Ola bilsin ki, professorun ermənilərlə qan bağlılığı var
Artıq bir neçə gündür ki, Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun Azərbaycan bayrağının endirilməsi ilə bağlı qərarı ölkənin gündəmindən düşmək bilmir. Professorun bayrağımızın endirilməsinə səbəb kimi Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olduğunu qeyd etməsi ictimaiyyətin daha sərt reaksiya verməsi ilə nəticələnib.
Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.
Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin ülküçü gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar.
Baş verənlərlə bağlı "Şərq”ə danışan millət vəkili Fazil Mustafa professorun belə bir addım atmasının müxtəlif səbəbləri olduğunu deyib:
"Ola bilər ki, professorun bu yanaşması onun irsi olaraq erməni qan bağlılığı ilə əlaqədardır. Bunları dəqiq bilmədiyimə görə kiminsə haqqına girə bilmərəm. Amma bu, böyük bir yanlışdır. Çünki Türkiyənin Ermənistanda bayrağını qaldırmaq deyə bir missiya olsaydı, Ermənistanda səfirliyini açardı. Türkiyə bu məsələdə Azərbaycana birmənalı dəstək verir. Ermənistan isə "Arağat” adı ilə Ağrı dağ ətrafını öz ərazisi hesab edir və Türkiyənin 6 vilayətinə torpaq iddiasındadır. Ona görə də bu məsələdə Ermənistan bayrağının qaldırılması Türkiyənin maraqlarına ziddir.
Professorun hərəkəti anormallıqdır, bu adam hələ anlamır ki, Türkiyəyə ərazi iddiası edən bir ölkənin bayrağı dalğalanmaz.
Məsələnin mahiyyəti budur. Hesab edirəm ki, bu məsələdə ictimai rəy haqlı olaraq etirazını bildirir. Yəqin ki, bərpa olunacaq bir anormallığa görə, ölkənin ümumi strateji siyasəti bu dərəcədə zədələnə bilməz”.
Yeganə Bayramova