BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM

(ŞAİRƏ AFAQ ŞIXLININ 50 İLLİYİ)
Ramthanın belə bir söz var:İnsanlar yaşayıb ödlüyü halda günəşin sürəkli var olmasının tək səbəbi, günəşin əsla ölümü düşünməməsidir.
İnsan hər nəyi isə yetərincə uzun bir sürə düşünürsə bu düşüncənin bir gün mütləq baş verəcəyinə inanmalıdır.İnsan nəyi düşünürsə o olacaqdır, çünki o insan maskasının arxasında gizli bir Tanrı var.
Bu hardasa eyni fikri təsdiqləyən cümlələri işlətməymin ayrı bir səbəbi var.Bu günlərdə əlli illiyini qeyd etdiyimiz sevilən şairəmiz Afaq Şıxlı ilə yuxarda işlətdiyim cümləllərin hardasa birbaşa əlaqəsi var.Afaq Şıxlı öz arzu və düşüncələrinin övladıdır desəm, yəqinki yanlış olmaz.
Hər təsadüfdə bir zərurət var deyənlər əsla yanılmırlar.Sonralar fərqinə varacaqdım ki,Afaq xanımla tanışlığımız təsadüfü də olsa təsadüf deyilmiş.
Afaq xanımla internet tanışlığımız 2011-də başlayacaqdı.Zatən tanışlığımızdan öncə də onun internetdə çox fəal olduğu gündəlik paylaşımlarından görünürdü.Hələ o zamanlar Afaq xanımın böyük bir heyran kütləsi vardı.Nə də olsa Nizami Gəncəvi yadigarı Afaq adında bir şairanəlik, bir çəkim və cazibə var.
İnternet tanışlığımızdan sonra Afaq xanımla şəxsi görüşlərimiz də olacaqdı.Bu o zaman idi ki, Moskvada "Vmesto pisma” kitabım yenicə yayınlanmışdı.2012-ci ilin fevral ayında Moskvada bu ktabla bağlı təşkil olunmuş imza günlərində iştirak edəcək, eyni zamanda həmin kitabın əsas tərcüməçilərindən biri olan rəhmətlik, Rusyanın ən önəmli şairlərindən biri olan Yuri Kuznetsova həsr edilmiş konfransa qatılacaqdım.
Afaq xanımla ilk tanışlığımız da Marina Svetayevanın ev müzeyində keçirilən imza günümdə olacaqdı.Gərək rəsimi hissədəki mükəmməl çıxışı ilə, gərəksə də muzeyin alt mərtəbəsində imza günü şərəfinə təşkil olunmuş ziyafətdə pianoda çaldığı musiqilərə yoldaşlıq edən məlahətli səsi ilə oxuduğu mahnılarla ziyafətin əksəriyyətini təşkil edən rus şair və oxucularını heyran edəcək və məni yetərincə qürurlandıracaqdı.Bir sonrakı gün Moskva millətlər evindəki görüşümdə də mükəmməl çıxışıyla hamının bəyənisini toplayacaqdı.Bu çıxışlarında və şeir oxunuşlarında elə qarşısıalınmaz bir enerji vardı ki?!
Bizi bir-birimizə qürbət yaxınlaşdırdı. desəm yanlış olmazdı.Qürbətin nə olduğunu ancaq qürbətdə yaşayanlar bilir. Afaq xanımla biz eyni qürbət qədərini paylaşırıq.Amma bir fərqlə, mənim yaşadığım Türkiyə- qardaş qürbətdir,Afaq xanımınkı yoldaş (tovariş) qürbət.Vətənin gülünün, çiçəyinin yox, hətta ayağına dəyən daşın da aurası bir başqadır.O auradan uzaqda yaşa görüm necə yaşayırsan,və qürbətdə çəkilən çiləlləri yaz görüm nəcə yazırsan?!.
