"Birdən-birə orta təhsilin 12 ilə qaldırılması effektiv olmayacaq” - Açıqlama






"Orta təhsil müddətinin 12 ilə qaldırılması ilə bağlı birmənalı yanaşma yoxdur”.

Bunu "Sherg.az”a tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O təhsilin keyfiyyəti ilə seçilən ölkələrdə 12 illik təhsilə keçid mərhələsini diqqətə çatdırıb:

"Məsələn, Hollandiyada 4-cü sinfə kimi ibtidai təhsil hesab olunur. Bu zaman uşaqların differensiyasiya prosesi həyata keçirilir. Ən yaxşı şagirdlər bir məktəbdə, orta səviyyədə oxuyanlar başqa birində, nisbətən zəif olanlar isə tamam ayrı məktəbdə oxuyurlar. Bu proses 9-cu sinfə kimi davam edir. 4-cü 9-cu siniflərdə tədris proqramları, keçilən fənlər, standartlar belə fərqli olur. Bu zaman təhsil alan şagirdlər içərisində "qaymaqları” seçirlər və onların gələcəkdə ölkənin iqtisadiyyatında mühüm rolunun olmasını nəzərə alıb, ayrı-ayrı məktəblərdə oxudurlar. Həmin şagirdlər üçün orta təhsil 12-13 il təşkil edir. Yoxsa, bizdə təklif edilən kimi birdən-birə orta təhsilin 12 ilə qaldırılması effektiv olmayacaq”.

N.Qulamoğlu təklif edib ki, 500-700 bal toplayan qabiliyyətli şagirdlər 12 illik təhsilə cəlb edilsin:

"Onların bir il artıq oxuması biliklərinin daha da dərinləşməsinə imkan yaradacaq. Amma bütün şagirdlərin 12 illik təhsilə cəlb edilməsinin qəti şəkildə əleyhinəyəm”.

Qeyd edək ki, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova da müsahibəsində orta təhsilin 12 ilə qaldırılması məsələsini gündəmə gətirib. O xatırladıb ki, bir çox Qərb ölkələrində orta təhsil 12 il olsa da, Azərbaycanda bu sistemə hələ də keçilməyib:
"Halbuki, bu, "Təhsil haqqında qanun”da yer alıb. Əksər mütəxəssislərin fikrincə, 12 illik təhsil sisteminə keçidlə təmayülləşmə prosesi də tamamlanacaq”.

Aysel Aslan