"Ölkə başçısının müvafiq sərəncamları ilə sadəcə dövlət sektorunda fəaliyyət göstərən şəxslərin maaşları artırılır”.
Bunu "Sherg.az”a iqtisadçı - ekspert Rəşad Həsənov deyib.
O qeyd edib ki, hər hansı formada dövlətdən müavinət, sosial yardım alan qruplar da bundan yararlanır:

"Onlar üçün müəyyənləşdirilmiş müavinətin həcmində də müvafiq sərəncamlara uyğun artım göstərildi. Hər iki qrup üçün müəyyən olunan artımlar 10 faiz civarındadır. 2017-ci ildə Azərbaycanda inflyasiya 13 faiz olub. Nəzərə almaq lazımdır ki, həm dövlət sektorunda muzdla çalışanlar, həm də müavinət alan şəxslər ərzaq istehlakçısı hesab olunur. Hazırkı sosial şərait bu insanların digər istiqamətlərdə xərcləmələr etməsini məhdudlaşdırır.
Ərzaq sektorunda 2017-ci ildə 17 faiz inflyasiya olub. Əvvəlki illərlə müqayisə etdikdə görürük ki, inflyasiyanın həddi artımların miqdarını qabaqlayır”.
R.Həsənov onu da əlavə edib ki, ölkədə keçiriləcək prezident seçkilərindən əvvəl artımlar haqqında sərəncamların imzalanacağını proqnozlaşdırılırdı:
"Bu 2016-2017-ci illərdə əhalinin gəlirlərinin dəyərsizləşməsini, xərclərin çoxalmasını müəyyən qədər kompensasiya edəcək. Amma sözügedən artımlarla əhalinin itkilərini tam qarşılamaq mümkün deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyev səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən bu qurumlarda işləyən şəxslərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.
Aysel Aslan