Bir neçə aya onun gücü, komandası, gördüyü işlər görünəcək
Bitdi...
Paşinyan başa keçdi
Bir neçə aya onun gücü, komandası, gördüyü işlər görünəcək
Bir neçə aya onun gücü, komandası, gördüyü işlər görünəcək
"Ölkəsini uçurumdan qurtarmasa, elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”
Dünən Ermənistan parlamenti sonuncu cəhddə yeni baş nazirini seçdi. Həftələrdir ölkəni etirazlar məkanına çevirən müxalif lider, parlamentin "Yelk” fraksiyasının deputatı Nikol Paşinyan Ermənistanın baş naziri seçildi. Paşinyan 59 səs toplayaraq hökumət başçısı vəzifəsini ələ aldı. Yeni baş nazir 15 gün ərzində kabineti təqdim etməlidir.
Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistan vətəndaşlarına təşəkkür edib. Bildirib ki, daxili münasibətlərdə avtomatlar birdəfəlik susmalıdır: "Respublikada bizim tərəfdarlarımız və rəqiblərimiz üçün bir qanun hökm sürəcək. Heç bir iqtisadi monopoliya, heç bir seçicinin alınması olmayacaq. Siyasi və iqtisadi təqib dövrü sona çatıb”. Paşinyan Dağlıq Qarabağ məsələsinə də toxunub: "Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Qeyd edə bilirəm ki, danışıqlar Dağlıq Qarabağ rəhbərliyi təmsil olunmayana qədər effektiv hesab edilə bilməz”. Yeni baş nazir qondarma rejimin tanınacağını bildirib: "Mən "Qarabağ Respublikası”na dəstəyimi və sevgimi çatdırmaq istəyirəm. Əziz qarabağlılar, son 1,5 ay ərzində etiraz hərəkatları sizin üçün təhlükə deyil. Bu, Dağlıq Qarabağın haqlarının tanınmasına səbəb olacaq. Biz birlikdə vacib milli hədəflərə çatmaq məsələsinə əvvəllər heç bu qədər yaxın olmamışıq”.
Paşinyan: "Super baş nazir olmayacam”
Nikol Paşinyan bildirib ki, o, super baş nazir olmayacaq, sadəcə öz işini görməyə çalışacaq. Baş nazir seçki gününü erməni milləti üçün böyük bayram adlandırıb: "Bu gün siz qalib gəldiniz. Bir şeyi vurğulamaq istəyirəm. Qələbə mənim baş nazir seçilməyim deyil, qələbə baş nazirin kim olacağına sizin qərar verməyinizdir. Biz dostlarımızla gecəyə qədər gəzəcəyik, bu dəqiqdir”. Məlumat üçün deyək ki, Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan istefa verib.
Putin Paşinyanı təbrik edib
Rusiya Prezidenti Vladimir Putin yeni baş nazir Nikol Paşinyanı təbrik edib: "Ümid edirəm ki, hökumət başçısı kimi gələcək fəaliyyətinizdə dostluq, müttəfiqlik münasibətlərinin, Müstəqil Dövlət Birliyi, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsinə yönələcək”.
Paşinyan Rusiya və AB siyasətini açıqladı
Paşinyan çıxışı zamanı deyib ki, Ermənistan bundan sonra da Avrasiya İttifaqında qalmağa davam edəcək: "Çalışacağıq ki, Ermənistanın bu təşkilatdakı üzvlüyünü maksimal şəkildə effektiv edək. "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da qalmağa davam edəcək. Rusiya ilə müttəfiqlik münasibətlərinin inkişafı bizim hökumətin prioritetlərindən biri olacaq. Biz Rusiya ilə strateji əməkdaşlığa Ermənistanın təhlükəsizliyinin təminatında vacib faktor kimi baxırıq”. O, AB ilə Ermənistan arasında viza rejiminin ləğvinə çalışacağını da bildirib.
