Dövlət büdcəsinin gəlirlərinin getdikcə daha çox neftdən kənar mənbələr hesabına təmin olunması tələb edilir
“Borc almasan, inkişaf etmək mümkün deyil”
Pərviz Heydərov: “Neftin baza qiymətinin 40 dollardan aşağı düşməsi iqtisadiyyatımız üçün təhlükəlidir”
Dövlət büdcəsinin gəlirlərinin getdikcə daha çox neftdən kənar mənbələr hesabına təmin olunması tələb edilir
Dövlət büdcəsinin gəlirlərinin getdikcə daha çox neftdən kənar mənbələr hesabına təmin olunması tələb edilir
2018-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatdı. Parlamentin plenar iclasında əsasən sosial-iqtisadi məsələlər gündəmə daşındı və gələn ilin büdcəsinin sosialyönümlü olacağı vurğulandı. Həmçinin, bildirildi ki, 2018-ci ilin büdcəsində 1 barel neftin qiyməti 45 dollardan götürülüb. Təklifi hazırlayan komitədən bildirdilər ki, bu rəqəm daha çox və ya daha az ola bilərdi.
Lakin birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşərdi. Müzakirələrdə xarici borclanmanın qaçılmaz olduğu da söylənilib. Deputatlar Azərbaycanın dünyada ən az xarici borcu olan ölkə olduğunu desələr də, borclanmanın iqtisadi inkişafa təkan verəcəyini vurğulayıblar.
Parlamentdə müzakirə olunan iqtisadi və sosial məsələlərlə bağlı "Şərq”in suallarını iqtisadçı-ekspert Pərviz Heydərov cavablandırıb. İqtisadçı maraqlı məqamlara toxunub...
- Gələn il üçün neftin bir barelinin 45 dollar təyin edilməsi və bununla bağlı verilən proqnozları necə dəyərləndirirsiz?
- 45 dollar optimal rəqəmdir. Ümumiyyətlə, ölkəmiz üçün neftin dünya bazar qiymətlərinin döşəmə həddi 40 dollar hesab olunur. Qiymətin bundan aşağı düşməsi iqtisadiyyatımız üçün təhlükəlidir. Odur ki, getdikcə neft amilindən asılılığımızı zəiflətməliyik. Gələn il üçün büdcə layihəsində təəssüfləndirici yeganə məqam Neft Fondundan transfertin artırılmasıdır. 9,2 milyard manat böyük rəqəmdir. Başa çatmaqda olan bu ilin dövlət büdcəsində bu rəqəm bundan az idi. 2017-ci il ərzində həmin rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı nəzərdə tutulurdu. O ki qaldı 45 dollara, bu, 2017-ci ildəki analoji qiymətdən 12,5 faiz və ya 5 dollar çoxdur. Buna səbəb kimi gələn il dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılmasıdır. Ancaq tam zəmanət sözsüz ki, yoxdur. Çünki neftin dünya bazar qiymətinin növbəti illər ərzində daha çox məhz siyasi proseslərin təsiri altında olacağı gözlənilir.
- 2019-cu il üçün neftin bir barelinin qiymətinin 40 dollardan götürülməsi nəzərdə tutulur. Bununla bağlı düşüncəniz nədir?
- Neftin dünya bazar qiymətlərinin yaxın və orta perspektivdə 60 dollardan çox bahalaşmayacağı gözlənilir. Ümumiyyətlə, neftin nə vaxtsa bir də 100 dollar ətrafında olacağı proqnozlaşdırılmır. Odur ki, növbəti illərin dövlət büdcəsi layihələrində neftin baza qiymətinin 50 dollardan aşağı götürülməsi labüddür.
- 2018-ci ilin dövlət büdcəsinin sosialyönümlü olacağı deyilir. Xərclərin 33.5 faizinin sosial sahəyə ayrılmasını necə şərh edirsiz?
- Növbəti ildə ölkədə büdcə təşkilatlarında çalışanların maaşı, həmçinin, pensiyalar artırılacaq. Bununla yanaşı əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq ödənclərin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri ad sahiblərinin təqaüdlərinin, fərdi təqaüdlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, müsbət haldır.
- Komitə sədri Z.Səmədzadə xarici borclanmanın qaçılmaz olduğun söyləyib. O, Azərbaycanın dünyada ən az xarici borcu olan ölkə olduğunu desə də, borclanmanın iqtisadi inkişafa təkan verəcəyini vurğulayıb. Xarici borclanmanın müsbət və mənfi tərəfləri nələrdir?
- Gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 milyard 362 milyon manat kreditlər hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək. 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur. Bunun da 72 faizini Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarşısındakı öhdəliklərin icrasına yönəldilmiş xərclər təşkil edəcək. Borc almasan, inkişaf etmək mümkün deyil.
- Maliyyə naziri Samir Şərifov gələn ildən tütün məmulatlarına və alkoqollu içkilərə görə aksiz dərəcələrinin iki dəfə artırılacağını deyib. Bu addım hansı zərurətdən irəli gəlir?
- Dövlət büdcəsinin gəlirlərinin getdikcə daha çox neftdən kənar mənbələr hesabına təmin olunması tələb edilir. Bunun üçün də qeyri-neft sektorunun inkişafı vacib sayılır. Bu mənada, gələn ildən tütün məmulatlarının və alkoqollu içkilərə görə aksiz dərəcələrinin iki dəfə artırılacağı həm büdcəni doldurmaq, həm də bu sahədə bazarı tənzimləmək məqsədi daşıyır.
- Sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın birrəqəmli olması proqnozlaşdırılıb. Bununla bağlı fikirləriniz nədir?
- Ölkədə inflyasiyanın səviyyəsi ümumən sabit qalsa da, rəqəmlər hələ ki tempin azalmaq istəyində olmadığını nümayiş etdirir. Belə ki, 2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,7, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6, qeyri-ərzaq mallarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6 faiz artıb. Statistika Komitəsinin məlumatına görə, oktyabr ayı ərzində sentyabra nisbətən istehlak məhsulları ilə xidmətlərin qiymətləri 1,1, ərzaq məhsulları 2,3, qeyri-ərzaq 0,3, əhaliyə göstərilən pullu xidmətlər isə 0,2 faiz səviyyəsində artım nümayiş etdirib. Göründüyü kimi, temp aşağı düşmür. Bunda ən çox ərzaq məhsulları böyük rol oynayır. Hökumətin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya səviyyəsi 13,2 faiz təşkil edəcək. 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən isə 2018-ci ildə orta illik inflyasiya 6,1, 2019, 2020 və 2021-ci illərdə isə bu göstərici müvafiq olaraq 4,3 və 3,1 faiz olacaq. İnflyasiyanın birrəqəmli həddə endirilməsinin ən başlıca yolu idxal inflyasiyanın qarşısının alınmasıdır.
İsmayıl