“Bir-iki avtobus sürücüsünü cəzalandırmaqla iş bitmir”

“Nəqliyyat Agentliyinin sərt qərarları bütün paytaxt ərazisini əhatə etməlidir”




Paytaxtda son bir həftə ərzində sərnişin avtobuslarının iştirakı ilə ağır yol-nəqliyyat qəzalarının baş verməsi Bakı Nəqliyyat Agentliyini sərt tədbirlər görməyə vadar edib. Agentlik qərara gəlib ki, bundan sonra ağır yol-nəqliyyat qəzalarının törədilməsində günahkar olan sürücülər sürücülük hüququndan məhrum ediləcək, marşrut xətləri isə hazırkı sahibkarlardan alınaraq açıq tenderə çıxarılacaq.

BNA-nın mətbuat xidmətindən Lent.az.a verilən məlumata görə, paytaxt ərazisində 12, 20, 105, 132 və 184 saylı marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə 5 ağır yol-nəqliyyat hadisəsi törədilib.

Agentliyin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib: "Baxış zamanı sözügedən marşrutlar üzrə xidmət göstərən daşıyıcıların əksəriyyətinin istehsalat bazaları mövcud tələblərə uyğun deyil. Avtoparkların bir çoxunda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının qeydiyyat jurnalı yoxdur, eyni zamanda, yol-nəqliyyat hadisəsi törədən sürücülərə verilən yol vərəqəsində qeydlər müvafiq qaydada aparılmayıb. Həmçinin, baxış zamanı müəyyən olunub ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinin qeydiyyatı jurnalı da yoxdur”.

Məlumatda bildirilir ki, baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq Bakı Nəqliyyat Agentliyində müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb: "Qərara əsasən, istehsalat bazasında aşkar edilən ciddi

nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Bildiririk ki, hazırda istehsalat bazalarının qanunvericiliyin tələbinə uyğunlaşdırmayan və yenidənqurma işləri aparmayan daşıyıcılar sərnişindaşımadan kənarlaşdırılacaq. Onların müvəqqəti istismarında olan 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri açıq müsabiqəyə təqdim ediləcək. Həmçinin, müvafiq ekspertizanın rəyinə əsasən, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin məhz sürücünün səhvindən baş verdiyi müəyyənləşərsə, o halda həmin şəxsin birdəfəlik sürücülük hüququndan məhrum edilməsi ilə haqqında təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb”.

BNA-nın atdığı addımlar əlbəttə, müsbət dəyərləndirilir. Lakin məsələ burasındadır ki, bizim avtobus sürücüləri heç cür ipə-sapa yatmır. Təbii ki, "Bakı-kart” sistemi tətbiq edilmiş sərnişin avtobusları istisnadır. "Şərq” qəzeti dəfələrlə müxtəlif marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobusu sürücülərinin qanunazidd əməlləri, həmçinin istifadəyə yararsız, sınıq-salxaq avtobusların insan həyatı üçün real təhlükə daşıması barədə yazıb. 

Bununla bağlı bir neçə dəfə BNA-ya konkret faktlarla müraciət də edilib. Məsələn, 50 saylı marşrut xətti üzrə hərəkət edən avtobusları "avtobus” adlandırmağa da adamın dili gəlmir. "Araba” daha uyğundur. BNA bu avtobusların hansı vəziyyətdə xəttə buraxıldığından niyə xəbərsizdir? Bunu müəyyənləşdirmək çətin deyil ki!.. Bircə dəfə metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında BNA-nın bir əməkdaşı dayanıb 50 saylı avtobusu müşahidə etsə, nəticə çıxarmaq yetərli olacaq. Amma problem bundadır ki, BNA-ya bu problemlə bağlı edilən şikayətlərə cavabları bu olub ki, gərək ərazi üzrə sakinlər müraciət etsinlər, narazılıq bildirsinlər, sonra avtobusları dəyişmək bəlkə mümkün oldu. Çünki gərək hansısa sahibkar, şirkət bu marşrut xəttinə sahib çıxsın. İndi biz qapı-qapı düşüb camaatdan şikayət məktubu toplamalıyıq?! Görünən dağa nə bələdçi?! Bu sərnişin avtobuslarının ötən əsrin dolaylarından bu günümüzə qədər "gəlib çıxdığını” görmək üçün xüsusi ekspertizaya ehtiyac yoxdur. Elə avtobusun salonunda əyləşib, sürücünün mühərriki işə salmasını görmək yetərlidir. "Əhməd hardadır” filmində Nərgiz xalanın sükan arxasına keçməsi, "şofer” Əhmədin də "ay xala, maşını birtəhər eləmisən ki!” deməsi yada düşür.

39 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobuslarının sürücüləri isə xəbərdarlıqlara baxmayaraq yenə də sükan arxasında çay içib, siqaret çəkməklərində, yanlarını "kəsdirən” "arkadaşları” ilə söhbət etməklə və mobil telefonla sürücü həmkarını söyüb-bulamaqla məşğuldurlar. İndi bir-iki sərnişin avtobusu sürücüsünü cəzalandırmaqla problemlər həll olunacaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə belə hesab edir ki, ictimai nəqliyyata daimi və ciddi nəzarət olmalıdır:

- Sərnişin avtobusu sürücüləri anlamalıdır ki, onlar insanların həyatına cavabdehlik daşıyırlar. Avtobus sürücüsü məsuliyyətli olmalıdır. Biz dəfələrlə bildirmişik ki, avtobus salonunda sərnişin varsa, heç bir halda yanacaqdoldurma məntəqəsinə daxil olmamalıdır. Amma hər dəfə də bu qaydanın sürücülər tərəfindən pozulduğunu görürük.

Sərnişinlər etiraz etdikdə sürücü deyir ki, benzin doldurmasam, yolda qalacağıq. Deməli, bu avtobus parkdan çıxanda "bak”ı boş olub. Onun bu vəziyyətdə xəttə çıxmasına niyə icazə verilib? Avtobus xəttə çıxarkən texniki baxışdan keçməlidir, mühərrik yoxlanmalıdır, benzinin olub-olmamasına baxılmalıdır. Texniki nasazlığı olan avtobusun xəttə buraxılması qanun pozuntusudur. Əgər yanacaqdoldurma məntəqəsində partlayış olsa, bunun günahkarı kim hesab ediləcək? Sərnişinlərin həyatına bu dərəcədə biganəlik heç cür bağışlana bilməz. BNA son vaxtlar lazımlı tədbirlər həyata keçirir. Ancaq bu cür tədbirlər bütün paytaxt ərazisini əhatə etməlidir. Təəssüf ki, paytaxtın ucqarları çox zaman diqqətdən kənar qalır. Nasaz avtobuslar, sərnişin nəqliyyatı idarə etmək üçün gərəkən kateqoriyası olmayan, təcrübəsiz şəxslərə sükan etibar edilir. Belə olduqda qəzalar da qaçılmaz olur.

Məlahət Rzayeva