Bir uşaq bəsdir?

“Oğlanlarımız mələk deyil, qızlarımız faciəli vəziyyətdədir”
Millət vəkilinin təklifi cəmiyyətdə birmənalı qarşılanmadı



Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin Aqiyə Naxçıvanlı gəncləri dözümlü olmamaqda qınayıb. Boşananların sayının artması ilə bağlı narahatlığını ifadə edən xanım millət vəkili hesab edir ki, ictimai qınaq yoxdur deyə, gənclər rahatlıqla boşanırlar, ailələri dağılır. Onun sözlərinə görə, gənclər toydan iki ay öncə rəqsə getməkdənsə ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər.

Milli-mənəvi dəyərlərin qorunmasında təhsilin rolunu önə çəkən A. Naxçıvanlı komitəyə müraciət edən qadınların savadsızlığından gileylənib: "Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”


Komitə sədrinin səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Deputat çıxıb kasıb ailələri uşaqları olduğu üçün ittiham etməsini hiddətlə qarşılayan cəmiyyət üzvləri haqlı olaraq sual edir ki, bəs dövlət nədən ötrüdür?

Dünyanın əksər ölkələrində dövlət ailələri təşviq edir ki, daha cox uşaqları olsun. Bir çox ölkələrdə, hətta ailəsi olsa da, olmasa da uşaqların bütün yükünü dövlət üzərinə götürür. Regionun ən güclü və zəngin dövləti iddia olunan Azərbaycanda isə deputat "niyə üç uşaq dünyaya gətirmisən?” deyib, imkansız anaları ittiham edir. Yazmağa söz tapmaqda belə insan çətinlik çəkir.

"Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Aqiyə Naxçıvanlının fikirlərinin normal təfəkkür söhbəti olmadığını deyib: 

"Dünya uşaq doğumunun azaldılmasına, abortlara qarşı mübarizə aparır. Bizim genofondumuzun məhv olmasında azuşaqlılığın da rolu var. Tarixən çoxuşaqlı olmuşuq. İndiki zamanda parlamentdə "Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” ifadəsi səsləndirmək ən azı normal deyil.

Dövlət vətəndaşının, uşağının, xəstəsinin qeydinə qalmalıdır, ehtiyacı olanın ehtiyacını ödəməlidir. İndiki zamanda uşağın sayına qarışmaq doğru deyil. Həmin millət vəkili təklif etsin, qanun qəbul olunsun ki, uşaq istehsal etməyək. Bununla da dövlətin də yükü yüngül olsun. Belə bir məntiq varmı? Konkret Çində uşaq doğuşunu məhdudlaşdıran qanun var. Onun özü də, müəyyən mənada Allahsızlıqdır. Azərbaycanın kifayət qədər imkanları var. Əksinə, mən istəyərdim ki, yeni ailənin 5 uşaqdan aşağı uşağı olmasın”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, təklifin önəmli tərəfi qadınların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Küçə uşaqları, dilənçilər, qeyri-əxlaqi davranışa malik qadınlardır, bunlarla təmasda diqqətli olmalıyıq. Bir, iki variant oldu, dedilər ki, leqallaşmalıdır, amma bu, çıxış yolu deyil. Çünki leqallaşmanı həyata keçirən ölkələrdə bu, özünü doğrultmadı. 

Əksinə, qadınların sosial müdafiəsinin gücləndirilməsi vacibdir. Hətta sığınacaqda olan qadınlara sosial yardımların verilməsi məsələsinə baxılmalıdır ki, onlar da övladlarına dəstək versinlər. Söhbət ondan gedir ki, məcburi nikahlar qanunsuzluq olsa da, biz ənənələr və qanunların ziddiyyətində qalmışıq. Qanun tələb qoysa da, ənənələr davam edir və gündəlik həyatımızda məcburi ərə verilən qızlar olur. Onların həyatı uğurlu olsaydı, valideynlərinə rəhmət oxutduracaqdı. Amma uğursuzdur və biz də onları ittiham edirik, bu, düz deyil. İkinci, qızların təhsilə meyllənməməsi əsas problemlərdən biridir. Üçüncü, ailədaxili münasibətlərdə də məsuliyyət məsələsi var, bu gün qadınların üstünə getməkdənsə, kişilərin məsuliyyətindən danışmaq və bu hissi onlara aşılamaq lazımdır. Son vaxtlar məsuliyyətdən qaçmaq daha da artıb, nəticədə qeyri-rəsmi nikahlar və onlardan doğulan uşaqlar çoxdur. Beləliklə, qadınlar çıxılmaz vəziyyətdə qalır. Bütün hallarda bu cür həssas qruplarla təmaslarda seçilmiş ifadələr işlənməlidir”.