Vətəndə yüz adamdan biri olub qürbətdə milyonların içində əriməyin insana nə çəkdirdiyini başıma gəldiyimdən yaxşı bilirəm. Bütün bu olumsuzluqlara baxmayaraq öz yolunu tutub getməyi bacarmaq əzmin zəfəri kimi qəbul edilməlidir.. Baratınski deyirdiki istedad bir tanrı görəvidir,onu yerinə yetirmək istedadlı adamın boynunun borcudur. Bütün sıxıntılara baxmayaraq Afaq xanım tanrı görəvini ləyaqətlə yerinə yetirməyi bacaran şairimizdir..
Afaq xanımın süddən, sümükdən gələn vergili bir taleyi var,şıx qızıdır,Şıxlı nəslindədir.Alxışları da keçərlidir, qarğışları da.Tale oxumağı var desəm yanlış olmazdı.Dəfələrlə müxtəlif məqamlarda sınamışam,aşağı-yuxarı söylədikləri bir gün mütləq başagələn olur.
Bir sirri də deyim, əgər Afaq xanim sidq urəklə sizə bir miqdar pul versə və siz də o pulu xərcləməyib cuzdaninizda saxlasaniz o pul mütləq pul gətirəcək, hardan gələcək, necə gələcək bu ayrı mövzudur.Və ətrafınızda dönüb dolanan bu uğura özünüz də çaşıb qalacaqsınız.
Evinin qapları dünyanın çeşitli yerlərindən gələnlərə açıqdır.O Moskvada sözün tam anlamda Turk duyasinin kultur elcisidir.Onda qarşısıalınmaz vətən sevgisi ilə poeziya sevgisi heyrətamiz və tükənməz sevgidir,orta məktəbi qızıl medalla,Tibb unversitetini fərqlənmə diplomu ilə bitirməsinə və sonralar əl-qolunu bağlayan ev-ailə qayğılarına baxmayaraq yaşın qırxsəkkizində M.Qorki Ali Ədəblyyat kurslarında sıradan bir ədəbiyyat adamı kimi yox, həm də çeşitli millət təmsilçilərinin arasında kursu fərqlənmə diplomu ilə bitirmək. onun həyatda fərqli bir yerə sahib olmasının başqa bir təsdiqidir.
Elə 2012-ci ildəki o ilk tanışlıq görüşlərimizdə içimdən keçən fikirləri burada təkrarlamağı uyğun bilirəm.Afaq xanım həqiqətən hər yönü ilə istedadlı adamdır.
Çox istedadlı həkim olduğu Tibb universitetini fərqlənmə diplomu ilə bitirməsindən bilinir.Moskvada həkimlik etməsə də, Afaq xanımı tanıyanlar hələ bu gün də Azərbaycandan ona həkim kimi müraciət edirlər.Afaq xanım ona üz tutanlara sadəcə yol göstərməklə kifayətlənmir,Bakıya gedəndə neçələrinə dərman alıb götürməyi də unutmur.Bir sahədə istedadlı olan adam, istəsə həyatın hər sahəsində uğur qazana bilər.Afaq xanım şübhəsiz yetənəkli pianoçu, yaxud mükəmməl bir müğənni, ya da əvəzsiz qiraət ustası (Hətta buraya rəssamlığını da əlavə etmək mümkündür )ola bilərdi.Amma o taleyinin yardımı ilə şair oldu,həm də sevilən,təqdir olunan bir şair.
Bütün bu vurğulamaq istədiyim işlərə necə vaxt tapır,analşılacaq iş deyil. Əvvəllər fərqinə varmamışdım, amma sonralar fərq edəcəkdim ki,Afaq xanım şair dostları ilə məktublaşmaları, internet paylaşımlarını hardasa gecənin gec saatlarında edir.Bir dəfə dilim dinc durmayıb bunun səbəbini soruşanda,-Məmməd müəllim,ev-ailə işlərindən, problemlərindən, övlad, nəvə qayğılarından ancaq bu işləri yoluna qoyub evdəki hər kəsi yatızdırdıqdan sonra başlayan gecə mənim iş saatlarım olur. Bu acı həqiqəti eşitdikdən sonra gizləmirəm, həm ürəyim ağrıdı, həm də bir Adəm övladının özünütəsdiq canatımına heyran qaldım.Bunun bir adı var-əzmin zəfəri!
