Böyük rayonun böyük uğurları...

“Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”



Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm islahatlar başladı. 1993-cü ildən ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan Respublikası demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləyir. Elə bu illərdən başlayaraq, ölkənin bütün regionlarında sosial-iqtisadi inkişafa qayğı göstərilir, qeyri-neft sektoruna mühüm diqqət yetirilir. Məhz ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəni davam etdirən Prezident İlham Əliyev də bu gün paytaxt və regionların inkişafını diqqət mərkəzində saxlayır.

Qaradağ rayonu hər zaman seçilir

Bakı şəhərinin sosial-iqtisadi yüksəlişində 12 rayonun hər birinin öz payı, yeri var. Sosial-iqtisadi inkişafına görə isə xüsusilə diqqət mərkəzində olan Qaradağ rayonunun adı hər zaman ön sıralarda çəkilir.

Xəzər dənizinin sahilində yerləşən, təbii sərvətlərlə zəngin olan Qaradağ rayonunun inzibati ərazi vahidi kimi yaradılmasından 95 il ötür. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir, mərkəzi isə şəhər tipli Lökbatan qəsəbəsidir. Rayonun ərazisi 1080 kv. km və əhalisi 123614 nəfərdir.

Azərbaycanın iqtisadi xəritəsində özünəməxsus yeri olan Qaradağ rayonunda böyük sənaye müəssisələri yerləşir. Rayonun mövcud sənaye potensialı, ölkənin neft-qaz sektorunda və sürətlə təşəkkül tapan yeni nəqliyyat infrastrukturunda aparıcı rolu Qaradağı təkcə paytaxtın deyil, bütövlükdə Azərbaycanın diqqəti mərkəzinə gətirir. Adi gözlə, xəritəyə baxaraq da təxmin etmək mümkündür ki, rayonun özünəməxsus üstünlükləri nəzərə çarpır. Qaradağ rayonunun ərazisi paytaxtın ümumi ərazisinin təxminən yarısı qədərdir. Ərazisi Xəzər sahili boyunca 106 km uzanan, Şirvan şəhəri, Şamaxı, Salyan, Hacıqabul, Abşeron rayonları, habelə Bakının Binəqədi, Yasamal, Səbail rayonları ilə inzibati sərhədi olan Qaradağ coğrafi parametrləri ilə respublikanın bir çox kənd rayonlarını belə üstələyir.

Rayonun inkişafını, iqtisadi üstünlüklərini statistik rəqəmlər də təsdiqləyir

"2013-2018-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” rayonda uğurla həyata keçirilir. Qaradağın bugünkü yüksəlişinin təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.
2017-ci ilin son ayları ərzində görülən işlərin yekunu olaraq rayonda böyük nəticələr əldə olunub.
Sənaye sahəsində 2017-ci ilin yanvar-sentyabr aylarında 685 mln. 503 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 42,2 faiz təşkil edib.
On bir qəsəbənin daxil olduğu Qaradağın sürətli inkişafına geniş imkanlar açan amillərdən biri də bu rayonun respublikanın əsas nəqliyyat arteriyası üzərində bərqərar olmasıdır. Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının bu rayonda inşası isə rayonu, sözün həqiqi mənasında, nəqliyyat-loqistika mərkəzinə çevirib. Təbii olaraq, bu infrastrukturların tam gücü ilə işləməsinin zamana ehtiyacı var. Buna rəğmən cari ilin üçüncü rübünün yekunlarına görə, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manata çatıb.

Rayonun sosial-məişət infrastrukturu da yenidən qurulur

Azərbaycan Prezidentinin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanan və artıq uğurla həyata keçirilən 2006-2007-ci və 2011-2013-cü illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı Qaradağın inkişafına da öz töhfəsini verib. Dövlətimizin başçısı çıxışlarında bu proqramların reallaşmasında Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayaraq, bunu kompleks şəkildə həyata keçirməyi vacib hesab edir. Yəni tək Bakı deyil, ətraf rayon və qəsəbələr də bu məqsədlərə uyğun inkişaf etdirilməlidir. Məsələn, irəli sürülən layihələrdə paytaxtın əsas sənaye müəssisələrini Qaradağ rayonuna köçürülməklə, buranın sosial-iqtisadi mənzərəsinin, ümumi görkəminin, əhalisinin yaşayış səviyyəsinin də ən müasir standartlara cavab verməsi vəzifə olaraq qarşıya qoyulur. Bu baxımdan iki Dövlət Proqramının əhatə etdiyi dövrdə elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi, qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması istiqamətində Qaradağ rayonunda həyata keçirilən işlər bu gün, həqiqətən, qürur doğurur.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda xüsusi iqtisadi zonalara dəstək tədbirləri öz əksini tapıb. Prezident İlham Əliyev də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli mühüm Sərəncam imzalayıb. Şübhəsiz ki, xüsusi iqtisadi zonanın yaradılması gələcəkdə əlavə dəyər yaradan istehsal və xidmət sahələrinin, həmçinin minlərlə yeni iş yerinin yaradılmasına öz töhfəsini verəcək.

