərbaycan büdcəsinə daha çox vəsait qazandıra bilərdi: 

"İndi sözün açığı, maliyyə çevrələrində Beynəlxalq Bankın çox pis imici formalaşıb. Baxmayaraq ki, 3.3 milyard dollarlıq xarici borcunu dövlət öz üzərinə götürüb. Daxildə isə 10 milyarda yaxın borcunu silib. Ancaq hələ də sağlamlaşdırma prosesi tam bitməyib. 4 milyarda yaxın yenidən daxili kreditlərin silinməsi məsələsi hələ də gündəmdədir. Bankın imicinin dəyişməsinə ehtiyac var. Bunun üçün isə zaman lazımdır. Gələn il bununla bağlı hansısa addım atıla bilər”. İqtisadçının sözlərinə görə, xarici investorları prosesə cəlb etmək lazımdır: "Xarici investorlar yeni idarəetmə mexanizmlərini ölkəmizə gətirərək, sağlamlaşdırıcı addımlar ata, bankın fəaliyyətini dirçəldə bilər. Daxili investisiyaların ciddi xeyri olmayacaq. Açığı, ölkə daxilində elə ciddi investor yoxdur ki, büdcəyə ciddi vəsaitin girməsinə səbəb olsun. Ona görə də əsas hədəf xarici investorlar olmalıdır. Bunun yolu isə bankın imicinin yaxşılaşdırılmasından keçir. Ən azı iki il vaxt lazımdır ki, dünya mediasında dərc olunan arzuolunmaz məlumatlar unudulsun və bankın yeni uğurları əsasında fikirlər formalaşsın”.

N.Cəfərli bildirib ki, xarici bankların Azərbaycana buraxılıb-buraxılmaması ilə bağlı dövlət son qərarını verməlidir: 

"Təəssüf ki, uzun illər xarici banklara çıxış üçün şərait yaradılmayıb. Qonşu Gürcüstanda təqribən 6 beynəlxalq maliyyə koorporasiyalarının və bankların filialları fəaliyyət göstərir. Azərbaycanda isə xarici banklar yoxdur. Bizdə bank sistemi çox zəif və dayanıqsızdır. Səbəbi isə xarici banklarla rəqabətin olmamasıdır”.

İsmayıl