Doğub böyüdüyü Bakıdan,yazların sevdalı aylarında valideyinlərinin doğub böyüdükləri Qazax toprağı arasındakı gediş-gəlişlər ona şəhərdə şəhərli, kənddə kəndli olmağı öyrətmiş.Bəlkə bu səbəbdəndir ki, sözü belə əyib bükməyi,sıxıb şəhdini çıxarmağı bacarır.Ona qürbət xəyallarının dayanacaq yeri olan vətən sevdalısı, uzun qış gecələrinin şairi desək yəqin yanlış olmazdı.
Bu yubiley təbriki yazısında bəlkə də onun şeirlərini incələmək yerinə düşməzdi.Amma tərəddüd etmədən deyə bilərəm ki, qürbətdə yaşayan bu xanımın qürbətdə yazılan əsərlərinin hamısı vətən həsrətiylə yazılıb.Və əgər onun şeirlərinin yazılma məkanlarını bəlirləmvk istəsək, əsərlərinin altına yazılma məkanı kimi "Vətən-qürbət arası” qeydini düşsək doğru olardı.
Azərbaycan ədəbi ortamından uzaqda bozbulanlıq bulutları 6-7 ay enib-enib yerlə süründüyü,göy başından yer ayağından sıxan, her addımından ögeylik yağan evlərə girən televiziyaları, küçə və meydanları dolduran yad dilin yad danışıqları arasında dimdik ayaqda qalmaq, Anadolu türkləri demiş hər baba igidin işi deyil.
Sovet dönəmində Moskvada yaşamaq tərcümə və çap baxımından bəlkə böyük bir şansdı.Hər şeyin açıq-aşkar şəkildə alınıb satıldığı Sovet dönəmi sonrası isə Moskva hətta Rusya vilayətlərindən gələn rusların özləri üçün yaddan yad bir şəhərdir, o ki, qalmış Azərbaycandan gələn biri olasan..Qəribin qürbət taleyi vətənlə qürbət arasında keçir.Qürbətdə yaşasa da fikri,zikri vətəndədir.Amma fikrinin,zikrinin olduğu vətəndə hətta ögeylər yox, doğmalar da yad olursa, onda necə?İndi Azərbaycan edəbiyyatının yeni nəsilləri üçün dəstəbazlıq hardasa aparıcı meylə çevrilib.Redaksiyaların çevrəsində hər gün dönüb dolanmalı özünü ən azından heç olmasa görüntü olaraq da olsa yada salmalısın, özünü, sözünü xatırlatmalısan.Bax, belə bir şansı olmayan qürbət yaradıcı şəxsləri isə beləcə aranda tutdan, dağda quruddan olmaqdadır.Afaq xanımın bu zor şərtlər altında qazandığı ədəbi uğurlar mənimçün birilərinin vətəndə qazandıqları uğurdan birə beş qat dəyərlidir.
Afaq xanım Beynəlxalq Yazıçılar və Qəzetiçilər birliyi, Avrasya Yazarlar Birliyi (Türkiyə),Azərbaycan Yazıçılar Birliyi,Rusya Yazıçılar Birliyinin və Rusya Poeziya Akademiyasının müxbir üzvüdür. Çox sayıda şeir, hekayə, məqalələrin və eyni zamanda Rus ve Türk Dünyası ədəbiyyatlarından etmiş olduğu tərcümələri ilə də məşhurdur. Əsərləri Türk, Rus, İngilis, Fransız, Yapon, Özbek, Tatar və diğər Türk dillərinə çevrilmişdir.
