BNA - "Avtobusların 50 faizi yenilənməlidir" - Kart sisteminə tam keçidi gecikdirən səbəb

2013-cü ildən paytaxt Bakıda sərnişin avtobuslarında kartla ödəniş sisteminin tətbiqinə başlanılıb. Bu sistem bütün marşrut avtobuslarına şamil edilməsə də, Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın zamanlarda bütün avtobusların kart sisteminə keçəcəyi barədə məlumat yaydı. Sərnişinlərin istəyinə rəğmən paytaxtda və eləcə də regionlarda marşrut avtobuslarının kart sisteminə keçməsi artıq beş ildir ləngiyir.
Sözügedən ertələnmənin səbəbi barədə "Sherg.az”a danışan BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev burada həlli vacib məqamların olduğunu diqqətə çatdırıb. M. Ağayev deyir ki, ləngimələrin səbəbi avtobusların yenilənməsi ilə əlaqədardır:
"Hesab edirik ki, avtobuslar yeniləndikcə kart sisteminin tətbiqi daha da sürətlənəcək. Amma bu istiqamətdə ciddi işlər aparılır”.
Marşrut avtobuslarının nə zamana qədər tam yenilənəcəyinə gəlincə, M.Ağayev xatırladıb ki, son iki ildə müxtəlif marşrut xətləri üzrə BNA-nın tələbinə əsasən mindən artıq avtobus əsaslı təmir edilib:
"Amma hələ də mövcud avtobusların 50 faizinin yenilənməyə ehtiyacı var. Bunun üçün də yeni nəqliyyat vasitələrinin alınıb gətirilməsi planlaşdırılıb”.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov da kart sistemi ilə keçid tətbiq edilən marşrut avtobuslarındakı bəzi nöqsanların avtomatik aradan qaldırıldığını düşünür. Ekspert hesab edir ki, avtobusların kart sisteminə tam keçməsi üçün yenilənməsi vacibdir:
"Bəzi avtobusların qapılarının dar olması, minimum iki qapısının olması lazımdır. Köhnə avtobuslarda kart sistemi, müasir standartlar o qədər effektli olmur. Geniş avtobuslarda sərnişinlərin qabaq qapıdan avtobusa minib, arxadan düşməsi rahatlaşır.
Marşrutlar ayrı-ayrı sahibkarlara məxsus olduğu üçün onların yenilənməsinə də sahibkarlar cavabdehdir. Yeni avtobuslar alınmalıdır. Böyük marşrutlara dövlət tərəfindən güzəşt olundu, kreditləşmə aparıldı deyə, həmin şirkətlər avtobusları rahat yeniləyə bildilər. Nisbətən kiçik marşrut sahiblərinin isə buna imkanları çatmır, ölkəyə yeni avtobuslar gətirə bilmirlər. Dövlət isə bu sahəni özəlləşdirdiyinə görə, avtobus almır. 
BNA-nın marşrut sisteminə sadəcə nəzarət edir. Marşrut avtobuslarının yenilənməsi üçün müəyyən vaxt lazımdır. Amma həmin sahibkarlara şərait yaradılmalıdır ki, keyfiyyətli xidmət təklif edə bilsinlər.
Müxtəlif ölkələrdə böyük marşrutlar dövlət tərəfindən milliləşdirilir, avtobusları da dövlət alır. Bizdə isə hələlik belə məsələ gündəmdə deyil”.
Aysel Aslan