“Yaşıdları məktəbə gedəndə onlar ər evində olub”
“17 yaşlı uşağa ailənin yükünü yükləyəndə bir gün belə olacağı ehtimalını da düşünmək lazım idi. O yaşda bir qız ailə, uşaq, qayınata-qayınananın nə olduğunu dərk etmir”
Evli xanımların ailəsini, uşağını ataraq evdən qaçması hər nə qədər cəmiyyət üçün arzuolunmaz hadisə hesab olunsa da, illərdir başımızın üstünü alan bu qara buluddan yaxa qurtara bilmirik. Əksinə, biz yazdıqca, ictimaiyyət qınadıqca gəlinlərimiz bir-biri ilə "yarış”ır. İldən- ilə, aydan-aya evdən qaçan gəlinlərin sayı artır. Dədə-babadan görmüşük ki, əri və ya qayınanası ilə yola getməyən, ər evində günü xoş keçməyən gəlinlər ən kiçik narazılıq zamanı belə pal-paltarını yığıb ata evinə üz tutar. Müasir gəlinlər isə naməlum istiqamətə gedirlər. Qeyd edək ki, dünən də 2 gəlin evdən qaçıb. İkisi də 23 yaşında, ikisi də 6 ilin gəlini... Amma hadisə fərqli rayonlarda qeydə alınıb.
Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb. Kənd sakini 29 yaşlı Pərviz Abdullayev 6 il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub. Onlar bu müddət ərzində Baş Zəyzid kəndində yaşayıblar. Aprelin 26-da gəlin həyat yoldaşı ilə birlikdə ərinin əmisinin evinə qonaq gediblər. Gecə də orada qalmalı olublar. Gecə saatlarında gəlin Aygün Mustafayeva əşyalarını da götürüb, ailə üzvləri şübhələnməsin deyə, paltarın üstündən yataq paltarlarını geyinərək həyətə çıxıb. Ev sahibi Ələddin Abdullayev deyir ki, həyətdən səs gəlib, gəlinin əri Pərvizi oyadıb. Məlum olub ki, Aygün Mustafayeva üstdən geyindiyi paltarları çıxarıb, həyətin aşağı hissəsinə atıb və çəpərdən keçərək naməlum istiqamətdə gedib. Gəlinin qayınatası İsa Abdullayev bildirib ki, onların rəsmi nikahı olmayıb. Onun hansı istiqamətə getdiyi məlum deyil. O bildirib ki, Aygünün valideynləri də boşanıb. Hadisə ilə bağlı Şəki Rayon Polis Şöbəsinə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
Oğuz rayonunda isə 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızı mayın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun qardaşı Sahib Nəbiyev L.Nəbilinin 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçdüyünü deyib. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görüblər. S.Nəbiyevin sözlərinə görə, bacısı nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.
Qeyd edək ki, L.Nəbilinin 4 yaşlı qız övladı var.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq- jurnalist Lalə Mehralının fikrincə, 23 yaşlı gəlinlər 6 il əvvəl evlənibsə, deməli 17 yaşları olanda evləndiriblər. Bu da o deməkdir ki, evlənərkən rəsmi nikahları olmayıb, çünki yaşları az olub: "Onların yaşıdları məktəbə gedəndə onlar ər evində olub. 17 yaşlı uşağa ailənin yükünü yükləyəndə bir gün belə olacağı ehtimalını da düşünmək lazım idi. O yaşda bir qız ailə, uşaq, qayınata-qayınananın nə olduğunu dərk etmir.
Lalə adlı gəlinin xəstəliyi olduğu iddia edilir, nadir bir xəstəlik səbəbindən ruhi-psixoloji vəziyyətinin yerində olmadığını deyir ailəsi. Ola bilər doğrudur, ola bilər ki, yalandır. Çünki qaçan gəlinə görə ailə izahat verməli, müstəntiqlə görüşməli olur. Gəlinin evdən qaçması səbəblərini ört-basdır etmək səbəbi ilə uydurula bilər, amma dediyim kimi, bu yalnız ehtimaldır, ola bilsin ailə düz deyir, Lalə həqiqətən xəstədir.
Qaldı ki, digər gəlinə, Aygün də eyni yaşda olub. Mənə maraqlı gələn o oldu ki, o niyə qonaq getdiyi evdən qaçıb. Yenə ağlıma bir ehtimal gəldi ki, evdə ona yaxşı münasibət göstərilməyib, yaxud da ətraf ilə təması məhdudlaşdırılıb, qaçmaq planını həyata keçirə bilməyib və qonaq getdiyi evdə bunu fürsət bilib. Qaçmaq səbəbini bilmədiyim üçün nəsə demək çətindir, amma yenə də erkən nikah faktoruna diqqəti çəkmək istəyirəm. Uşaq yaşda evləndirilən qızların bu cür ani reaksiyaları, davranışları gözləniləndir. Özünü, bədənini tanımamış ərə verilən qızlar özünü dərk edəndən, hüquqlarını anlayandan sonra ona nə edildiyinin fərqinə varır. Əgər zorakı ərə verilibsə və istəmədiyi həyatı yaşayırsa qaçmağı çıxış yolu bilir. Böyük ehtimalla işə girib ev kirayələyib qalır, bir müddət sonra üzə çıxacaq”.
Şəymən