İndiyə qədər on kitabı yayınlanmışdır.
Yaradıcılığı Türk Akademi Şeir Ailəsinin Onur bəlgəsi, Rusya Azerbaycan Kongresinin diplou, Azerbaycan Yazıçılar Birliyinin M. Müşfiq mükafatı, Dədə Qorqud Vəqfinin "Mihriban Ana” medalı, Şahmar Ekberzadə beynəlxalq ədəbiyyat mükafatı ilə dəyərləndirilmişdşir.
Ömrünün ən qaynar çağlarını yaşayan sevimli şairimizi canı könüldən təbrik edir, uzun ömür,can sağlığı və böyük yaradıcılıq uğurları arzu edirəm.
Məmməd İsmayıl,
Şair,Türkiyənin çanaqqala Unversitetinin professoru.
HANI SƏNİ SEVƏN ADAM...
Hanı səni sevən adam?
Bəlkə ölüb? Bəlkə hələ doğulmayıb?
Bəlkə elə deyilənlər ağ bir yalan –
Heç əzəldən
Sevgi adlı söz olmayıb?
Hanı səni sevən adam?
Hansı ucsuz diyarlarda dolaşmada
Batıb-çıxan bir gün kimi?
Bəlkə o da
Qismətiylə savaşmada,
Sənin kimi?
Bəlkə o da səhv doğulub, -
Öz canından özgələrə can verməyə?
Bəlkə o da məhkum olub
Dustaq olan talelərə
Yön verməyə?
Hanı səni sevən adam?
Olsa idi,
Gəlişiylə
Hər şey nura bürünərdi!
Olsa idi,
Çətin anda
Gözlərinə görünərdi!
Yoxdur səni sevən adam –
Belə dönük,
Bir xatirən düşmür yada!
Yoxdur səni sevən adam!
Yoxdur səni sevən adam –
Əllərindən yapışmağa,
Əl üzdüyün bu dünyada!
HARADA Kİ...
Uca Tanrım!
Mənə elə qəlb vermisən - qəfəsimə sığışmıram.
Ruhum kimi azad olmaq istəyirəm!
Azad eylə!
Üsyançıyam,
Sonugəlməz bu sürgünlə barışmıram!
Buralardan uzaq olmaq istəyirəm.
Uzaq eylə!
Könlüm əgər cövlan edib dolaşmırsa asimanı,
Göz yaşıma bədəldirsə səadətin bircə anı,
Min qazan şər ərimirsə düzün bircə qaşığında,
Haqsızlıqlar yox olmursa ədalətin işığında
Onda, mənə bu dünyanı yasaq eylə!
Götür apar,
Götür məni o dünyaya,
Harada ki, sözlə əməl bir olacaq!
Harada ki, talançılar əllərindən,
Yalançılar dillərindən acılacaq!
Harada ki, isinəcəm günəş dolu,
Şad olacam sevinc payı umunca mən!
Harada ki,
Sevəcəyəm seviləsi insanları,
Seviləcəm doyunca mən!
03.04.15.
MƏNİM MARAQLI İNSANIM
Görəsən, indi hardadır
Mənim maraqlı insanım?
Hər fəsildə yaz gözləyən,
Həmişə haqlı insanım?
Yəqin yenə gileylənir
Küləkli boz havalardan,
Yenə qaçır söz üstündə
Düşən yersiz davalardan?
Yenə də mahnı dinləmir,
Susur sükan arxasında,
Sürüb gedir həyatını
Od ilə su arasında?
Yenə donub yalanlardan,
Qalın geyinir əynini,
Onun olmayan dünyada
Hədər sayır əməyini?
Yenə qatıb-qarışdırır
Nisgilini zarafatla,
Hələ barışa bilməyib
Onu üzən boş həyatla?
Görəsən, hardadır indi
Mənim maraqlı insanım?
