Bu günlərdə ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfər etdi, müxtəlif bəyanatlar səsləndirdi. Maraqlı məqam ondan ibarətdir ki, səfərin yekunları ilə bağlı açıqlamalarında Bolton daha çox Azərbaycanın adını çəkdi, öz Tvitter hesabında da Azərbaycana və Azərbaycan preizdenti İlham Əliyevə xüsusi təşəkkür etdi.
Keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Con Bolton Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğuladı. Xüsusən də Amerika rəsmisi Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırdı.
Bolton Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə etdi. O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu dedi.
C.Boltonun Bakı səfərini və səfər çərçivəsində Azərbaycanla bağlı səsləndirdiyi fikirləri müsbət dəyərləndirən politoloq, professor Cümşüd Nuriyev "Sherg.az"a söyləyib ki, ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri ağıllı və peşəkar siyasətçidir: "Onun Azərbaycana səfəri ölkəmizə müsbət dividentlər vəd edir. Müşavirin səfərindən sonra Azərbaycanla ABŞ arasındakı münasibətlər daha da inkişaf edə bilər. ABŞ həm supergücdür, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. İndiyə qədər Azərbaycan- ABŞ münasibətlərində həqiqətən də ciddi bir problem olmayıb, bu gün də yoxdur. Azərbaycan ABŞ-la münasibətlərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. İndi ABŞ da öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, daha yaxşı olar.
Boltonun Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə etməsi təsadüfi deyil.
Bolton şahidi olduğu həqiqətləri bəyan edib. Azərbaycan prezidenti Azərbaycan dövlətinin maraqları çərçivəsində ABŞ-Azərbaycan münasibətlərini kifayət qədər yüksək səviyyədə saxlayıb, saxlayır da və saxlayacaq da.
ABŞ-la Azərbaycan strateji tərəfdaşdır. Bolton çox gözəl bilir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rola malikdir. Bu rol gələcəkdə daha da artacaq. Bundan başqa ABŞ-ın Yaxın Şərq siyasəti var. ABŞ-ın ən yaxın strateji tərəfdaşı olan İsraillə Azərbaycanın münasibətləri çox yaxşıdır. Bu mənada düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək".
Ayyət Əhməd