"Bilirəm ki, çox işlər var, amma az işləyirəm"

Təyyar Bayramov: "Amma Mənsum müəllim deyir ki, səndən razıyam. Bu günə qədər 6 diskim işıq üzü görüb"
"Çox istərdim Məcnun kimi də səhnədə öz partiyamı oynayım. Amma bir az bədən ölçülərim buna imkan vermədi"


Xanəndə, Əməkdar artist Təyyar Bayramovla «Şərq»ə müsahibəsində muğam sənətinin bugünkü durumundan danışdıq.

- Muğam ciddi musiqi növüdür. Xanəndə olmaq məsuliyyəti həqiqətənmi çətindi?

- Muğam həqiqətən o qədər ilahi bir musiqidir ki, onu tam dərk etmək üçün bəzən ömür yetmir. Sən onu öyrəndikcə, yeni bir qapısı açılır. Səbəbsiz yerə demirlər ki, musiqi dəryadır. Qaldı xanəndə olmaq, həqiqətən məsuliyyət tələb edir. Səhnədə hər bir sənətçi məsuliyyət hiss etməlidir. Estrada ifaçısı səhnədə hansısa səhvə yol verə bilər, ya da istədiyi hərəkəti etsə onu qınamazlar. Amma xanəndə səhnədə səhvə yol verə bilməz. Muğama o qədər həssas yanaşan dinləyicilər var ki, xırda bir qüsur onların diqqətindən qaçmır. Xanəndə təkcə səhnədə deyil, gündəlik həyat tərzində də elə davranmalı, hərəkət etməlidir ki, onun xanəndəlik adına ləkə gəlməsin. Deyək ki, səhnədə estrada müğənnisi cins şalvar geyinsə, normal qəbul olunar. Amma xanəndə əlində dəf cins şalvarda muğam oxuya bilməz. Buna haqqı yoxdu.

- Siz Opera və Balet Teatrında da çalışırsız. Eyni zamanda pedaqoq kimi də fəaliyyət göstərirsiz. Yaradıcılığınıza çətinlik yaratmır ki, parelel olaraq çalışmaq.

- Mənə elə gəlir ki, hər bir xanəndənin öz üslubu və məqsədi olur. Mənim də məqsədlərimdən biri Opera səhnəsində çıxış etmək olub. Düzdür, çox istərdim Məcnun kimi də səhnədə öz partiyamı oynayım. Amma bir az bədən ölçülərim buna imkan vermədi. Amma Opera səhnəsində digər milli operalarımızda əsas partiyaları oynamışam. Pedaqoq kimi də fəaliyyətimə gəlincə, bu sənəti gənclərə aşılamaq, onlara öyrətməkdən inanın zövq alıram. Zamanında ustadlarım mənə nə öyrədiblərsə, bu gün mən də bildiklərimi tələbələrimə öyrədirəm. Uğurlu tələbələrim var. Muğam müsabiqəsində yer alan, çıxış edən tələbələrim var ki, onların gələcəyinə böyük ümidlərim var.

- Səhv etmirəmsə, oğlunuzun da səsi var, o da musiqiyə maraq göstərir?

- Evdə hər zaman milli musiqiyə qiymət olub, hər zaman mənim lent yazılarıma baxıblar deyə, uşaqlar böyüyəndə o ruhda böyüyüblər ki, hər üçünün musiqiyə güclü həvəsləri var, hər üçünün çox gözəl səsi var. Çox istedadlıdırlar. Uşaq vaxtından milli musiqini izləyiblər.

Onlardan biri Kənan Bayramlı artıq iki müsabiqədə qalib olub. "Kainat” beynəlxalq muğam müsabiqəsində 1-ci yerin qalibi, "Xan Şuşinski” muğam müsabiqəsində "Qran "Pri” mükafatına layiq görülüb. Mənsum müəllimin yetirməsidi. Hələ ki, mənim sənətimə yönəlir. Ancaq indi demək olar ki, oxumaqdan ayırmışam. İstəyirəm, əsas orta məktəbi yaxşı oxusun.

- Gənc xanəndəsiz. Əslində bu illərdə daha böyük layihələrə imza ata bilərdiz. Solo-konsert vermək vaxtınız gəlib çatıb, bəlkə də gecikirsiz.

- Bilirəm ki, çox işlər görə bilərəm, amma az işləyirəm, tənbəllik edirəm. Öz-özümə tənqidi yanaşıram. Amma Mənsum müəllim deyir ki, səndən razıyam. Bu günə qədər 6 diskim işıq üzü görüb. Hazırda 7-ci diskimizdən 6 dənə mahnı hazırdı. Onun üzərində çalışırıq. Unudulmuş mahnılarımızdan Əbülfət Əliyevin, Məmmədbağır Bağırzadənin repertuarından var. Əsas xəttə - özülünə dəymədən bunları yeni üslubda işləyirik. Yeni dəsgahlar lentə aldıracağıq... Qaldı konsertə. Solo-konsert vermək niyyətim var. Amma konsert vermək ciddi məsələdir. Böyük vəsait tələb edir. Bunun üçün təşkilatçılardan dəvət gözləyirəm. Düzdür, bəzi təkliflər olub. Amma məni qane edəcək şəkildə konsert təşkil olunsa, məmnuniyyətlə solo-konsert vermək istərdim.

- Ölkəmizi xaricdə necə təmsil edirsiniz?

- Mən Azərbaycanı dünyanın 30 ölkəsində təmsil etmişəm. Bu, dövlətimizin muğama qayğısının nəticəsidir ki, artıq muğamımız xarici ölkələrdə yüksək səviyyədə təmsil olunur. Nəinki mən, bütün sənət dostlarım dünyada Azərbaycan musiqisini təbliğ edirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələrində tələbələrim qalib olublar. Son müsabiqədə 3 tələbəm qalib oldu. Ötən muğam müsabiqəsində bir tələbəm qalib olmuşdu - Məhəbbət Səfərov. İkinci yerə layiq görülmüşdü. 2017-ci ildəki müsabiqədə tələbəm Almaxanım Əhmədli "Qran-Pri” mükafatına, Pərviz Qasımov 1-ci yerə, Rəvanə Əmiraslanlı 2-ci yerə layiq görülmüşdü. Yəni indi bütün ifaçıların 80 faizi muğam müsabiqələrinin yetirmələridi. Onlardan dövlətimiz, mədəniyyətimiz xeyir gördü. Gənclər xeyir gördü, xalq, millət qazandı. Hazırda Opera və Balet Teatrında gənclərə üstünlük verirlər. Baş rolların ifaçıları hamısı muğam müsabiqələrinin yetirmələridi...

Tahirə