Kreml Paşinyanı seçilən kimi çağırdı - Cavab dərhal gəldi
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Kreml Ermənistanın Avrasiya İttifaqının may sammitində iştirakını gözləyir: "Ermənistan Avrasiya İttifaqında vacib tərəfdaşımızdır. Bu cür tədbirlərdə ikitərəfli görüşlər də keçirilir”. Peskov həmçinin Mixail Leontyevin Ermənistanla bağlı açıqlamasının Moskvanın rəsmi mövqeyi ilə heç bir əlaqəsinin olmadığını deyib. Paşinyan Kremlin çağırışına dərhal reaksiya verib və Avrasiya İttifaqının Soçidə keçiriləcək sammitində iştirak edəcəyini bildirib.
Paşinyan Sarkisyanı istefaya göndərəcəyini açıqladı
Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda formalaşdırılacaq yeni hökumətə kimlərin daxil olacağı artıq bəllidir. Bu barədə informasiyanı "İravunk” qəzeti yayıb. Paşinyanın Ekologiya naziri vəzifəsini öz partiyasından olan deputat Lene Nazaryana verəcəyi bildirilib: "Vətəndaş Müqaviləsi Partiyasından olan digər deputat Ararat Mirzoyan isə parlamentdə Paşinyanın sadiq nümayəndəsi kimi qalacaq. Müdafiə Nazirliyinə hazırkı Fövqəladə hallar naziri David Tonoyanın rəhbər gətiriləcəyi gözlənilir. Paşinyanın bu məsələdə ciddi dalanla üz-üzə qaldığı haqqında informasiyalar yayılır. Belə ki, Tonoyan Seyran Ohanyanın nazir olduğu dönəmdə nazir müavini olub və buna görə nə Müdafiə Nazirliyi, nə də ondan kənarda onu yaxşı sözlərlə xatırlayırlar. Baş nazirin müavini vəzifəsinə iş adamı Xaçatur Sukiasyanın gətirilməsi şayiələri yayılır”. Qeyd edək ki, müdafiə naziri Vigen Sarkisyan istefa ərizəsini yazıb. Onunla birgə müavinləri də istefa verəcəklərini açıqlayıblar.
Ermənistan prezidenti: "Mən Nikol Paşinyanla işləyəcəyəm...”
Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir kimi ilk dəfə Nikol Paşinyanı qəbul edib. Sarkisyan Paşinyanı hökumətin rəhbəri seçilməsi münasibətilə təbrik edib: "Hökuməti mümkün qədər tez formalaşdırmanızı və dövlətimizin, hakimiyyətin, xalqımızın və bütün ölkənin qarşısında duran vəzifələri həll etməyə başlamağınızı diləyirəm”. Görüşdən öncə prezident jurnalistlərə deyib ki, Paşinyan gənc və istedadlı insandır: "Gənclərin emosiyalarını, düşüncələrini və arzularını bacarıqla hiss və idarə edir. Lakin bu, yalnız bir keyfiyyətdir. Necə baş nazir olacağını isə zaman göstərəcək. Mənim rolum isə həyat təcrübəmi və bu həyatdakı prinsiplərimi nəzərə alaraq, arzu edərsə, ona məsləhət verməkdən ibarət olacaq. Əgər kimsə konstitusiyanı, yaxud qanunu pozmaq istəsə, önündə bir divar görəcək”.
"Paşinyanın manevr imkanları yoxdur”
Politoloq Elxan Şahinoğlu xatırladıb ki, Paşinyan parlamentdə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazır olduğunu deyib. Lakin bu azdır, rəsmi Bakı onu konstruktiv mövqeyə gətirməlidir: "Paşinyanın iki yolu var, sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa, keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin "mərhələli həll planı”nı qəbul etməlidir. Xələfləri kimi status-kvonun davamını istəyirsə, o zaman İrəvanda erməni gənclərinin cəsədlərini qarşılamağa hazır olmalıdır. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var. O ki qaldı baş nazir Paşinyanın daxili siyasətdə atacağı addımlara, onun geniş manevr imkanları yoxdur. Komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır. Belə kadrlar da kasıb Ermənistanda yoxdur. Ağası Rusiya isə daha müftə pul vermək istəmir. Paşinyan küçənin vasitəsi ilə hakimiyyətə gəlib. Ölkəsini uçurumdan qurtarmasa, elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.
İsmayıl