Borc pul: Azərbaycan sərhədi yaxınlığında atışma, ölənlər var





Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib. Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.
Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.
Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb borc pul olub. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.
"Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, - deyə mənbə bildirib.
Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.