Hər yerdə düzlük axtaran
Əliçıraqlı insanım?
05.06.17.
GƏLSƏM
Bir gün sənin yanına
Ürək ağrımla gəlsəm,
Perikmiş arzularım,
Yanıq bağrımla gəlsəm,
Gəlsəm, payıma düşən
Qaçılmaz qismətimlə,
Tanınmamış adımla,
Talesiz ismətimlə,
Yorulmuş ayaqlarım,
Yomrulmuş yollarımla,
Qürbətlərin qəribi
Nisgil adlı yarımla,
Ərimiş istəklərim,
Donmuş ümidlərimlə,
Dilimdə düyünlənən
"Ehey, Allah kərim"lə...
Qəbul eləyərmisən,
Yol alım göyə, Tanrım?
...Sənə doğru gəlirəm
Üzü küləyə,Tanrım!
21.06.18.
ATA EVİ
Ata evi – yad evi,
Doğma küçə – yad küçə...
İnanmazdım, mənim də
Günüm atasız keçə.
Dünya necə soyuqdu,
Fəsillər dönüb qışa.
Onun yoxluğu ilə
Qəlbim necə barışar?
Yerinin boşluğuna
Alışmaram ölüncə!
Mən də atalı idim
Otuz gün bundan öncə!
Dolmuş bulud könlümü
Xatirələr kiridir...
Atasız ev-eşik də
Elə qürbət kimidir!
26.01.19.
ANAM ƏVVƏLKİ DEYİL...
Düşüncələr anamı harayasa aparır,
Fikir, xəyal içində...
Hərdən nəsə danışır dodağının ucunda...
Kölgə kimi dolaşır ayağının ucunda...
Üzümə göz diksə də
Görmür məni elə bil.
Yorğundu baxışları,
Seyrəlib alqışları,
Anam əvvəlki deyil.
Çiçək ətri qoxuyur,
Əynində məxmər donu...
Durub-durub öpürəm,
Qucaqlayıram onu.
Bu kiçicik otaqda
O – böyük dünyam mənim.
Ruhundan ruhum doğub
Bədənindən – bədənim.
Ana!
Məni bir az sev!
"Əzizim” de, sevindir!
Bu mənzil yox, ürəyim sənin könül evindir.
Uğur deyə nəyim var –
Sənin zəfərlərindir!
Ana!
Gözlərim dolur
Səni qərib ellərdə yadıma salan kimi.
Bəsləmədin, amma sev məni öz balan kimi!
…Üzünün qırışında zaman fəryad qoparır,
Fikri durna qatarı...
Ruhu sual içində,
Ömrü bələni aşır.
Yanımda ola-ola getdikcə uzaqlaşır,
Uşaqlaşır elə bil.
Dəyişir yerişləri,
Dəyişir baxışları...
Anam əvvəlki deyil...
ÜSTÜNDƏDİR
Hər varı olana aparma həsəd,
Haramdan ələnən toz - üstündədir.
Çəkin dostluğundan, düşmənliyindən
Kimin ki çörəyi diz üstündədir.
Göyə də ucalsan unutma ilki,
Bir də, hər əvvəlin sonu var, bil ki...
Əyninə geydiyin paltar deyil ki,
Boyuna biçilən bez üstündədir.
Köksünə döyənin cırlaşır soyu, -
Matəmi yalandır, saxtadır toyu.
Sözünə yiyə dur həyatın boyu,
Hər dava, müsibət söz üstündədir.
Boş durma, nə varsa, hərəkətdə var,
Çalış, dilədiyin uca həddə var.
Hardakı ruzi də, bərəkət də var -
O evdə analar göz üstündədir!
Afaq, haqqa tutun, fikrin çaşmasın,
Tamah dedikləri həddi aşmasın.
Yaxşılar zamanla yamanlaşmasın,
Yamanın öz adı öz üstündədir!