Mehriban Zeynalovanın fikrincə danışmazdan öncə gərək, özünü başqasının yerinə də qoyasan:
"Ola bilsin həmin xanımlar aborta gedə bilməyib, yaxud ərinin məcburiyyəti qarşısında doğub, ya da doğur ki, əri onu atmasın. Bilirsiniz, qadın psixologiyasına görə, əri saxlamaq üçün doğmaq ən yaxşı variantdır. Bəlkə müəyyən dövrdən sonra düşünülmüş nikahlar mərhələsi başlayacaq, amma indiki dövr üçün qanunvericilikdə təkmilləşdirmələr və qadınların sosial müdafiəsi ilə bağlı proqramları artırmaq lazımdır”.

Mehriban Zeynalova xatırladıb ki, televiziyalarda sosial proqramlar var, ancaq problem qaldırılsa da, çıxış yolları göstərilmir, qadınların hara müraciət etmələri, sığınacaqlar barədə heç nə deyilmir:


"Əgər, bu, əhaliyə xidmətdirsə, çətin vəziyyətdə olan insanlara istiqamət verilmir”.

Jurnalist Jalə Mütəllimova da özünün feysbuk səhifəsində bu məsələyə toxunub və deputatın fikirlərini haqlı sayıb: 

"Aqiyə müəllimə, lap düppədüzünü deyib. Kasıblara filana da mesaj deyil. İctimai mesaj-təklifdir. Adamları haqsız yerə söydürmək böyük ədalətsizlikdir. Qadın sadəcə deyib ki, sarsaq kişilərə ərə getməyin. Keybaş arvadları almayın. Tutalım bir qələt eləyib getmisiniz, almısınız, bir uşaq əkib- doğun bəsinizdir. Gördünüz döyür, söyür, qanacaqsızdır, ailə adamı deyil, üç-beş uşağı dalbadal dünyaya gətirməyin. Dövlət siz ərə gedəndə, ya da evlənəndə normativ qoymur ki, bu qədər doğub-törəyib təhvil verin, biz saxlayaq. Özünüzü adam, insan, şəxsiyyət kimi yetişdirin, sonra ərə gedin, sonra evlənin, sonra uşaq dünyaya gətirin. Ailə olmağın eşqdən, sevgidən daha ciddi tərəfləri də var”.
Sosioloq- jurnalist Lalə Mehralı da deputatın sözlərinin qəribçiliyə salmamağı tövsiyyə edir: "Niyə gülürsünüz? Düz deyir! Mən fakt bilirəm onun dediyi halları, gözümün şahidi olmuşam. Yemək duzlu olub dediyinə görə qaynanaya stəkan atan gəlin tanıyıram mən, indi ata evində qardaş əlinə baxır. Qaynana gəlinin zivəyə asdığı paltarın sırasını bəyənməyib düzəldib deyə boşanıb ailə. 2 ayın gəlini ey! Qaynanasını döyən gəlinlər var, siz nə qoyub nə axtarırsınız?

Lap əzazildir, lap qaniçəndir qaynana, amma böyükdür. Millət vəkili tam da hədəfdən vurub! Ata-ananı dinləmir gənc qızlar, baba-nənə eşitmir. Hörmət-izzət nədir bilmirlər. Danışanda ağızlarından söz yerinə qatıq tökülür əksəriyyətinin. Oğlanlar da mələk deyil, düzdür. Ancaq qızlarımız faciəli həddədir.
Qızı olan iki dəfə artıq valideyn yükü çəkir - həm övlad tərbiyə edir, həm də gələcəyin ailəsinin sütununu. Ailənin yükü qadının çiynindədir çünki. Məhkəmədə işləyən bir tanışım var, ilahi nələr danışır. Deyir əvvəl dəli olurdum boşanma səbəblərini görəndə, indi adi gəlir. Bax beləcə adiləşir faciələr...”

Şəymən