Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib.
"Sherg.az" xəbər verir ki, tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli, millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib.
Tədbirdə çıxış edən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin direktoru Nəcəf Quliyev bildirdi ki, yaranmasının 100-cü ilini böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edilir:
"Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. 20-ci əsrin sonlarında təkrar müstəqilliyini əldə edən Azərbaycan dövləti böyük uğurlara imza ataraq, dünya birliyində mühüm yer tutaraq etibarlı tərəfdaşa çevrilib və bir çox ölkələr üçün nümunədir”.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinin çox şərəfli səhifələrindən biri olduğunu xatırladan Milli Məclisin deputatı Aydın Mirzəzadə isə söylədi ki, cəmi 23 ay yaşasa da, bu müddət ərzində AXC çox böyük işlər görə bilib:
"AXC regionda inkişaf edən bir dövlət modeli ortaya qoydu, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox işlər gördü.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf modeli 23 ay yaşamış Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. O dövrdə başlanılan, amma başa çatdırılmayan böyük işləri isə Azərbaycan 2-ci dəfə müstəqilliyini əldə etdikdən sonra həyata keçirmək mümkün oldu. İndi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Regionda istənilən məsələ ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınır. Ötən əsrdə əsası qoyulan dövlətçilik ənənələrinə sadiq çıxan müasir Azərbaycan dövləti bu il ərzində bir daha bu şərəfli yolun yolçusu olduğunu dünyaya nümayiş etdirəcək”.

Daha sonra tədbir iştirakçıları ilə fikirlərini bölüşən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir:
"2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndiririk. Bu, dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır”.
Səsləndirilən fikirlərlə həmrəy olduğunu qeyd edən "Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı isə diqqəti Cümhuriyyət dövründə mətbuatda azadlıq ideyalarının formalaşmasına yönəltdi:"Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maariflənmə işi aparırdı”.
Aysel Aslan