Prezident təkcə ötən il ərzində rayona üç dəfə səfər edib

Ölkə başçısı səfərləri çərçivəsində SOCAR-ın "Caspian Driling” Şirkətinin dəniz təchizat və loqistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda "Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən "Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib.
Qaradağ rayonu kifayət qədər əlverişli strateji coğrafi mövqedə yerləşir. Xəzər dənizinin sahili boyunca şimaldan cənuba doğru 106 kilometr məsafədə uzanması bunu şərtləndirən əsas amillərdəndir. Bu gün sahibkarlığın inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarların fəaliyyətinə mane olan müdaxilələrin qarşısını almaq məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətində yaradılmış Apelyasiya Şurası qanunvericiliyin tələbləri əsasında fəaliyyətini davam etdirir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Qaradağ rayonunda müasir sənaye və xidmət sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində layihələr icra edilərək yeni istehsal və xidmət müəssisələri yaradılıb.

Sənaye, səhiyyə,
təhsil sahəsində də
inkişaf tempi yüksəkdir

Sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil edib.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində hazırda rayonun Qobustan qəsəbəsində 60 çarpayılıq 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında poliklinika, stasionar, təcili yardım və doğum şöbələrinin, Qızıldaş qəsəbəsində 350 yerlik Mədəniyyət Evinin tikintisi, Puta, Ələt, Sanqaçal və Qobustan qəsəbələrində isə idman komplekslərinin tikintisi davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində 120, Ümid qəsəbəsində isə 100 yerlik uşaq bağçalarının tikintisi aparılır.
Qaradağ rayonunda təhsil və səhiyyə sahələrinin inkişafına da xüsusi diqqət yetirilir. Xüsusən son doqquz ay ərzində rayonda yeni-yeni təhsil, səhiyyə və mədəniyyət müəssisələri inşa edilərək sakinlərin istifadəsinə verilib. Belə ki, Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 uşaq bağçası üçün yeni bina, 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib. Eyni zamanda 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun 3 qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanılıb. Ümumilikdə isə rayonda 25 orta məktəb, 4 lisey və peşə məktəbi, 3 musiqi məktəbi - 3, 1 xüsusi internat məktəbi fəaliyyət göstərir. Uşaq bağçaları və körpələr evinin sayı isə 22-ə çatıb.
Adıçəkilən rayonda aztəminatlı ailələrdən olan məktəbli uşaqlara da vaxtaşırı yardımlar edilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayondakı imkansız, maddi durumu ağır olan ailələrin orta məktəblərdə təhsil alan 200 nəfərdən çox uşaqları yeni məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə təmin olunub. Eləcə də İcra Hakimiyyəti rayonun əlil sakinlərindən heç vaxt zəruri qayğısını əsirgəmir. Rayonda yaşayan əlil sakinlərlə görüşlər keçirilir və həmin vətəndaşlara ərzaq yardımı paylanır.

Qaradağ rayonu strateji mövqeyi və obyektləri ilə seçilən rayondur

Bu isə rayonu xarici tərəfdaşlar üçün daha da cəlbedici edir. Rayon Rusiya Federasiyasının Volqoqrad, Ukrayna Kiyev Vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri ilə qardaşlaşıb, Çin Xalq Respublikasının Çunçinq şəhərinin Çuzulunpo, Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə, həmçinin Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu ilə "Dostluq və Əməkdaşlıq” haqqında Memorandum imzalayıb. 2012-ci ildən Latviyanın Preyli diyar bələdiyyəsi ilə Azərbaycanın Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşmış bələdiyyələrdir. Rayonun xarici əlaqələri həm ölkəmizin, həm də Qaradağ rayonunun təbliği, turist və investisiya cəlbi baxımından böyük əhəmiyyət kəsb edir.

Aysel Aslan

Yazı Qaradağ Rayon İcra
Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür