“Böhran qrupunda Qarabağla əlaqəli informasiya var”

“Qərbin Ermənistanı danışıqlar masasına məcbur edəcəyi ehtimalı var”




Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Maqdalena Qrono Dağlıq Qarabağ münaqişəsinin region üçün ciddi təhlükə olduğunu deyib.

Ekspert bildirib ki, münaqişənin həllində diplomatik danışıqlarla yanaşı, münaqişə tərəflərinin biri-birinə yaxınlaşdırılması üçün digər danışıqlar formatlarından da istifadə oluna bilər. Ermənistanda baş vermiş son dəyişikliklərə toxunan M.Qrono qeyd edib ki, yeni hökumət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar üçün yeni imkanlar yaradır.

Politoloq Natiq Miri isə hesab edir ki, nəzəri də olsa, hər bir dəyişiklik yeni bir şans, yeni bir imkan deməkdir. BBQ Ermənistandakı dəyişikliyin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar üçün yeni imkanlar yarandığını proqnozlaşdırırsa, deməli, gələcəkdə Ermənistanın Rusiyanın orbitindən çıxma ehtimalını nəzərdə tutur. Görünür, Paşinyanın rəhbərlik etdiyi "məxməri inqilab”ın arxasında Qərb dünyasından gələn maliyyə dayandığına dair Böhran Qrupunda müəyyən informasiya var. Ermənistandakı yeni hökumətin gələcəkdə qərbə inteqrasiya xəttinə daha çox üstünlük verməsi Qərb dünyasının Ermənistan hökumətini Azərbaycanla danışıqlar masasına oturmağa sövq etməsi və münaqişəyə obyektiv yanaşmağa məcbur edəcəyi ehtimalını ortaya çıxarır. İndiki reallıqda bu bir o qədər real görünməsə də, BBQ ekspertinin bəyanatı buna işarədir.

Ermənistanın dövlət büdcəsinin boş olduğunu vurğulayan politoloq deyib ki, inqilabla hakimiyyəti ələ keçirən hökumət ən azından aylardır maaşını, əməkhaqqını ala bilməyən vətəndaşların borcunu qaytarmalıdır. 

Bu isə Paşinyan hökumətində təcili "maliyyə yastıqları” axtarışına sövq edir. Həmin yardımı da son illər iqtisadi sanksiyalarla üzləşən Rusiya edə bilməz. Paşinyan ancaq Qərb dünyasına əl aça bilər. Ermənistan üçün maliyyə yastığı rolunu oynayan Qərb hansı havanı çalsa, Paşinyan da həmin mahnıya oynamalıdır: "Fikrimcə, BBQ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar üçün yeni imkanlardan söz açarkən bu amilləri nəzərdə tutub. Bütün bunlar fonunda biz erməni faktorunu unutmamalıyıq. Paşinyan hər nə qədər Sarkisyanı devirib hakimiyyəti ələ keçirsə də, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə onun fərqli mövqe sərgiləməyəcəyi bəllidir. Ermənistanın yeni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli yanaşma nümayiş etdirmir. Qərb maliyyə rıçaqlarından istifadə etməsə, yeni hökumətin münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda mövqeyinin dəyişəcəyini güman etmirəm”.

Şəymən