Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib. Dövlətimizin başçısını Sankt Peterburq şəhərindəki Pulkova 1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşlayıblar. Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəlib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər. Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub. Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxıblar.
Səfəri şərh edən millət vəkili Rüfət Quliyev "Serg.az”a bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan - Rusiya münasibətləri inkişaf etməyə başladı. Daha sonra cənab prezident İlham Əliyev ölkə başçısı seçildikdə də bu iki ölkə arasındakı münasibətlər öz dinamik inkişafını qoruyub saxladı:
"Cənab prezident bu istiqamətdə kifayət qədər işlər aparıb. Və hazırda da onun bəhrəsini görürük. Yəni 22 il idi ki, Xəzər sazişi ilə əlaqədar iş gedirdi. Lakin ölkə başçısının Rusiya prezidenti ilə dost münasibətlərindən dolayı bu məsələ həll olundu. Rusiya ilə Azərbaycan dost, tərəfdaş ölkələrdir. Rusiya bizim həm qonşumuz, həm də strateji müttəfiqimizdir.
Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. Çünki ölkədə istehsal olunan qeyri-neft sektorunun məhsullarının çoxu həmin bazarlara ixrac edilir. Getdikcə hər iki ölkənin ticarət əlaqələri artır. Azərbaycan Rusiyadan çoxlu sayda silah idxal edir və həmin silahlar da bizə lazımdır. Eyni zamanda Rusiyada 2-3 milyona yaxın azərbaycanlı yaşayır. Bu da bizim üçün çox vacib məsələdir.
Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan Minsk qrupunda Rusiyanın güclü mövqeyi var. Bu nöqteyi nəzərdən Azərbaycan-Rusiya münasibətlərinin inkişafı ölkəmiz üçün vacibdir. İstər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri içərisində, istərsə də, bu təşkilata aid olmayan dövlətlərlə müqayisədə Rusiya Ermənistana münaqişənin həlli üçün daha çox təzyiq göstərə bilər.
Bundan əlavə bir çox beynəlxalq layihələrdə Rusiya ilə Azərbaycan eyni mövqedən çıxış edir. Bir vətəndaş və millət vəkili olaraq düşünürəm ki, ölkəmiz Rusiya ilə münasibətlərini qorumağa və inkişaf etdirməyə çalışmalıdır. Çünki bir çox problemin həllində Azərbaycanla Rusiya arasında sabit və dinamik münasibətlər labüddür. Və cənab prezidentin Rusiyaya istər rəsmi, istərsə də, qeyri-rəsmi səfərlərini müsbət dəyərləndirirəm”.
Kənan Eynuroğlu