"ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu "Sherg.az”a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
ABŞ-Azərbaycan əlaqələrinin inkişafından və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ölkəmizə səfərindən danışan ekspert bəyan edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Onun sözlərinə görə, münasibətlərimiz təhlükəsizliyə dəstək kontekstində ən yüksək səviyyəyə gəlib çatıb. Xüsusən də Əfqanıstana dəstək məsələsində Azərbaycan ABŞ ilə sıx əməkdaşlıq edir:
"Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə enerji sektorunun oynadığı rolun nə dərəcə əhəmiyyətli olduğuna dair fikir bildirdi. Bəyan etdi ki, ABŞ Azərbaycanın enerji təhlükəsizliyi siyasətini dəstəkləyir. Buna görə də Avropanın ən böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizinin reallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının dəstəyi çox böyük rol oynayıb. Həmçinin, Con Bolton Prezident İlham Əliyevlə görüşündə Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini bildirməklə Bakının ABŞ üçün önəmini bir daha vurğuladı. Bolton xüsusilə qeyd etdi ki, Azərbaycanın ən ağrılı problemi məhz Dağlıq Qarabağ münaqişəsidir və ABŞ bunun fərqindədir. Vaşinqton münaqişənin həlli ilə bağlı səylərtini artırmaq niyyətindədir. Şübhəsiz ki, Con Bolton ölkəsinə qayıdandan sonra Azərbaycan həqiqətlərini, Azərbaycanın regionda oynadığı yeri və rolu, eyni zamanda üzləşdiyi əlavə problemin mahiyyəti haqqında ABŞ prezidenti Trumpa lazımi məlumatlar verəcək. Bu səbəbdən də səfərin çox böyük siyasi və geostrateji əhəmiyyəti var. Bir sözlə, bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanda səsləndirilən bəyanatlardan fərqli olaraq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistan-ABŞ münasibətlərindən bəhs edərkən "strateji tərəfdaş" terminindən istifadə etmədi:
"Bu bir daha onu göstərir ki, ABŞ üçün ən mühüm regional ölkə Azərbaycandır. Çünki neft və enerji strategiyasında, həm də ABŞ-a Əfqanıstan strategiyasında ciddi dəstək verən ölkə Azərbaycandır. Bu baxımdan Azərbaycan hər zaman ABŞ üçün regionda "strateji tərəfdaş" olaraq önəmini qoruyub saxlayacaqdır. Digər tərədəfdən, hesab edirəm ki, Suriyaya göndərilən kontingentin rəsmi İrəvan tərəfindən yalnız humanitar olması barədə iddialarından asılı olmayaraq, bu, Ermənistan-ABŞ münasibətlərində ciddi problem yaradıb.
Ermənistanda çıxış edən Con Bolton, Ermənistana xarici təzyiqi zəiflətmək üçün ən yaxşı yolu Qarabağ münaqişəsinin həllini və tərəflərin birlikdə işləməklə, birgə həll yolu tapmalı olduğunu bəyan edib. Müşahidələrə əsasən onu deyə bilərik ki, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ABŞ tərəfinin mövqeyinə tamamilə uyğundur. Ermənistandakı daxili siyasi vəziyyətə və bununla əlaqədar ABŞ rəhbərliyinin mövqeyinə gəlincə isə hələ də tam olaraq ABŞ yeni Ermənistan hakimiyyətinə və Nikol Paşinyana etibar etmir.
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərinin yaxın gələcəkdə planlaşdırılmasına gəldikdə isə, buna rəsmi Bakının ABŞ-la "strateji tərəfdaşlığı" kontekstində baxıldığını və səfər zamanı yeni əməkdaşlıq sənədlərinin imzalanacağını qeyd etmək olar”.
İsmayıl