Paşinyanın həyat yoldaşı "sülh" qadınları ilə ictimaiyyətin gözündən pərdə asmaq üçün səhnə qurub
Tamaşanın senarisi yalan üzərində qurulduğundan bu rolla onlar özlərinə ziyan vururlar, Ermənistanın işğalçı obrazını gizlədə bilmirlər
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Təmas xəttində erməni hərbi birləşmələrə baş çəkən və qondarma rejimin "rəhbəri” Bakı Saakyanla görüşən Akopyanı Rusiyadan olan bir sıra yazıçı, jurnalist və müxtəlif ictimai statusu olan şəxslər, qadınlar da müşayiət ediblər. Onlar təmas xəttində müharibəyə qarşı "sülh” bəyanatları səsləndiriblər. Bir müddət əvvəl Azərbaycana "sülh çağırışı” edən Anna Akopyanın 5-10 gün sonra işğal olunmuş ərazilərimizə təxribatçı səfər etməsi ermənilərin sülh anlayışının nədən ibarət olduğunu nümayiş etdirir. Paşinyanın həyat yoldaşı Anna Akopyanın Rusiyadan olan qadınları başına toplayaraq, Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas xəttində "sülh mesajları” verməsi ermənilər tərəfindən də birmənalı qarşılanmayıb.
Ermənistan mediası ölkəni idarə edən ər-arvadı qorxaqlıqda ittiham ediblər. Erməni şərhçi Romella Mnasakanyan yazıb ki, Anna Akopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxan şəxslərdir: "Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda "sülh mesajları” verməsi əslində Moskvaya yarınmaq gedişidir və bu prosesi yeni hakimiyyət əvvəldən aparır”. Mnasakanyan qeyd edib ki, cəbhədə daim döyüşlər gedir və rəqibin güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür: "Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq postda dayanırlar. Akopyanın təmas xəttində verdiyi mesajlar hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya hesablanmış gedişləri baş tutmur. Çünki Rusiya mediası bu səfər haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq nümunəsidir”. Sirr deyil ki, Paşinyanın həyat yoldaşı təcavüzkar Ermənistanın sülhsevər imicini yaratmaq senarisini oynayırdı. Bu baxımdan Qarabağ səfərinə də böyük ümidlər bəsləyirdi. Amma Qarabağ şousu Ermənistanın özündə belə diqqətdən kənarda qaldı.
Anna Akopyanın Qarabağa səfərini və orada etdiyi çağırışları şərh edən politoloq Sədrəddin Soltan deyib ki, Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gələn siyasi qüvvə işğal altında olan Azərbaycan torpaqları üzərindən imic formalaşdırmağa, xal toplamağa çalışır:
"Bu ölkənin baş naziri Nikol Paşinyan münaqişənin danışıqlar yolu ilə həllindən danışdığı halda işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edir.
O və həyat yoldaşı Anna Akopyan beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq üçün "sülhsevər” rolunda çıxış etməyə səy göstərirlər. Ancaq qonşu dövlətin işğal altında olan torpaqlarını öz niyyətləri üçün səhnəyə çevirmələri onların saxtakarlığını açıq-aşkar göstərir. Tamaşanın senarisi yalan üzərində qurulduğundan bu rolla onlar özlərinə ziyan vururlar, Ermənistanın işğalçı obrazını gizlədə bilmirlər.
Təəssüf ki, Ermənistanın hakim ailəsinin bu oyunbazlığına, avantürasına ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın vətəndaşları da qoşulur. Sülhdən danışılan zaman ilk növbədə qarşı tərəfin duyğuları, acıları, maraqları və hüquqları nəzərə alınmalıdır. Ancaq Ermənistan baş nazirinin həyat yoldaşı və onun avantürasına qoşulanlar sülhməramlılıq pərdəsi arxasında gizlənərək Azərbaycan ərazilərinin işğalının davam etdirilməsini hədəfləyirlərsə, çox ciddi şəkildə yanılırlar. Axı başqa bir ölkənin beynəlxalq hüquqla tanınan və qorunan ərazi bütövlüyünü, suverenliyini güc yolu ilə pozaraq işğal edilən bir əraziyə səfər edib, orada sülhdən və insani dəyərlərdən necə danışmaq olar?
Azərbaycanın işğal olunmuş Xocalı, Ağdaban ərazilərində soyqırımlar törədən, günahsız insanları qətlə yetirən, ana bətnindəki körpələrin, uşaqların, yaşlıların və qadınların qanını axıdanların indi həmin torpaqlarda sülhdən və insansevərlikdən danışması gülüncdür.
Çünki bu cinayətləri törədənlər ədalət mühakiməsi qarşısında cavab verməyiblər, işğal isə davam edir. Dağlıq Qarabağa səfər edib orada sülhdən danışanların üzlərinin rəngi yəqin heç vaxt dəyişmir, çünki sifətlərində həya qızartısı çoxdan məhv olub. Sülhməramlılıq adı altında belə təbliğat heç bir baxımdan düzgün sayıla bilməz”.
İsmayıl