Bəzi nazirliklərdə “çamadan” əhval-ruhiyyəsi var

“Yeni nazirlər peşəkarlığa daha çox önəm verir”



Yeni nazirlər fəaliyyətə başlar-başlamaz kadr dəyişikliyi edib, nazirliyin xeyli sayda köhnə əməkdaşlarını vəzifələrindən azad ediblər.
Bəzi nazirlər çıxardıqları kadrların yerinə əvvəl çalışdıqları qurumdan təyinatlar ediblər. Ən çox təyinat edən nazirlik sırasında Kənd Təsərrüfatı Nazirliyi gəlir. Nazir təyin olunmamışdan öncə İnam Kərimov "ASAN xidmət” sədri idi. Təyinatından sonra o, Kənd Təsərrüfatı Nazirliyinə köhnə kollektivinin əməkdaşlarını gətirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də vəzifəli şəxslər işdən çıxarılıb. Yaxın günlərdə bu strukturda növbəti dəyişikliklər gözlənilir.

O cümlədən də, Dövlət Miqrasiya Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin yeni rəhbərləri kadr islahatları çərçivəsində bir neçə şəxsi vəzifəsindən kənarlaşdırıb.

Onsuz da Azərbaycanda kadrlarla bağlı kifayət qədər problemlər var. Müstəqillikdən bəri belədir ki, hər hansı idarəyə kim rəhbərlik edirsə, o, özünün güvəndiyi adamları ətrafına toplayır. Burada əsas nüans kimi peşəkarlıq kriteriyası nəzərə alınmalıdır. Orta və aşağı ranqlı məmur qrupu peşəkarlardan formalaşmalıdır. Bu da işdə keyfiyyətin artmasına xidmət etməlidir. Azərbaycanda kadr qıtlığı var ki, bu da ölkədə təhsil səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Ancaq kifayət qədər xaricdə təhsil alıb-dönmüş insanlar da var ki, onların da çoxu ya kənarda qalıb, ya da belə strukturlarda işləmək istəmirlər.
Kənd təsərrüfatı naziri İnam Kərimov mətbuata açıqlamasında ixtisar iddialarını təkzib edib. O, Kənd Təsərrüfatı Nazirliyindən indiyədək heç kimin işdən azad edilmədiyini deyib. O bildirib ki, nazirlik sistemində kifayət qədər dəyərli, bacarıqlı və müasir düşüncəli kadrlar çalışır. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək.

Regionlara etdiyi səfərlərlə bağlı məlumat verən nazir qeyd edib ki, məqsəd yerlərdə problemləri eşitmək, nazirliyin qarşısında əsas vəzifələrdən biri kimi qoyulan fermer və kəndlilərlə yaxın olmaqdır. Həmin insanların qayğı və problemləri ilə maraqlanmaq, onların problemlərinin həllinə çalışmaqdır.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, rəhbərin dəyişməsi nəticəsində əvvəlki işçilərin kütləvi şəkildə işdən çıxarılması kadr islahatı deyil. Kadr islahatı kompleks tədbirlər planını əhatə edir: "Həm də ki, "Dövlət qulluğu haqqında” qanuna görə, imtahanla işə qəbul olunan insanların işdən çıxarılmasının obyektiv səbəbi olmalıdır. Ola bilər ki, test yolu ilə nazirliyə işə düzələn şəxslər neqativ hallara yol verdiyi üçün yeni rəhbər onların fəaliyyətini ifşa edərək vəzifəsindən azad etsin. Yoxsa ki, öz işinin peşəkarı olan işçini səbəbsiz vəzifədən azad etmək düzgün deyil. Hər bir rəhbərin gücü ondadır ki, öz işçisini təyinatına uyğun olaraq yönəldə bilsin. Hesab edirəm ki, hökumətdə yeni təmsil olunan nazirlər və Komitə sədrləri bu potensiala sahib insanlardır. Menecerlik və idarəçilik işinin daha yaxşı təşkili ilə bağlı təcrübəyə sahibdirlər. Lakin bəzi təyinatlı vəzifələr var ki, nazirin həmin vəzifəyə işləyə biləcəyi birini təyin etməsi normaldır.
Ötən illərin təcrübəsi göstərir ki, hər hansı bir nazir vəzifəyə təyin olunan kimi peşə qabiliyyətindən asılı olmayaraq vəzifəyə öz yaxınlarını gətirirdilər. Yeni nazirlər isə peşəkarlığa daha çox önəm verir və həmin kadrların öz qabiliyyətlərinə uyğun yerləşdirilməsi, özlərinin funksional vəzifələrini düzgün icra etməsi üçün şəraitin təmin edilməsidir. Xüsusən də İnam Kərimov istedadlı kadrları qiymətləndirməyi çox gözəl bacarır. Biz onun əvvəlki praktikasında bunun şahidi olmuşduq”.

Şəymən